НОВОСТИ Архив 2344 Çap et
26.08.2020 / Новые публикации Xalqımızın inkişafı naminə Mehriban Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti

“Mən dünyanı dəyişmək niyyətində deyiləm, mənim üçün özümü dəyişmək maraqlıdır – daha yaxşı olmaq. Bu, məncə daha faydalı işdir”.

Mehriban Əliyeva

Azərbaycan milli tarixində qadınlarımızın, xanımlarımızın müstəsna yeri vardır. Əgər milli tariximizin son 1000 ilinə nəzərə salsaq, böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində hökmdar Nüşabəni və Afaqı, Azərbaycan Atabəylər Eldənizlər dövlətinin banisi Şəmsəddin İldənizin yanında müdrik, uzaqgörən, sadiq xanım ananı və cəsarətli dövlət xadimi Möminə Xatunu, qüdrətli Azərbaycan Atabəylər dövlətinin hökmdarı Uzun Həsənin yanında anası Sara Xatunu, Bütöv Azərbaycan Səfəvilər Dövlətinin qurucusu I Şah İsmayıl Xətainin yanında Taclı bəyimi, Məhəmməd Həsən Qacarın yanında gözəl və cəsur, Ağa Məhəmməd Şah Qacarı dünyaya gətirən Ceyran xanımı, Çar Rusiyasının işğalçı generalı P.D.Sisyanovun sifətinə pul kisəsi çırpan Bəyim xanımı görürük.

Şimali Azərbaycan XIX əsrin I yarısında Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra da Azərbaycan qadınları milli-azadlıq mübarizəsi dövrlərinin bütün mərhələlərində həmişə həyat yoldaşlarının sadiq silahdaşları olduqlarını nümayiş etdirmişlər. Biz, XIX əsrin II yarısında Azərbaycan milli-azadlıq hərəkatının tanınmış nümayəndələri olan C.Məmmədquluzadənin yanında Həmidə xanımı, Əlimərdan bəy Topçubaşovun yanında Məleykə xanımı, H.Z.Tağıyevin yanında Sona xanımı, N.Nərimanovun yanında Gülsüm xanımı, Hüseyn Cavidin yanında Müşkünaz xanımı görürük. Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin ömür gün yoldaşı, akademik Zərifə xanım Əliyevanın həyat yolunu xatırlamaq kifayətdir. Bu gün bu milli ənənənin davamçısı Mehriban xanım Əliyevadır.

Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir. Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadimi, anası Aida İmanquliyeva görkəmli şərqşünas-alim, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor-qadındır.

Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirmiş, 1988-ci ildə həmin İnstitutu fərqlənmə diplomu ilə bitirmişdir. Mehriban xanım təhsilini başa vurduqdan sonra, 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda fəaliyyət göstərmişdir. 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi üzərinə böyük məsuliyyət götürərək, problemlərin dərinlyini dərk edərək, diqqətdən kənar sahələri inkişaf etdirərək onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verdi. Yüksək yaradıcılıq və təşkilatçılıq qabiliyyəti sayəsində Mehriban xanım fəaliyyətinin mühüm sahəsini nümayiş etdirərək xalqımızın mədəniyyətini dünya ictimaiyyətinə tanıtmaq naminə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmışdır. Ölkənin birinci xanımının indiyədək rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu Azərbaycan xalqının mədəni dəyərlərinin dünya mədəniyyətinə inteqrasiya olunması, yeni beynəlxalq əlaqələrin yaradılması baxımından həyata keçirdiyi ideyalarını özündə cəmləşdirir. Artıq Fond faydalı tədbirlərin sosial institutuna çevrilmiş, beynəlxalq səviyyəli tədbirlər – festivallar, konsertlər, sərgilər təşkil etməklə əslində mədəniyyətimizin mükəmməl təbliğatçısı olmuşdur. Xalq musiqisinin, bənzərsiz muğamlarımızın, poeziyamızın inkişafında əvəzsiz xidmətləri olan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “İpək yolunun musiqisi” festivalı, muğam dəstgahları, Yaponiya mədəniyyət günləri kimi tədbirlərin təşkil olunması dünyanın tanınmış mütəxəssisləri tərəfindən təqdirəlayiq hadisə kimi qiymətləndirilmişdir.

