XƏBƏRLƏR Arxiv 2085 Çap et
19.05.2020 / Yeni nəşrlər Yoxsulluq olmayan dünyanın yol xəritəsi

Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunus və onun "Kasıbların bankiri" kitabı haqqında söz

Azərbaycanda Nobel mükafatı laureatı ilə görüşlər keçirməyin, müzakirələr aparmağın əhəmiyyətli bir ənənəsi formalaşmışdır. Fikrimizcə, bu, dünyanın ən mühüm elmi-texniki yeniliklərini, mədəni-iqtisadi təcrübələrini Azərbaycana gətirmək,  qarşılıqlı fikir mübadiləsi aparmaq və ortaq nəticələr çıxarıb növbəti inkişaf mərhələsinə doğru addım atmaq baxımından çox faydalı bir ənənədir. 

Məlum olduğu kimi, Sovet hakimiyyəti illərində keçmiş SSRİ-də və o cümlədən, Azərbaycanda Nobel mükafatı antisovet xarakterli bir mükafatlandırma aktı kimi təqdim edilmişdi. Sovet dövründə Nobel mükafatından danışmaq kapitalizm quruluşunu, burjua ideologiyasını təbliğ  və ya ideolizə etmək kimi qarşılanırdı. Sovet Hakimiyyəti illərində Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Aleksandr Soljenitsin, Boris Pasternak, İosif Brodski kimi yazıçıların SSRİ-ni tərk etmək məcburiyyətində qalmaları da nobelçilərin "antisovetçi" mövqeləri haqqındakı mifi daha da qüvvətləndirmişdi. Ona görə də Sovet dövründə Nobel mükafatı laureatı olan hər hansı görkəmli bir yazıçı və şairi, habelə elm xadimini görmək, onunla ünsiyyət yaratmaq haqqında düşünmək çox çətin bir iş idi. 

Nobel mükafatları haqqında geniş məlumat almaq və Nobel mükafatı laureatları ilə görüşmək ölkəmizdə müstəqil dövlətçiliyin bəhrəsidir. Azərbaycanda dövlət müstəqilliyi yenidən bərpa olunduqdan sonra beynəlxalq əlaqələrin genişlənməsi və ölkəmizin qapılarının dünyaya açılması Nobel mükafatçılarının əlçatmazlığı haqqında mifin aradan qaldırılmasına geniş imkan yaratmışdır. İndi həm televiziya ekranlarında və xarici səfərləri zamanı, həm də ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə Nobel mükafatçıları ilə tanış olmaq, onlarla ünsiyyət yaratmaq, telefon əlaqəsi saxlamaq, mühazirələrini canlı olaraq dinləmək çox da müşkül olmayan bir işə çevrilmişdir.

