30.10.2018 NATO SPS

NATO-nun tərəfdaş dövlətlərlə meydana gələn təhlükəsizlik təhdidlərinin dəf edilməsi sahəsində praktiki əməkdaşlığına xidmət edən mexanizmlərindən biri Sülh Naminə Elm Proqramıdır (SPS). Bu proqram ümumilikdə sülh və təhlükəsizlik aspekti olan elm xarakterli əməkdaşlıq tədbirlərinin maliyyələşdirilməsinə xidmət edir.

Azərbaycan-NATO əməkdaşlığında mühüm yer tutan SPS Proqramı vasitəsilə 1995-ci ildən başlayaraq ölkəmizdə kompüter və informasiya texnologiyaları, ətraf mühitin təhlükəsizliyi, kimya, fizika və radiologiya elmləri, seysmoloji risklər, enerji təhlükəsizliyi, su resurslarının idarə olunması və terrorizmlə mübarizəyə dair layihələr həyata keçirilmişdir. Hazırda bu ilin 3-14 sentyabr tarixlərində Bakı şəhərində Azərbaycanın müvafiq dövlət qurumları üçün SPS çərçivəsində “Təkmilləşdirilmiş kiber müdafiə üzrə təlim" adlı kursun keçirilməsi ilə bağlı NATO ilə danışıqlar davam etdirilir.

Məlumat üçün bildirək ki, SPS çərçivəsində layihələr NATO-nun müvafiq tərəfdaş və üzv ölkəsinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Prosedura əsasən bu Proqram çərçivəsində layihə təklif etmək üçün aidiyyəti tərəfdaş və NATO üzv ölkəsindən cavabdeh qurumların müəyyən edilməsi tələb olunur. Belə qurumlar müəyyən edildikdən sonra mümkün layihə təklifi hazırlanır və NATO Beynəlxalq Katibliyinə təqdim edilir. Layihə üzrə müraciət NATO-ya daxil olduqdan sonra, onun Alyansın müxtəlif komitələri tərəfindən razılaşdırılması altı aya qədər uzana bilir.

Qeyd edək ki, Azərbaycanın beşinci dövr Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı Sənədinə (FTƏP) uyğun olaraq SPS proqramı çərçivəsində praktiki əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırılması məqsədilə Azərbaycanın NATO yanında Nümayəndəliyi Alyansın müvafiq idarəsi ilə görüşlər keçirmişdir. Görüşlər zamanı NATO-nun SPS Proqramının prioritetləri, onun digər ölkələrlə əməkdaşlığı çərçivəsində əldə edilən təcrübəsi və Azərbaycanın FTƏP məqsədləri nəzərə alınmaqla yeni layihələrin ərsəyə gətirilmə imkanları müzakirə olunmuşdur. Aparılmış müzakirələri uyğun olaraq, NATO aşağıda qeyd edilən sahələr üzrə layihələrə başlamaq ilə bağlı Azərbaycanın xahişini nəzərdən keçirməyə hazır olduğunu bildirmişdir.