XƏBƏRLƏR Arxiv 2062 Çap et
31.03.2020 / Mühüm hadisələr 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür

Əsrlər boyu erməni millətçiləri tərəfindən xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımı cinayətləri həyata keçirilib. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəsəbələrdə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar və vandalizm aktları olub. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib, mədəniyyət abidələri, tarixi binalar və məscidlər dağıdılıb.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olunub. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərilib. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoyub.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları XX əsrin sonlarında bir daha təkrarlanıb. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutub. Bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələnib. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başlatdığı avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salınıb. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid olub. 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş şəkildə qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 102 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir.

Tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.