İlk dəfə Nobel mükafatçıları ilə 18-21 oktyabr 2004-cü il tarixində İspaniyanın Barselona şəhərində keçirilmiş Avropa Universitetlər Assosiasiyasının beynəlxalq konqresində iştirak etdiyim  vaxt görüşmüşdüm. Naxçıvan Dövlət  Universitetinin rektoru kimi universitetin riyaziyyat ixtisası üzrə magistri (indi İqtisad Unversitetinin dosenti - İ.H.) tərcüməçilik vəzifəsini yüksək səviyyədə icra edən Anar Kazımovla birlikdə iştirak və çıxış etdiyim bu konqresdə təşkilatçılar tərəfindən dəvət olunmuş on dörd nəfər Nobel mükafatı laureatı təmsil olunmuşdu. Amerkadan və Avropanın müxtəlif ölkələrindən gəlmiş Nobel mükafatçılarının hamısının müasir şəraitdə elmin və universitet təhsilinin inkişaf etdirilməsi yolları haqqında məruzələri dinlənilirdi. Onlardan İsveç Universitetinin professoru Verner Albertin insanın genlərinin dəyişdirilməsi üsulları haqqındakı məruzəsi Çarlz Darvinin təkamül nəzəriyyəsindən  sonrakı mərhələdə müasir elmin gəlib çatdığı reallıqları əks etdirən qeyri-adi  Nobel nitqi kimi yaddaşımda dərin izlər buraxmışdır. Amerika Çikaqo məktəbini  təmsil edən Nobel mükafatı laureatı Adam Smitin "Hamı üçün iqtisadiyyat" mövzusunda etdiyi məruzə də adi məsələlərdən, gündəlik məişət mövzularından Nobelçi nitqi səviyyəsində danışmağın mümkün olması ilə iştirakçıların marağına səbəb olmuşdu. Bundan başqa, digər bir Nobelçi - Amerika Kaliforniya Universitetindəki Kosmoloji Fizika Mərkəzinin direktoru, professor Corc Smutun qalaktikanın sirlərindən, kainatda gedən proseslərdən az qala həyatda baş vermiş hadisələr kimi bəhs etməsi də xüsusi cəlbedici məruzələrdən idi. Afrika qitəsindən Avropa Universitetlər Assosiasiyasının Beynəlxalq Konqresində iştirak edən yeganə Nobel mükafatı laureatı, yazıçı Vole Şoyinkanın mübariz ruhlu çıxışı və bu qaradərili ədəbiyyatçının fərqli görünüşü də unudulmaz təəssürat yaratmışdır. Doğrusunu deyim ki, o zaman Nobel mükafatı laureatlarının hər birinin məruzəsi əhəmiyyətli olsa da, heç də hamısının çıxışları qeyri-adi təsir bağışlamamışdı. Barselona görüşlərində Nobel mükafatları haqqında eyforiya aradan qalxmış, bizimlə eyni oteldə qalan, birlikdə yeməkxanaya gedən bu ali mükafatın laureatları haqqında obyektiv elmi baxışlarımız formalaşmışdır.

Milli Elmlər Akademiyasının vitse-prezidenti təyin olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Humanitar Forumlara, Sivilizasiyalararası, mədəniyyətlərarası dialoq simpoziumlarına dəvət olunmuş Nobel mükafatı laureatları ilə olan münasibətlər bu yüksək mükafatın sahibəri haqqında tam təsəvvürlərin formalaşmasında mühüm əhəmiyyətə malik olmuşdur. Onlardan iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Piter Artur Daymondla 3-5 oktyabr 2014-cü il tarixlərində keçirilmiş Bakı Humanitar Forumunda moderatorluq etdiyim bölmənin iclaslarında birgə iştirakımız  zamanı aramızda olan qarşılıqlı dialoq da bu ali mükafatın daşıyıcısı ilə real, təbii və aydın elmi münasibətlər əsasında qurulmuşdur. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatı, görkəmli rus yazıçısı Mixail Şoloxovun vətənində, Rostov vilayətindəki Vyoşinski qəsəbəsindəki ev muzeyində 2014 və 2016-cı illərdə keçirilən beynəlxalq elmi konfranslarda iştirakım zamanı eşitdiklərim, gördüklərim və oxuduqlarım da Nobel mükafatına dair biliklərimi zənginləşdirmişdir. Nəhayət, 14 iyul 2015-ci il tarixində Sankt-Peterburqda Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Akademiyanın Sankt-Peterburq Bölməsinin sədri, fizika üzrə Nobel mükafatı laureatı, akademik Jores İvanoviç Alfyorovla olan görüş və Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi münasibəti ilə çəkiləcək film üçün onunla canlı müsahibə daha bir görkəmli Nobel mükafatı laureatı ilə yaxından, əyani şəkildə tanışlığıma şərait yaratmışdır.

