XƏBƏRLƏR Arxiv 2257 Çap et
16.04.2020 / Konfranslar, iclaslar Akademik İradə Hüseynova: “Dissertasiya işləri və elmi məqalələrin yazılması tam nəzarətdədir”

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası və xüsusi karantin rejimi ilə bağlı tələblərinə, eləcə də “Evdə qal, lakin elmi fəaliyyətdən kənarda qalma” çağırışlarına uyğun olaraq onlayn rejimdə davam etdirir.

Bu barədə AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin sədri, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova müsahibə verib.

İradə Hüseynova institutun şöbə və laboratoriya müdirləri ilə hər səhər onlayn formada əlaqə saxlayaraq onların fəaliyyəti ilə maraqlandığını, tapşırıq və tövsiyələrini verdiyini, distant dərslərdə iştirak etdiyini bildirib. O, həmçinin rəhbəri olduğu doktorant və magistrantlara məsləhətlərini verdiyini, dissertasiya işləri və elmi məqalələrin yazılmasının tam nəzarətdə olduğunu qeyd edib.

İnstitut əməkdaşlarının COST proqramı üzrə meqalayihəyə qoşulduqlarını deyən akademik İ.Hüseynova Fransanın koordinatorluğu ilə həyata keçirilən, 22 Avropa ölkəsinin iştirak etdiyi “Oksigen zondlama – meyvələrin keyfiyyətinin biologiyası və texnologiyası üçün yeni vasitə” adlı bu layihədə rəhbərlik etdiyi qurumun əməkdaşlarının Azərbaycanı təmsil edəcəklərini nəzərə çatdırıb. Bununla əlaqədar, layihə iştirakçılarının e-COST sistemində qeydiyyatdan keçərək öz profillərini aktivləşdirdiyini vurğulayıb.

Alim bildirib ki, hazırda institutun elmi işçiləri elmi-tədqiqat nəticələrinin analizi və məqalələrin yazılması üzərində intensiv işləyirlər: “Son günlərdə 4 məqalə hazırlanaraq, “Journal of Agricultural Sciences”, “Bulgarian Journal of Agricultural Science”, “Journal of International Microbiology”, “International Journal of Molecular Sciences” kimi yüksək impak faktorlu beynəlxalq jurnallara təqdim edilib. “Gene” jurnalına çap üçün təqdim olunan məqaləyə gələn resenzent rəylərinin cavablandırılması üzrə işlər isə yekunlaşmaq üzrədir. Hüceyrənin membran sistemləri laboratoriyasının əməkdaşlarının apardıqları tədqiqatların nəticələrini əks etdirən məqalə 2.327 impakt faktora malik “Functional Plant Biology” jurnalında çapa qəbul olunub”.

O, öz elmi redaktorluğu ilə hazırlanan “Ali bitkilərdə karbonun ilkin assimilyasiyasının tənzimlənmə xüsusiyyətləri” adlı monoqrafiyanın tamamlanması üzrə işlərin davam etdirildiyini də bildirib.

İ.Hüseynova institutun doktorant və dissertantlarının tədqiqatlarının nəticələrini müxtəlif bioinformatik proqramlarla analiz etdiyini, onlar tərəfindən buğdadan və onun yabanı formalarından ayrılan Dreb geninin nukleotid ardıcıllıqlarının NCBİ beynəlxalq biotexnoloji məlumat bazasında yerləşdirildiyini bildirib. Qeyd edib ki, son günlərdə gənc alimlər molekulyar biologiya sahəsində bir neçə beynəlxalq vebinarda iştirak ediblər. Aprelin 11-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Dünya və gənclər yeni şəraitdə” onlayn forumuna institutun 5 gənc alimi qatılıb.

İnstitut direktoru Bioinformatika və Beynəlxalq Hesablama struktur biologiyası laboratoriyalarının fəaliyyətində heç bir ləngimənin baş vermədiyini, plan üzrə nəzərdə tutulan tədqiqatların tam şəkildə yerinə yetirildiyini diqqətə çatdırıb. O, həmçinin Beynəlxalq Hesablama struktur biologiyası laboratoriyasının müdiri, Kembric Universitetinin professoru Qərib Mürşüdovun həmişə olduğu kimi, onlayn rejimdə struktur biologiyanın əsasları və statistika sahəsində laboratoriya işçilərini istiqamətləndirməyə davam etdiyini vurğulayıb.

Alimin sözlərinə görə, institutun Təhsil şöbəsi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar qısa müddət ərzində institutun professor-müəllim heyəti ilə magistrantlar arasında müxtəlif telekommunikasiya vasitələri ilə əlaqə yaradıb, tədris planlarında nəzərdə tutulan bütün ixtisas fənləri üzrə distant dərslərin aparılması təmin edilib. Eyni zamanda, II kursda təhsil alan magistrantlar distant olaraq elmi-pedaqoji təcrübəyə başlayıblar və elmi rəhbərləri ilə birgə onlayn rejimdə dissertasiya işlərinin yekunlaşdırılması üzərində işləyirlər.

“İnstitutun Beynəlxalq və İctimaiyyətlə əlaqələr şöbəsi də xüsusi karantin rejimində öz fəaliyyətini uğurla davam etdirir”, – deyən akademik İ.Hüseynova əməkdaşların gördüyü işlər, apardıqları araşdırmalar, distant təhsil, virtual dərslər, dünyada və ölkəmizdə koronavirus pandemiyası ilə bağlı son məlumatlar, bu virusla mübarizə məqsədilə görülən tədbirlər haqqında məlumatların müntəzəm olaraq imbb.az saytında işıqlandırıldığını vurğulayıb.

Qeyd edib ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Əsərlərinin IV cildinə məqalələrin toplanmasına başlanılıb. Redaksiyanın elektron ünvanına daxil olan məqalələr rəyə göndərilir və redaksiya üzvlərinin onlayn müzakirəsinə təqdim olunur.

Akademik İ.Hüseynova, həmçinin rəhbərlik etdiyi qurumun alim və mütəxəssislərinin kütləvi informasiya vasitələrində koronavirus pandemiyası ilə əlaqədar çoxsaylı çıxışlar etdiyini, müsahibələr verdiyini bildirib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.