XƏBƏRLƏR Arxiv 2168 Çap et
29.04.2020 / Yeni nəşrlər Flora XXI əsrdə

Minilliklər ərzində bitki aləmi Yer kürəsində həyatın mövcudluğunda, insanların qida, təsərrüfat-iqtisadi, dərman, estetik-mədəni ehtiyaclarının ödənməsində əvəzsiz rol oynayıb. Xüsusən çiçəkli bitkilərin müxtəlifliyi və gözəlliyi həmişə insanları heyran edib. Yer üzündə təxminən 320 min məlum çiçəkli bitkiyə əlavə olaraq, hər il elm üçün yüzlərlə yeni növ təsvir olunur. Təbiətin bu qiymətli sərvətinin güzgüsü olan floraya müəyyən coğrafi ərazidə bitən bütün bitkilər haqqında hərtərəfli bilgilər, növlərin təsviri, illüstrasiyalar, yayılma xəritələri və onların identifikasiyası üçün təyinedici açarlar daxil edilir. Məhz buna görə də flora bitki müxtəlifliyinin qiymətləndirilməsində, müvafiq biliklərin toplanmasında, sintezində və yayılmasında son dərəcədə vacib rol oynayır. Bundan əlavə, floralar yerli və qlobal kontekstdə bitki müxtəlifliyin mühafizəsi üçün əsas kimi xidmət edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə söyləyib. O bildirib ki, bu gün biomüxtəlifliyin azalması bir neçə onilliklər əvvəlkinə nisbətən daha sürətlə baş verir. Hazırda hər gün 3-dən 130-a qədər növ birdəfəlik yox olur və Yer üzündə məlum olan bütün heyvan və bitkilərin təxminən 40 faizi nəsli kəsilmək təhlükəsi altındadır. Bunun səbəbləri sırasında yaşayış mühitinin dağılması, həddindən artıq istismar, vəhşi (yabanı) növlərin qeyri-leqal ticarəti, təbii və invaziv növlərin idxalı, iqlim dəyişmələrinin güclənməsi, ətraf mühitin çirklənməsi və s. göstərilə bilər.

Biomüxtəlifliyin mühafizəsi üzrə tədbirləri qanunvericiliklə müəyyən etməzdən əvvəl cari vəziyyəti monitorinq yolu ilə dəqiq öyrənmək, müşahidələr aparmaq və dəyişiklikləri sənədləşdirmək lazımdır. Belə ki, flora və yığılmış məlumatların geniş floristik paylanması qanunvericiliyə töhfə verərək, nəsli kəsilməkdə olan bitki növlərinin “Qırmızı siyahısı” üçün empirik baza yaradır. Bu gün cəmiyyətin floralara dair gözləntiləri son dərəcə yüksəkdir. Onlar elmi-texniki standartlara uyğun olmaqla siyasi, qanunvericilik, inzibati tədbirlər və təbiəti mühafizə sistemləri üçün informasiya təminatı rolunu oynamalıdır.

Dünyanın əksər ölkələri floristik tədqiqatları genişləndirməyə davam edir və botanika kataloqlarını qiymətli milli resurslar kimi dəyərləndirirlər. Flora haqqında materiallar təkcə ingilis dilində deyil, həm də milli dillərdə nəşr olunur. Müasir flora kollektiv əməyin məhsulu olmalıdır. Onun yazılması həmişə əlaqəli və birgə proses olub ki, burada orqanizmlərin yayılma arealları üzrə müxtəlif məlumat mənbələri toplanır, bitkilərin coğrafiyası, taksonomiyası, morfologiyası və digər xarakterik xüsusiyyətləri üzrə ekspertlərin qlobal ümumi bilikləri nəzərə alınır. İnformatika və kommunikasiya texnologiyalarının ən yeni nailiyyətlərinə paralel olaraq, bu proseslər son onilliklərdə optimallaşdırılıb və sürətlənib. Bununla bağlı mühüm addım məlumatların toplanmasından mətn formasında strukturlaşdırılmasına keçid olub ki, burada kəşflər, müşahidələr və bitki təsvirləri haqqında məlumatlar müvafiq emaldan sonra elektron bazaya daxil edilir və beləliklə, bütün imkanlardan istifadə edilərək şəbəkələrin təkmilləşməsi mümkün olur.

Akademik qeyd edib ki, hələ 1980-ci illərdə Qərbdə floristik məlumatların elektronlaşdırılması əhəmiyyətli dərəcədə genişləndirilmişdi. Buna baxmayaraq, məlumatların toplanması, qeydiyyatı, informasiya axınlarının təmin edilməsi, flora siyahılarında dərc olunmaq üçün onların mərkəzi məlumat bazasına daxil edilməsi və işlənməsində ciddi irəliləyiş baş verməmişdi. Xüsusən mütəxəssislər tərəfindən yayılma xəritələrindən və bitki siyahılarından məlumatların davamlı nəzərdən keçirilməsi çox vaxt tələb edirdi, çünki o zaman məlumatların dinamik sintezi, təhlili və nəşri üçün texnologiyalar hələ mövcud deyildi və ya çox zəif idi.