Bütün bunlara görə, 20 iyun 2016-cı ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Mirzəyevin təşəbbüsü, ADA və UNEC  Universitetlərinin dəstəyi ilə  Azərbaycana dəvət olunmuş Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla Bakıda görüş keçirilənədək artıq Azərbaycan auditoriyası Nobelçilərlə tanışlıq baxımdan xeyli təcrübəyə malik idi. Və düşünürdüm ki, növbəti Nobel mükafatçısı qonağımızdan bir çox yeniliklər barəsində və ya konkret bir sahə üzrə fərqli bilikləri və məlumatları öyrənmək şansımız olsa da, onun dinləyicilərini qeyri-adi dərəcədə heyrətləndirməsi asan olmayacaqdır. Çünki ölkəmiz müstəqil dövlətçilik dövründə son onilliklər ərzində dünyaca məşhur olan şəxsiyyətlərlə, o cümlədən, Nobel laureatları ilə əyani ünsiyyət, canlı dialoq baxımından əhəmiyyətli bir məsafə qət etmişdir. Lakin gözlədiklərimin tam əksinə oldu. Məhəmməd Yunusun "Kasıbların bankiri" kitabının Azərbaycan nəşrini onun müəllifi ilə görüşənə qədər oxuduqdan sonra bu Nobel Sülh mükafatçısının həqiqətən əfsanəvi şəxsiyyət olduğuna heyran qaldım. Tərəddüd etmədən deyə bilərəm ki, Məhəmməd Yunusun "Kasıbların bankiri" kitabı Banqladeşdə, yaxud da Banqladeşin təcrübəsi əsasında Asiya qitəsinin oxşar ölkələrində yoxsulluğun yaratdığı çətin və məşəqqətli həyatın və yoxsulluqdan xilas olmaq uğrunda aparılan fədakar mübarizənin mükəmməl epopeyasıdır. "Kasıbların bankiri" kitabı aydın surətdə göstərir ki, Məhəmməd Yunus Banqladeşdə və ümumən Asiyada yoxsulluqdan xilas olmaq hərəkatının fədakar və qüdrətli komandanıdır. Bu kitab onun müəllifi olan Asiyada sosial biznes, mikrokreditlər və kiçik sahibkarlıq hərəkatının yaradıcısı Məhəmməd Yunusun keşməkeşli həyat hekayəsi, habelə çoxcəhətli və yorulmaz fəaliyyətinin çoxseriyalı sənədli filmi təsiri bağışlayır. "Kasıbların bankiri" Asiya qitəsində yoxsulların minimum həyat şəraiti uğrunda apardıqları mübarizənin çətinliklərini və yollarını göstərən güzgüdür. 

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun çox maraqlı və şərəfli tərcümeyi-halı vardır. Həyatını yoxsulluqdan mübarizəyə həsr etmiş Məhəmməd Yunus 28 iyun 1940-cı ildə Banqladeşdə Çittaqonq yaxınlığındakı Bathua kəndində anadan olmuşdur. Çittaqonq Kollecində orta təhsil almış, Dakka Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Sonra ali təhsilini Amerikanın Vanderbilt Unversitetində davam etdirən Məhəmməd Yunus burada iqtisadiyyat üzrə doktorluq dərəcəsi qazanmışdır. Bir müddət Amerika universitetlərində professor kimi çalışmış, nəhayət, 1976-cı ildə Çittaqonq Universitetininə dəyişilərək vətəninə qayıtmışdır. O, müəllimlik etməklə bərabər, yoxsul insanlara az faizlə borc - kiçik kreditlər verməklə Banqladeşdə  yoxsulluğun aradan qaldırılması uğrunda mübarizə aparmağa başlamış, tədricən bu ölkədə ailə biznesinin əsasını qoymuşdur. Məhəmməd Yunus 1983-cü ildə özünün mikrokreditlər verməklə məşğul olan Grameen Bankını yaratmış və yoxsulluqla mübarizəsini ardıcıl olaraq davam etdirərək genişləndirməklə əvvəl Banqladeşdə, sonra isə Asiyada və dünyada məşhurlaşmışdır. Bundan sonra, o, yoxsul insanları işə cəlb etməklə geniş imkanlara malik Grameen Şirkətlər Şəbəkəsini formalaşdırmış, kasıb adamların çalışıb yaşamaları üçün daha geniş iş şəraiti formalaşdırmışdır. Nəhayət, Məhəmməd Yunus 2-4 fevral 1997-ci il tarixində Vaşinqtonda Ümumdünya Mikrokredit Zirvə Toplantısını keçirməyə nail olmuşdur. Bu qlobal forumda ABŞ Maliyyə  xəzinədarlığının rəhbər şəxslərinə Dünya Bankının prezidentinin, Birləşmiş Millətlər Təşkilatından İnkişaf Proqramının, Uşaq Fondu, Əhali Fondunun icraçı direktorlarının, YUNESKO-nun Baş katibi Frederiko Mayorun, ABŞ Prezidentinin birinci xanımı Hillari Klintonun kimi tanınmış nümayəndələrin iştirakı və çıxışları Məhəmməd Yunusun və onun rəhbərlik etdiyi Grameen Bankın beynəlxalq birlik tərəfindən dəstəklənməsində mühüm hadisəyə çevrilmişdir. Yoxsulluğun aradan qaldırılması hərəkatındakı uzunmüddətli böyük xidmətlərinə görə Məhəmməd Yunus 2006-cı ildə Beynəlxalq Nobel Sülh mükafatına layiq görülmüşdür. "Kasıbların bankiri" kitabındakı annotasiyadan öyrənirik ki, Məhəmməd Yunis "20 ölkə universitetlərinin 50-dən çox fəxri  dərəcəsinə, 26 ölkənin 112 mükafatına, o cümlədən, 10 ölkənin Dövlət Mükafatına layiq görülmüşdür".  

Qeyd etdiyim kimi, dünyada sosial biznes və mikrokreditlər sayəsində ad-san qazanmış Məhəmməd Yunus 18-21 iyun 2016-cı ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevin təşəbbüsü ilə Azərbaycanda səfərdə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla dövlətimizin zirvəsində keçirilən görüşdə  onun sosial biznes və mikrokreditlər hərəkat sahəsindəki təcrübəsi ətrafında işgüzar söhbət aparılmışdır. Bundan başqa, Məhəmməd Yunusun İsveçdə yaşayan tanınmış Amerika yazıçısı Alan Jolislə birlikdə hazırladığı "Kasıbların bankiri" kitabı 2016-cı ildə Bakıda "Avrasiya Press" nəşriyyatında Azərbaycan dilində nəşr olunmuşdur. Beynəlxalq Avrasiya Mətbuat Fondu 20 iyun 2016-cı ildə Bakıda bu kitabın Nobel Sülh mükafatçısının özünün iştirakı ilə geniş təqdimat mərasimini keçirmişdir. Təqdimat mərasimində iştirak edən tanınmış Azərbaycan ziyalıları, millət vəkilləri, iqtisadçılar Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun dünyada yoxsulluğun aradan qaldırılması uğrunda apardığı dönməz mübarizəyə yüksək qiymət vermiş, "Kasıbların bankiri" kitabını yoxsulların nicat yolu və yoxsulluğun aradan qaldırılmasının müsbət Asiya təcrübəsi kimi yüksək dəyərləndirmişlər. ADA Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri tələbələri ilə keçirilmiş görüşlərdə Məhəmməd Yunusun təcrübəsi və baxışları iqtisadçı alimlərin diqqətinə və Azərbaycanın gələcək iqtisadçıları olacaq tələbə gənclərə çatdırılmışdır. Məhəmməd Yunusun Azərbaycanda olduğu günlərdə bazar iqtisadiyyatı yolu ilə irəliləyən ölkəmizin elmi-ictimai mühitində sosial biznes və mikrokreditlər üzrə keçirilən müzakirələr iqtisad elminin inkişafı əlaqələrimizin genişləndirilməsi baxımından səmərəli olmuşdur.

Nobel Sülh Mükafatçısı, banqladeşli  professor Məhəmməd Yunus ilə Bakı şəhərində keçirilmiş görüş və onun Alan Jolislə birlikdə hazırladığı "Kasıbların bankiri" kitabının təqdimatı müstəqillik illərində Azərbaycanda nobelçilərlə  görüşlər təşkil etmək ənənəsinin növbəti davamı idi. Bu görüş eyni zamanda, diqqəti ölkəmizdə inkişafın yeni mərhələsinin daha böyük perspektivləri haqqında düşünmək üçün addımlar atmağa istiqamətləndirən əhəmiyyətli bir tədbir idi. Görüşdəki Məhəmməd Yunusun aydın və qətiyyətli çıxışı tutduğu mübarizə yolunu iqtisadi fəaliyyətdən çox əqidə işi kimi qəbul etmiş, fədakarlıq nümunəsi olan yoxsulluqdan xilas olmaq hərəkatı ideoloqunun növbəti xitabını ifadə edən monoloqu kimi səslənirdi. Məhəmməd Yunusun nitqi yalnız "Kasıbların bankiri" kitabının məqsədini və mahiyyətini izah etməyə deyil, sanki həmin kitabın davamı olan çağırışlarını Azərbaycanın oxucu auditoriyasına çatdırmaq üçün yaranmış fürsətdən faydalanmaq cəhdləri idi. Bu əhəmiyyətli görüş Məhəmməd Yunusun əqidəsi ilə əməllərinin vəhdət təşkil etdiyini əyani şəkildə nümayiş etdirirdi.

Azərbaycan dilində yüksək poliqrafik səviyyədə çap olunmuş "Kasıbların bankiri" kitabı yoxsulluqla çətin mübarizədə insan iradəsi faktorunun maliyyə amilindən üstün və zəruri olmasına dərin inam yaradan qiymətli mənbədir. Məhəmməd Yunus qəti olaraq bu fikirdədir ki, yoxsulluqla mübarizə - əslində, həyat və gələcək uğrunda mübarizə deməkdir. İnsanlıq sevgisi, özünəinam, maarifçilik, bir də iradə və ümid bu mübarizənin əsas hərəkətverici qüvvəsidir. "Kasıbların bankiri" kitabından çıxan əsas nəticə bundan ibarətdir. Nəticə etibarilə "Kasıbların bankiri" kitabı insan iradəsinin manifestidir. Fikrimizcə, "Kasıbların  bankiri" kitabının Azərbaycan nəşrinə ön söz yazmış Beynəlxalq Avrasiya Mətbuat Fondunun Sədri Umud Mirzəyevin bu kitabı "yer üzünün əşrəfi olan insana verilən yüksək dəyər və onun uğrunda aparılan mübarizələr, mücadilələr toplusu kimi" dəyərləndirilməsi də burada insan iradəsinin gücünə və imkanlarına inamın  əsas yer tutmasının diqqət mərkəzinə çəkilməsinin ifadəsidir.

Əsasən, sosial-iqtisadi həyatın çətin, məşəqqətli və məsuliyyətli dərslərinə həsr edilmiş "Kasıbların bankiri" kitabı həyatı bütün dərinlikləri ilə əks etdirən məzmunlu və ibrətamiz bədii əsər təəssüratı yaradır. Təsadüfü deyildir ki, Məhəmməd Yunus özü də "Kasıbların bankiri"ni kitabını "Grameen hekayəsi" adlandırmaqla kitabda real həyat hadisələrinin üstün yer tutması ilə bərabər, yaradıcı bədii fantaziyanın da mövcudluğunu etiraf etmişdir.

Kitabda "Kiçik Banqladeş" kimi təqdim edilən Cobra kəndinin kasıb insanları "yoxsulluq adası" kimi təsvir olunan bu kənddə və ona bənzər kəndlərdə yaşayan kasıb adamların ümumləşdirilmiş obrazlardır. Cobra kəndində gedən proseslər görkəmli yazıçı və böyük ictimai xadimi Cəlil Məmmədquluzadənin (1869-1932) əsərlərində, ürək yanğısı ilə təsvir etdiyi XIX əsrin sonlarındakı Azərbaycan kəndlərində baş vermiş əhvalatları xatırladır. Cobra kəndinin kasıb və pak adamları ilə Cəlil Məmmədquluzadənin Məhəmmədhəsən əmi, Zeynəb, Novruzəli, usta Zeynal kimi "kiçik adamları" arasında tale ortaqlığı və mənəvi yaxınlıq vardır. Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə Məhəmmədhəsən əmilərin nicat yolunu Xudayar bəylərin mənəvi-iqtisadi əsarətindən xilas olmaqda gördüyü kimi, Beynəlxalq Nobel Sülh mükafatı laureatı, Banqladeşdən olan Məhəmməd Yunus da ölkəsinin zavallı və yoxsul təbəqəsinin insan kimi yaşamaq haqqı qazanmaları üçün fəaliyyətlərində şəxsi qazancı üstün tutan və adamları ələbaxımlığa alışdıran bankların girovundan qurtarıb, zəhmətlə məşğul olmaqda və təhsilə yiyələnməkdə axtarmışdır. Bu mənada "Kasıbların bankiri" kitabı Azərbaycan oxucusu üçün sanki "Cobra kəndinin əhvalatları", yaxud adı dəyişdirilmiş "Danabaş kəndinin əhvalatları" təəssüratları yaradır. Məhəmməd Yunusun Cobra kəndinin aclıq dövründəki vəziyyəti haqqındakı Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin əsərlərində təqdim olunan hadisələrə bənzəyən aşağıdakı təsvirlərini iqtisadçı təfəkkürlü bir insanın həyatın dərinliklərinə işıq salan yazıçı müşahidələrinin məhsulu olan "əhvalatlar" adlandırmaq olar:

"Banqladeşi aclıq bürümüşdü. Qəzetlər şimaldakı uzaq kənd və rayonlarda ölüm və aclıqla bağlı dəhşətli xəbərlər yayırdılar... Bir müddət sonra Dakka  dəmir yolu stansiyasında və avtobus dayanacaqlarında skletə bənzər insanlar göründü... Siz kimin sağ, kimin ölü olduğunu müəyyən edə bilməzdiniz... Qocalar uşaq, uşaqlar qoca kimi görünürdü. Hökumət şəhərin xüsusi yerlərində əhaliyə duru sıyıq paylayan yeməkxanalar açmışdı. Lakin bu yeməkxanalar ac insanların sayı ilə müqayisədə çox darısqal idilər.

... Dini qurumlar müvafiq ayinləri icra etmək və acından ölənləri yandırmaq üçün cəsədləri yığmağa çalışırdılar.

... İnsanların ölümünün ... ən dəhşətlisi və qəbuledilməsi mümkünsüz olanı aclıqdan ölməkdir. Bu müsibət nöqtəsində həyatla ölüm bir-birinə elə yaxın olur ki, ayırd edə bilmirsən, yerə yıxılan ana və uşaq bu dünyaya aiddir, yoxsa o biri dünyaya".

"Kasıbların bankiri" kitabında haqqında bir qədər geniş söz açılan yoxsul insanların vəziyyətinin təqdimatı Cəlil Məmmədquluzadənin əsərlərindəki acı taleyə malik kənd adamlarının təsvirlərini yada salır. Hətta müəlliflər özləri də küçə dilənçisi olan Ammajan Aminanın yanıqlı və acınacaqlı taleyini oxuculara çatdırarkən bunun bir "həyat hekayəsi" olduğunu qeyd edirlər: "Bizim ilk borc alanlarımızdan biri olan Ammajan Amminanın həyat hekayəsi mikrokreditlərin bir küçə dilənçisi üçün nələr edə biləcəyinin göstəricisidir". "Kasıbların bankiri"ndən gətirdiyimiz aşağıdakı həyat materialını həm də bədii əsərdə təsvir olunan səhnə kimi də qəbul etmək olar:

"Ammajanın altı uşağından dördü aclıqdan və xəstəlikdən ölmüşdü. Özündən çox böyük olan Həyat xəstə idi. Bir neçə il ərzində ailəsinin əmlakının çoxunu müalicəyə xərcləmişdi. Onun ölümündən sonra Amminaya qalan təkcə ev idi. O, qırx yaşında idi... Banqladeş standartları ilə qoca sayılırdı... O, savadsız idi və əvvəllər heç vaxt pul qazanmamışdı.

... Qapı-qapı gəzərək evdə hazırladığı tortları və şirniyyatları satmağa çalışırdı. Lakin o, bir gün evə gələndə, qaynının  onun dam örtüyünü satdığını və alıcının onu sökməklə məşğul olduğunu görmüşdü. Musson yağışları onun palçıq divarlarını da dağıtmışdı... Həmkarım Nurcahan onunla görüşəndə Ammajan Amina yeganə sağ qalan övladını qucağında saxlamışdı. O, ac, dərdli və ümidsiz idi. Ona kredit verəcək ... hər hansı borc verəndən söhbət gedə bilməzdi. Lakin Grameen kreditləri ilə o, bambuk səbətlər hazırlamağa başladı..."