Təhsilin inkişafı sahəsində Mehriban xanımın vətənpərvərlik xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri ilə yüzlərlə orta məktəb binası tikilmişdir. Həmin məktəblər müasir-texniki avadanlıqlarla, kompüterlərlə, idman qurğuları ilə təchiz edilib. Belə möhtəşəm layihələr hətta ən ucqar dağ kəndlərində gerçəkləşdirilir. Qax, Zaqatala və Balakən bölgələrində yaşayan gürcü dilli inqiloylar üçün Təhsilə dəstək proqramı çərçivəsində tikilən yeni məktəblər tədris ləvazimatları və dərsliklərlə təmin olundu. Bakıda yəhudi uşaqları üçün Xabad-Or-Avner təhsil mərkəzinin təməli qoyuldu.

"Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində keçirilən monitorinqlərin nəticəsi olaraq respublikanın bütün regionlarında əhalinin xidmətində olan uşaq tərbiyə müəssisələrində təxirəsalınmaz problemlərin həllinə yönələn dörd əsas istiqamət - texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet təşkil etmişdir. Bu müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğu müəyyənləşdirilmişdir. Respublikada 29 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, əlavə yardımçı binalar inşa olunmuş, yaşayış üçün rahat kommunal şərait yaradılmış və təzə avadanlıqla komplektləşdirilmişdir. Daha sonra ölkəmizin on ucqar kənd yerləri daxil olmaqla, müasir kompüterlər təchiz edilməklə 180 məktəb binası tikilib istifadəyə verilmişdir. Onun təşəbbüsü ilə Mərdəkan, Binə, Şüvəlan, Türkan, Zirə və sairə qəsəbələrdə geniş tikinti abadlıq işləri həyata keçirilmişdir. Küçələr qaydaya salınmış, bir sıra yerlərə içməli su xətləri çəkilmiş, elektrik enerjisi şəbəkəsi bərpa və təmir olunmuşdur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2006-cı ilin martın 29-da növbəti humanitar aksiya keçirilmişdir. Fondun 2004-cü ildən başlayaraq həyata keçirdiyi "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində Respublika Endokrinologiya, Diabet və Metabolizm Mərkəzində şəkərli diabet xəstəliyi ilə qeydə alınmış azyaşlılara dünyada yüksək keyfiyyətli insulin istehsalçısı kimi tanınan Danimarkanın "Novo Nordisk" şirkətinin istehsal etdiyi preparatlar və onu ağrısız, dəqiq qəbul etməyə imkan verən inyeksiya iynələri paylanılır və bu iş indi də müntəzəm davam edir. Bununla yanaşı, Mehriban xanımın təşəbbüsü ilə Azərbaycanda talassemiyalı xəstələr üçün Mərkəz inşa edilib. Burada talassemiyanı istər elmi, istərsə də praktiki cəhətdən öyrənmək üçün hər cür şərait yaradılıb.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyac duyan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülmüşdür.

Azərbaycan Mədəniyyətinin Dostları və Heydər Əliyev fondlarının xətti ilə sənəti və mədəniyyəti himayə edən Mehriban xanım Əliyeva çağdaş Azərbaycandan əski çağlara cığır açdı. O, Respublika Prezidenti İlham Əliyevin və YUNESKO-nun baş katibi Koişiro Matsuuranın iştirakı ilə Dənizkənarı Milli Parkda Muğam Mərkəzinin təməlini qoydu. Muğamın inkişafı və təbliği istiqamətində atılan bu möhtəşəm addım Azərbaycan muğamları layihəsi çərçivəsində həyata keçirildi. Bu layihə əsasında işıq üzü görən Qarabağ xanəndələri albomu ölməz muğam ifaçılarını yenidən dünyanın musiqi ictimaiyyətinə təqdim edildi. Muğam - Dəsgah layihəsi çərçivəsində muğam dəsgahları birbaşa konsertlərdən lentə yazıldı. Mehriban xanım Muğam Ensiklopediyası layihəsinin də gerçəkləşdirilməsinin, onun elektron variantının hazırlanmasının böyük təşəbbüskarı olub.