Vəziyyət 1990-cı illərdə Ümumdünya Şəbəkəsinin qurulması və sürətlə genişlənməsi ilə xeyli dəyişdi. Həmin dövrdən etibarən müxtəlif dinamik bitki elektron məlumat bazalarının yaradılması və son istifadəçilər tərəfindən işlədilməsi mümkün oldu. Eyni zamanda, ekspertlər məlumatların nəzərdən keçirilməsi və əlavə olunması üçün müəyyən versiyanı istifadə etmək və yeniləmək imkanı qazandılar. Beləliklə, “e-flora” termini ilə adlandırılan yeni versiyalar kağız daşıyıcılarında olan ənənəvi floralara nisbətən daha geniş imkanlar yaratmağa başladı. Bir tərəfdən, dünya şəbəkəsi müəyyən meyarlara uyğun olaraq ümumi məlumatı (məsələn, fərdi bitki qruplarının yayılma xəritələri) əsas informasiya ilə (müşahidə və nümunə kolleksiyaları) əlaqədar təqdim etmək üçün ideal platforma təklif edir. Digər tərəfdən, “e-Flora” istifadəçiləri elektron poçt və ya birbaşa xüsusi sistem vasitəsilə floristik məlumatlara dair qeyd və ya təklifləri daxil edə bilir və deməli, keyfiyyətli, daim yenilənən informasiya bazası mövcud olur. Beləliklə, elektron floralar yalnız onların müvafiq çap olunmuş variantlarının rəqəmsallaşdırılmasından ibarət deyil, həm də güclü axtarış və naviqasiya imkanları olan interaktiv informasiya sistemləridir.

V.Əlizadə bildirib ki, davamlı iqlim dəyişiklikləri və insanın təbiətə intensiv təsiri nəticəsində bitkilərin yayılması daim sürətlə dəyişir. Belə ki, gələcəkdə bitki müxtəlifliyinin daim yenilənən həqiqi təsvirlərini yaratmaq üçün floristik rabitə və informasiya platformalarının inkişafı və optimallaşdırılması ön plana keçəcək.

Kitab formatında klassik flora qeyri-məhdud internet resurslarına malik peşəkar saxlanılan elektron məlumat bazalarına getdikcə daha çox uduzur. “e-flora”lar çap şəklində olanlardan fərqli olaraq interaktiv axtarış naviqasiya funksiyalarını təmin edir və çoxcəhətli məlumatların emalı üçün əlverişlidir. Floristik məlumatlarla bağlı yeniliklər real vaxtda hər hansı istifadəçi tərəfindən sistemə əlavə edilə bilər. Eyni zamanda, indidən aydındır ki, müxtəlif məzmunlu elmi tədqiqat prosesinin sürətləndirilməsi yüksəkixtisaslı ekspertlərin çatışmazlığı ilə müşayiət olunur. Aydındır ki, növbəti illərdə bu istiqamətdə uğur qazanılması üçün gənc tədqiqatçıların yüksəkixtisaslı botaniklər kimi yetişdirilməsi, bilik və bacarıqlarının müasir səviyyədə artırılması tələb olunur.

Qeyd etmək lazımdır ki, Azərbaycan florasının ali bitkilərinin hərtərəfli öyrənilməsi sahəsində akademik A.A.Qrossheymin rolu əvəzsizdir və əldə olunan nailiyyətlər “Azərbaycan florası”nın 3 cildində (1934-1936), “Qafqaz florası”nın 7 cildində (1939-1967), “Talış florası” (1926) əsərində əks olunub. 1930-1960-cı illərdə Azərbaycanın bitki örtüyünün öyrənilməsi A.A.Qrossheymlə yanaşı, İ.İ.Karyagin, R.Rzazadə, Y.İsayev, X.Qədirov, S.Ağacanov, R.Əsgərova, V.Hacıyev tərəfindən davam etdirilib. Azərbaycanda bitki sistematikası elminin tədqiqi sahəsində görkəmli rus alimi İ.İ.Karyaginin rəhbərliyi və elmi redaktorluğu ilə 1950-1961-ci illərdə Botanika İnstitutunun alimləri tərəfindən hazırlanmış və nəşr edilmiş “Flora Azerbaydjana” 8 cildliyi tamamlanmış fundamental əsərdir. Əsər bu gün də istifadə olunur və bütün botaniklər üçün əvəzolunmaz məlumat mənbəyidir. Daha sonrakı illərdə floranın və bitki örtüyünün öyrənilməsinə dair botaniki tədqiqatlar R.Əsgərova, V.Hacıyev, H.Axundov, L.Prilipko, A.Əsgərov və digər yerli alimlər, eləcə də xaricdən olan tədqiqatçılar tərəfindən davam etdirilib.