Əslində, "Kasıbların bankiri" kitabı kasıbların yoxsulluqdan normal həyata doğru təkamül proseslərinin dastanıdır. Kitabda Kasıbların bankı və bankirinin fəlsəfəsini, mübarizəsini ifadə edən fikirlər həm də müəlliflərin ali  məqsədlərinin etirafıdır. "Bizim hər bir üzvümüzlə (Grameen Bankın müştəriləri nəzərdə tutulur - İ.H.) bağlı iki milyondan artıq bu cür həyat hekayəsi vardır" - deyən Məhəmməd Yunus və Alan Jolis kasıblığın və yoxsulluqdan  xilas olmağın mükəmməl bir romanını yaratmışdır.

Məhəmməd Yunusun "Kasıbları bankiri" kitabında təqdim etdiyi Sutia Bəyim, Manzıra xanım, Nurcahan, Hajeepa Begum, Fəridə, Ammajan Amina Banqladeşdə yaşayan real insanlar olmaqla bərabər, həm də əzablı yollardan keçmiş sadə Asiya qadınlarının zəhmətkeş simasını və onların yaşadıqları çətin təkamül proseslərini, həyat hekayələrini çox dolğun şəkildə əks etdirən obrazlardır. Həyatın dibindən gələn əzabkeş və zəhmətkeş qadınların özlərinin zəhmətləri ilə yoxsul kəndli qadınından Banqladeşdə və tədricən beynəlxalq miqyasda yoxsulluqdan xilas olmaq hərəkatının əsas iştirakçılarına çevrilmələri Asiya qadınlığının həyat və dirçəliş yolu haqqında dolğun və obyektiv təəssürat yaratmağa uğurla xidmət edir. Yoxsulların tale romanı olan "Kasıbların bankiri" kitabında təsvir edilən Banqladeş qadınlarının məşəqqətli güzarandan normal həyata və özünüdərketməyə doğru keçdiyi yol Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadənin qadın obrazlarından Cəfər Cabbarlının qadın qəhrəmanlarına qədərki təkamül proseslərinin təqdimatları ilə səsləşir.

Kitabdakı kasıb Asiya müsəlmanların onlarla birlikdə çətin iqtisadi vəziyyətdə yaşayan hinduların, buddaların və digər dinlərə məxsus olan insanların birgəyaşayışından və mübarizəsindən, habelə oxşar talelərindən bəhs edilən məqamlar multikulturalizm baxımından müasir dünya üçün əhəmiyyətli çağırışlarıdır. Azərbaycan dövləti və xalqımız da multukultural dəyərlərin və tolerantlığın normal cəmiyyət üçün zəruri faktor olduğuna dərin inam bəsləyir və müasir dünyaya bunun real həyat tərzi ilə isbat olunan əsl nümunəsini göstərir. Bu cəhətdən Məhəmməd Yunusun təqdim etdiyi Banqladeşdəki multikultural  cəmiyyət həyat səviyyəsi etibarilə ölkəmizlə səsləşməsə də, Azərbaycan dövlətinin və xalqımızın təqdir etdiyi birgəyaşayış normaları ilə uyğun gəldiyi üçün ciddi maraq doğurur və bu sahədə  ölkəmizdə aparılan siyasətin reallıqlarını və üstünlüyünü bir daha təsdiq edir.

"Kasıbların bankiri" təkcə yoxsullar haqqında deyil, həm də kasıb banklar haqqında kitabdır. Daha çox böyük sərmayadarlarla iş quran, imkanlı təbəqənin maliyyə imkanlarına ümid bağlayan və bir müddət gəlir əldə etsə də, istənilən böhran zamanı iflas etmək təhlükəsi qarşısında qalan varlılara xidmət edən banklardan fərqli olaraq, sadə, yoxsul insanlara dayaq duran, öz fəaliyyətini onların fədakar zəhməti ilə uyğunlaşdıran bankların sabit bir dinamika ilə inkişaf etməsinin reallıqları "Kasıbların bankiri" kitabında real həyat materialı əsasında isbat olunmuşdur. Kitabın müəllifi Məhəmməd Yunusun 17 funt həcmində sərmayə ilə kiçik faizlə sələmçilik fəaliyyətinə başlayıb, mikrokreditlər hesabına Grameen  Şirkətlər Şəbəkəsi təşkil etmək səviyyəsinə çata bilməsi bank sektorunu təmsil edənlər üçün nümunəvi bir təcrübədir.