Maddi mədəniyyət abidələrinin qorunması və bərpası işində Mehriban Əliyevanın şəxsi təşəbbüsləri əvəzsiz vətənpərvərlik nümunəsidir. Məsələn, Cavad xanın məqbərəsinin inşası. Fondun dəstəyi ilə Gəncənin sonuncu xanı Cavad xanın qəbri üzərində gözəl məqbərə tikilmişdir. Bu layihə Gəncə sakinlərinin müraciətlərinə cavab olaraq həyata keçirilmişdir. VII əsrdən Gəncədə öz xeyirxahlığı ilə məşhur olan Comərd Qəssabın məzarında və məzarüstü türbəsində bərpa işləri aparılmış, ətraf ərazi zövqlə, dövrün ruhuna uyğun abadlaşdırılmışdır. Görkəmli yazıçı və pedaqoq Abdulla Şaiqin ev-muzeyində əsaslı təmir-bərpa işləri aparılmış və muzey yenidən fəaliyyətini davam etdirmişdir. Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir bina tikilmiş, kitab fondu zənginləşdirilmiş, kompyuter avadanlığı ilə təchiz edilmişdir. Burada, mədəniyyət evinin yenidən qurulmasına başlanılmışdır.

Mehriban Əliyevanın qarşıya qoyduğu vəzifələrdən biri də bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpasıdır. Ermənistan tərəfindən təcavüzə məruz qalan və işğal altında olan ərazilərdə vandalizm aktları ilə qarşılaşan Azərbaycanın Versal Sarayının parkındakı mədəniyyət abidələrinin, Luvrda İslam incəsənəti şöbəsinin, Berlin Qəsrinin, Romada Kapitoli muzeyindəki “Filosoflar zalı”nın və digərlərinin bərpasında fəal iştirakı haqqında informasiyanı hazırda bütün dünyada məmnunluq hissi ilə qarşılayırlar.

Mehriban xanım Vətən yolunda qəhrəmanlıq göstərən Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığını itirən zabit və əsgərlərə də daim dəstək olur, diqqət və qayğı ilə yanaşır. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən döyüşlərdə yaralanmış əsgər və zabitlər yüksək texnologiyalı protezlərlə təmin edilir.

Mehriban xanımın gördüyü işlər sırasında qaçqın və məcburi köçkünlərin həyat və məişət şəraitinin yaxşılaşdırılması fəaliyyət proqramının ən ümdə vəzifələri sırasındadır. Onun dəstəyi ilə qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir. Ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olunub və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülmüşdür. Salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa olunmuşdur.

Soydaşlarımızın işlə təmin olunması istiqamətində də lazımi addımlar atılmışdır. Qaçqın və məcburi köçkünlər işlə təmin olunmuşdur. Dövlət Proqramında bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılmışdır. Dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir və bir çox hallarda ölkəmizi bu sahədə nümunəvi ölkə adlandırırlar.

Yaşı 18-ə çatmış qızların uşaq evindən sonrakı taleyi də Mehriban xanımın diqqətindən kənarda qalmamışdı. O, Heydər Əliyev Fondunun dəstəyi ilə internat həyatı başa çatan qızlar üçün yaşayış binası tikdirmişdir. Bu layihə müstəqil həyata qədəm qoyan qızların həyatını izləməklə bərabər, eyni zamanda onlara mənəvi dəstəyin ifadəsidir. Mehriban xanımın bu layihələri böyük həssaslıqla, ən kiçik detallarına, incəliklərinə qədər izləməsi, proseslərin içərisində olması da onun özünəməxsus iş üslubuna, xarakterə malik olduğunun aydın göstəricisidir.

Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayan Mehriban xanım ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Mehriban xanımın təşəbbüsü ilə ailələrin rifahına yönəlmiş maraqlı layihələr reallaşır. Məsələn, “XXI əsrdə  qadınlara qarşı zorakılıq  əleyhinə” layihəsi ölkədə böyük əks-səda doğurmuşdur. Qadın və uşaqların məişət zorakılığından müdafiəsinə yönəlmiş “Məişət zorakılığı haqqında” Qanun 2010-cu  il iyunun 22-də qəbul olunmuşdur. Həmin Qanunun qəbul edilməsində, Ailə Məcəlləsində qızlar üçün nikah yaşının 18-ə qaldırılması ilə bağlı dəyişiklik edilməsində də Mehriban xanımın yaxından dəstəyi olmuşdur.

Göründüyü kimi, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun fəaliyyəti çoxşaxəli və rəngarəngdir. Dünyanın bir çox ölkəsində, o cümlədən Rusiya Federasiyasında nümayəndəliyi olan Heydər Əliyev Fondu yüksək Beynəlxalq nüfuza malikdir. Onu da vurğulamaq gərəkdir ki, fondun prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq bir çox beynəlxalq mükafatlara layiq görülüb. 2004-cü ildə şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsinə görə YUNESKO-nun, çoxşaxəli və genişmiqyaslı fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilin və səhiyyənin inkişafı sahəsində gördüyü işlərə görə isə 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə “Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı”na, cari ildə isə iki mötəbər mükafata - Fransa dövlətinin “Şərəf Legionu” ordeninə və YUNESKO-nun “Qızıl Motsart” medalına layiq görülüb.

Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın məqsədli amalı, fədakarlığı, ictimai mövqeyi onu hər kəsə örnək edib. Qarşıya qoyduğu məqsədə doğru daim addımlayan Mehriban xanım Əliyeva çətin anlarda hər zaman xalqın yanında olub, xalqına diqqət və qayğısını əsirgəməyib.

Bu gün dünyanı bürüyən koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar dövlət başçısı tərəfindən iqtisadiyyatımızı, o cümlədən insanlarımızın sosial həyatını qorumaq üçün çox mühüm qərarlar verilib. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin başçısı ilə bu istiqamətdəki gərgin zəhməti xüsusilə qeyd olunmalıdır. Məlumdur ki, Mehriban xanım Əliyeva ixtisasca həkimdir və təbii ki, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərində onun tibbi bilik və təcrübəsi də mühüm rol oynayır. Bir sıra xəstəxanaların pandemiya ilə mübarizə üçün təşkil olunması, yeni laboratoriyaların alınması, tibbi personalın bu prosesə səfərbər olunmasında da Mehriban xanım Əliyevanın peşəkarlığı öz sözünü deyir. Bununla yanaşı, ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə Mehriban xanım xalqa müraciətində xüsusi karantin rejiminə ciddi əməl etməyə, zərurət olmadıqda vətəndaşları evdən çıxmamağa çağırıb. Düşünürəm ki, bu müraciətə hər kəs ciddi əməl etməli, özünü və cəmiyyəti qorumalıdır.

2020-ci il iyulun 12-də Azərbaycan Respublikasının Tovuz rayonu ilə sərhəddə təxribat törədən erməni faşizmi öz nasist simasını bir daha nümayiş etdirdi. Hərbi təcavüzə əl atan erməni faşistləri Azərbaycan Ordusundan sarsıdıcı zərbə aldı. Lakin, bu da məlumdur ki, erməni faşizmi təkcə hərbi sahədə deyil, həm də informasiya sahəsində də təxribatla məşğuldur. Azərbaycan xalqına qarşı yalan, saxta məlumatlar yaymaq, insanları çaşdırmaq üçün bütün ən çirkin vasitələrdən istifadə edir. Bu yalanlara uymamaq, xalqının içində birliyi daha da möhkəmləndirmək üçün Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva xalqa müraciət ünvanlayaraq, ayıq-sayıq olmağa, vətənimiz Azərbaycanı qorumaq üçün var gücümüzlə çalışmağa çağırdı. Bu bir Azərbaycan anasının öz xalqının övladlarına müraciəti idi.

Məryəm Seyidbəyli, AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru