XƏBƏRLƏR Arxiv 4524 Çap et
27.04.2018 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunun direktoru beynəlxalq forumda iştirak edib

     24-25 aprel 2018-ci ildə Qazaxıstan Respublikasının Astana şəhərində Qazaxıstan Respublikası Prezdenti İşlər İdarəsinin Tibb Mərkəzi və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin birgə dəstəyi ilə "Şipajay-2018" III Beynəlxalq elmi-praktik forumu keçirilib. Forum çərçivəsində digər məsələlərlə yanaşı, tibbi reabilitasiya və sanatoriya - kurort sektorunun inkişaf perspektivləri və bu inkişafın təmin edilməsində müasir elmi innovasiyaların roluna dair müzakirələr aparılıb, iştirakçılar elmi innovasiyaların tətbiqi baxımından qabaqcıl tibbi reabiliyasiya mərkəzlərinin və sanatoriyaların təcrübələri ilə tanış olmuşlar.

     Forumda AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri, b.ü.e.d. Ulduz Həşimova "Naftalan neftinin müalicəvi təsirinin eksperimental tədqiqi" mövzusunda plenar məruzə ilə çıxış edərək, Fiziologiya İnstitutunda Azərbaycanın unikal milli sərvəti olan Naftalan neftinin bioloji effektlərinin öyrənilməsi üzrə aparılan tədqiqatlarin əsas nəticələrini təqdim edib. Məruzəçi qeyd edib ki, bu gün tibbi reabilitasiya və sanatoriya-kurort sektorunda geniş tətbiq olunan müalicə-profilaktika metodları, o cümlədən Naftalan neftinin kurort-reabilitasiya industriyasında insifadəsi, uzun illər boyu elmi laboratoriyalarda toplanan biliklərə əsaslanır. Bu unikal balneoloji faktorun müalicəvi təsirinin muasir elmin açdığı imkanlardan istifadə etməklə daha dərindən öyrənilməsinin aktuallığı xüsusilə vurğulanmışdır.

     Məruzə digər ölkələrin təmsilçiləri tərəfindən böyük maraqla qarşılanıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.