XƏBƏRLƏR Arxiv 2156 Çap et
11.04.2020 / Mühüm hadisələr AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin institutlarının magistraturasında distant təhsil uğurla davam etdirilir

Məlum olduğu kimi, AMEA-nın bütün elmi müəssislərində, o cümlədən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin tərkibinə daxil olan institutların magistraturasında martın 29-dan etibarən başlanılmış distant dərslər uğurla davam etdirilir.

Magistrantlar mühazirə və təqdimatların elektron variantlarını elektron poçt vasitəsilə və ya birbaşa dərs zamanı əldə edirlər. Eyni zamanda, onlar elmi-pedaqoji təcrübə rəhbərləri ilə birgə distant dərslərə qoşulurlar. II kurs magistrantların elmi rəhbərləri onlara onlayn formada dissertasiya işlərinin yerinə yetirilməsi üzrə elmi-metodiki məsləhətlər verir.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 15 magistrant, o cümlədən I kursda “Molekulyar biologiya” ixtisası üzrə 3, “Biokimya” ixtisası üzrə  2, “Biotexnologiya” ixtisası üzrə 3, “Nanobiotexnologiya” ixtisası üzrə 1 magistrant, II kursda “Molekulyar biologiya” ixtisası üzrə Azərbaycan bölməsində 3, rus bölməsində 1, “Biokimya” ixtisası üzrə 2 magistrant təhsil alır. İstitutda “Biologiyanın müasir problemləri”, “Bioloji makromolekulların daşınmasının molekulyar mexanizmləri”, “Proteomiks”, “Bioenergetika”, “Fotosintezin biokimyası”, “Metabolitlərin biokimyası”, “Enzimologiya”, “Tibbi biotexnologiya”, “Sənaye biotexnologiyası” və “Nanofarmakologiya” ixtisas fənləri üzrə “Skype”, “Zoom” və “Microsift Team” proqramlarının köməyilə mühazirə və seminar dərsləri davam etdirilir.

Botanika İnstitutunda “Botanika”, “Bitki fiziologiyası”, “Mikologiya” və “Ətraf mühitin mühafizəsi və bioloji monitorinq” ixtisasları üzrə 6-sı I kurs, 3-ü II kursda olmaqla 9 magistrant  təhsil  alır. “Kənd təsərrüfatı və meşə mikologiyası”, “Göbələklərin genetikası”, “Göbələklərdə adaptasiya imkanları”, “Biomüxtəliflik və onun mühafizəsi”, “Göbələklərin fiziologiyası və biokimyası”, “Bitki molekulyar biologiyası”, “Akvakultura”, “Ali bitkilərin morfologiyası”, “GİS-in biomüxtəlifliyin idarə olunmasına tətbiqi”, “Akademik yazı”, “Ekologiyada riyazi modelləşdirmə” ixtisas fənləri üzrə dərslərin tədrisi elektron vasitələrlə həyata keçirilir.

Genetik Ehtiyatlar İnstitutunda 4 ixtisas – “Genetika”, “İnsan genetikası”, “Bitkilərin seleksiyası”, “Bitkilərin mühafizəsi” üzrə magistrant hazırlığı həyata keçirilir. Hazırda institutun I kurs magistraturasında 5, II kursda isə 4 nəfər magistrant təhsilini davam etdirir. Dərs cədvəlinə uyğun olaraq elektron vasitələrdən istifadə etməklə “Populyasiya genetikası”, “Biotexnologiya və gen mühəndisliyi”, “Xərçəng biologiyası”, “İrsi xəstəliklərin molekulyar-genetik əsasları”, “Molekulyar biometodlar”, “Statistik genetika”, “Molekulyar genetika”, “Bitkiçilik”, “Sitogenetika”, “Bitkilərin mühafizəsi”, “Bioinformatika”, “Bitkilərin immuniteti və davamlılıq seleksiyası”, “Bitki virusologiyası” ixtisas fənnləri üzrə dərslər keçirilir.

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə 1 nəfər magistrant təhsil alır. Tədris ilinin əvvəlində tərtib edilmiş cədvələ uyğun olaraq “Sərbəst radikal biologiyasının əsasları”, “Qan sisteminin fiziologiyası”, “Biologiyada informasiya texnologiyaları” və  “Hemostazın fiziologiyası” fənləri  üzrə dərslər distant formada həyata keçirilir.  

Zoologiya İnstitutunda “Onurğalılar zoologiyası” ixtisası üzrə 2 magistrant təhsil alır. Onlardan biri I kurs, digəri isə II kursdadır. “Zooloji taksonomiya və zoocoğrafiya”,  “Azərbaycanda onurğalılar faunasının müasir vəziyyəti”, “Heyvanların müqayisəli anatomiyası”, “Azərbaycan faunası” fənləri tədris olunur.

Mikrobiologiya İnstitutunda “Mikrobiologiya” ixtisası üzrə 2 magistranta “Mikroorqanizmlərin sistematikası”, “Mikrob mənşəli bioloji aktiv maddələrin alınması”, “Torpaq mikrobiologiyası”, “Su mikorbiologiyası” fənnləri tədris edilir.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Torpaqşünaslıq” və “Aqrokimya” ixtisasları üzrə təhsil alan 2 magistranta dörd fənn üzrə – “Torpaqların bonitirovkası,  kadastrı və aqroekologiyası”, “Torpaq eroziyası, deqradasiyası və yaxşılaşdırılması yolları”, “Torpaqların meliorasiyası, rekultivasiyası və mühafizəsi”, “Torpağın morfologiyası, genezisi və təsnifatı”, “Aqrokimyanın əsasları”, “Aqrokimyanın ekoloji problemləri”, “Aqrokimyəvi tədqiqat üsulları”, “Üzvü gübrələr və onların tətbiqinin əsasları” dərsləri keçirilir.

Qeyd edək ki, distant təhsilin gedişatı barədə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinə mütəmadi olaraq hesabatlar təqdim olunur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.