XƏBƏRLƏR Arxiv 1942 Çap et
03.04.2020 / Konfranslar, iclaslar AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan institutlarda distant tədris həyata keçirilir

Məlum olduğu kimi, koronavirus pandemiyasının (COVID-19) Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkədə bütün təhsil müəssisələrində tədris dayandırılıb. Magistrantlar üçün təhsil prosesinin müəyyən olunmuş qaydada keçirilməsini, tədris olunan fənlərin nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” Sərəncam imzalayıb. Bu məqsədlə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə daxil olan institutlarda təhsil alan magistrantlar üçün dərslərin distant formada tədrisinə başlanılıb.

Belə ki, 30 mart 2020-ci il tarixindən AMEA-nın Mikrobiologiya İnstitutunda təhsil alan magistrantlar üçün distant tədris həyata keçirilir. Hazırda institutda “Mikrobiologiya” ixtisası üzrə 2 magistrant təhsil alır.

İnstitutun tədris prosesinə cəlb edilmiş müəllim heyəti sillabuslarda nəzərdə tutulan mövzulara uyğun olaraq tədrisi elektron vasitələrlə həyata keçirir. Dərslərin keçirilməsi müvafiq semester üçün qəbul edilmiş cədvələ uyğun olaraq aparılır.

AMEA-nın Fiziologiya İnstitutunda da distant təhsil sistemi tətbiq olunur. İnstitutda magistratura pilləsi üzrə təhsil alan magistrantlar dərslərini onlayn formada davam etdirir. Qurumun saytında mütəmadi olaraq müvafiq fənnlər üzrə mövzular yerləşdirilir. Dərslərə davamiyyət və qiymətləndirmə isə həm onlayn, həm də mühazirələr üzrə aparılır.

Həmçinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda təhsil alan magistrantlar üçün dərslər distant formada tədris olunur. İnstitutun tədris prosesinə cəlb edilmiş professor-müəllim heyəti tərəfindən “Torpaqşünaslıq” və “Aqrokimya” ixtisasları üzrə dərslər aparılır.

Genetik Ehtiyatlar İnstitutunda da tədris prosesi martın 29-dan başlayaraq "Genetika", "İnsan genetikası", "Bitkilərin seleksiyası" və "Bitkilərin mühafizəsi" ixtisasları üzrə distant şəkildə həyata keçirilir. Magistrantlara e-mail vasitəsilə mühazirə mətnləri göndərilir və elektron vasitələrdən istifadə edilərək dərslərin izahı verilir. Magistrlərin elmi rəhbərləri dissertasiya işlərinin vaxtında yazılıb yekunlaşdırılması üçün distant olaraq öz tövsiyələrini verirlər. 

Qeyd edək ki, müxtəlif fənlər üzrə hazırlanmış dərs vəsaitləri (mühazirə mətnləri və təqdimatlar) elektron formatda AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinə təqdim edilir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.