Müstəqillik illərində milli dildə işlənmiş və genişləndirilmiş Azərbaycan florasının yeni nəşrinin hazırlanması üçün botanik alimlərimiz bir sıra cəhdlər ediblər. Lakin uzun illər davam edən iş alimlərin dünya məlumat bazalarına çıxışının olmamasına və bir sıra taksonların adlarının nomenklatur dəyişikliklərə uğradığına görə uğursuzluqla nəticələnib. Bu bir daha onu sübut edir ki, sistematik və nomenklatur tədqiqatlar davam etdiyi üçün botaniki adlar və ranqlarda dəyişikliklər nəticəsində məlumatların yenidən toplanması və təftişi heç vaxt bitmir. Buna görə də bütün botaniki adların indeksləşdirilməsi və elektron sistemlərin yaradılması yolu ilə bu bitkilərin mövcud təsnifatının və nomenklaturasının asanlıqla yenilənməsini təmin etmək zərurəti yaranıb.

“BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının 2011-2020-ci illərə aid Bitki Mühafizəsi üzrə Qlobal Strategiyasının 1-ci hədəfinə görə, bitkilərin mühafizəsi üçün əsas tələblərdən biri geniş yayılmış bütün məlum bitki növlərini ehtiva edən floranın mövcud olmasıdır. Bunun üçün Strategiyanın həyata keçirilməsini təşviq etmək və 2020-ci ildən sonrakı digər hədəflərə çatmaq üçün bir sıra qlobal təşəbbüslər irəli sürülüb. 2012-ci ildən GSPC-1-in tapşırığına cavab olaraq, “Dünya florası” onlayn beynəlxalq layihəsi bütün bitki növlərinin mövcud biliklərə və müxtəlif nəşrlərə və onların yenidən işlənmiş variantlarına əsaslanan veb-məcmuələrinin yaradılmasını, həm də araşdırılmamış regionlarda az tanınan bitki və bitki qrupları haqqında yeni məlumatların toplanmasını tələb edir. 2014-cü ildən etibarən “Dünya Florası Onlayn Konsorsiumu”nun bərabərhüquqlu üzvü olan Botanika İnstitutu həmin vaxtdan Azərbaycanın “e-flora”sının hazırlanması istiqamətində məqsədyönlü işlər aparır. Bu məqsəd çərçivəsində Azərbaycan florasının inventarlaşdırılmasının ilkin əsası kimi, ABŞ-ın Missuri Botanika bağı ilə birgə tropicos.org veb-bazasında Azərbaycanın onlayn taksonomik resurslarının və onlayn florasının yeniləşdirilməsi mexanizminin işlənib-hazırlanmasına başlanılıb. Bu çərçivədə Azərbaycan florasının təbii, ksenofit və adventiv vaskulyar (damarlı) bitkilərinin mövcud müasir təsnifat və nomenklaturaya uyğun məlumat siyahısı tərtib olunub. Müvafiq bitki qruplarının son filogenetik və sistematik tədqiqatlarının nəticələrinə əsasən 28 taksonla bağlı nomenklatur dəyişikliklər aparılıb. COVID-19 pandemiyası ilə əlaqədar mövcud karantin şəraitində məlumat siyahısının “Azərbaycanın çiçəksiz ali bitkiləri” adlanan 1-ci cildinin yalnız elektron versiyası işıq üzü görüb. Bu cilddə ilk dəfə olaraq Azərbaycan florasının çiçəksiz ali bitkilərinə aid bütün ədəbiyyat məlumatları ümumiləşdirilib və təhlil edilib, onların öyrənilmə dərəcəsi dəqiqləşdirilib, molekulyar filogenetik tədqiqatlara və müasir nomenklaturaya əsasən taksonomik bölgüsü hazırlanıb, taksonların sinonimləri, həyat formaları, fenologiyası və botaniki-coğrafi rayonlar üzrə yayılması qeyd olunub. Müasir nomenklatur dəyişiklikləri nəzərə alan təftiş nəticəsində sporlu vaskulyar bitkilərin 17 fəsilə və 30 cinsinə aid 97 taksonunun, çılpaqtoxumluların isə 5 fəsilə və 20 cinsə aid 56 taksonunun siyahısı tərtib edilib. Həmçinin Azərbaycanın çiçəksiz damarlı bitkilərinin nadirliyi və endemik statusu haqqında məlumatlar təhlil edilib. Burada Botanika İnstitutunun herbari fondunda və virtual dünya herbarilərində saxlanılan nümunələrdən əldə edilən məlumatlar təhlil olunub", - deyə akademik Validə Əlizadə bildirib.