Göstərilmişdir ki, uzunömürlülərdə baş beynin bioelektrik aktivliyinin strukturu qoruyucu-tormozlanma proseslərin adaptiv-kompensator xarakter daşıyan üstünlüyünü əks etdirir. Uzunömürlülərin yaxın qohumlarında beynin funksional vəziyyəti neyro-endokrin proseslərin mərkəzi tənzimlənməsinin daha yüksək səviyyədə olduğunu göstərir.
Zəfəran ekstraktının (Сrocus sativus L. Iridaceae) erkək və dişi siçovullara per os verilməsinin reproduktiv funksiyaya müsbət təsiri aşkar edilmişdir.
Eksperimental şəraitdə poliklonal anticisimlərlə serotonin-modullu antikonsolidasiya zülalının blokadası vasitəsi ilə morfindən narkotik-psixi asılılığın aradan götürülməsinin immunokimyəvi üsulu işlənilib hazırlanmışdır.
İlk dəfə olaraq Azərbaycanın uzunömürlülük xəritəsi işlənmişdir. Göstərilmişdir ki, uzunömürlülük indeksi ayrı-ayrı regionlar üzrə 3,8‰ - 53‰ intervalında dəyişir, uzunömürlülük fenomeni ölkənin bütün ərazisində bərabər paylanmayıb lokal xarakter daşıyır.