Kitabda yoxsulların təhsil alması və ümumiyyətlə, təhsildə islahatlarla əlaqədar olan bölmələrdə Məhəmməd Yunus haqlı olaraq maarifçiliyi normal cəmiyyətin inkişaf dinamikasının real fəlsəfəsi hesab edir. Onun Banqladeş cəmiyyətindən göstərdiyi nümunələr maarifçiliyin həyati gücünü gerçək həqiqətlər vasitəsi ilə bir daha təsdiqləyir. Buradan çıxan əsas nəticələrdən biri ondan ibarətdir ki,  maarifçiliyin üstün olduğu cəmiyyətlərdə bütün sahələrdə, o cümlədən, kasıblıqdan xilas olmaqda real inkişafın baş verməsi labüddür. Əslində, professor Məhəmməd Yunus sadə insanların taleyində kiçik sahibkarlığın böyük imkanlara malik olması qənaətinə də iş adamı, yaxud bankir olmadıqdan qabaq Çittaqonq Universitetinin müəllimi ikən bir maarifçi kimi oxuduqları və müşahidə etdikləri vasitəsi ilə apardığı təhlillər əsasında gəlib çıxmışdır. Bu mənada Məhəmməd Yunusun özünün sadə bir universitet müəllimliyindən, Grameen Holdinqin rəhbəri olmaq səviyyəsinə gəlib çatması da maarifçiliyin nə qədər böyük imkanlara malik olduğunu əyani şəkildə nümayiş etdirir. Bundan başqa, Məhəmməd Yunusun və onunla birlikdə çalışan insanların Grameen Bankın kasıb müştəriləri arasında həyata keçirdikləri maarifçilik işi sadə insanların həyatının dəyişdirilməsində təhsilin yaratdığı təkamül proseslərini addım-addım izləməyə imkan yaradır. Buradan çıxarılan bir nəticə də bundan ibarət ola bilər ki, biznes fəaliyyətinə iqtisadi-maliyyə maraqları dalğasında gələnlərdən fərqli olaraq, təhsildən, maarifçilikdən gəlməli olanların maliyyə imkanları az olsa da, yolları daha uzun, dayanıqlı və davamlıdır. Məhəmməd Yunus kimi universitetdən biznesə gəlmiş və işini maarifçilik üstündə kökləmiş insanların ən böyük qazancları isə maliyyə resusları əldə etmək yox, sadə insanlara halal və minimum rahat həyat şəraiti yaratmaqda dəstək olmaqdan ibarətdir. "Kasıbların bankiri" kitabı sərmayadar biznesmenlə maarifçi bankirin fərqini və yolunu bütün  reallıqları və mahiyyəti ilə birlikdə həyati şəkildə əks etdirir.  

Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunusun sosial biznes sahəsində fərdi sahibkarlığa dair konsepsiyası yoxsulluqdan xilas olmaq üçün düşünülsə də, ümumiyyətlə, keçid dövrünü və ya inkişafın başlanğıc mərhələsini yaşayan ölkələrdə bazar iqtisadiyyatını formalaşdırmaq baxımından olduqca əhəmiyyətlidir. Bu, mikrokreditlər hesabına kiçik sosial biznes obyektləri, ailə təsərrüfatları yaratmaqla yoxsulluqdan xilas olmağın Məhəmməd Yunus modelidir. Fərdi  sahibkarlığa doğru böyük hərəkatın genişlənməkdə olduğu inkişaf etməkdə olan ölkələr üçün də əhəmiyyətli olacağını nəzərə alaraq, xüsusi bir şərh etməyə ehtiyac görmədən yoxsulluqdan dirçəlişə doğru Məhəmməd Yunus konsepsiyasının əsas müddəalarını  olduğu kimi oxucuların diqqətinə çatdırmağı faydalı hesab edirəm:

"Fərdi sahibkarlığın muzdlu əmək üzərində bəzi üstünlükləri:

1. İş saatları dəyişəndir və hər hansı ailə vəziyyətinə uyğunlaşdırıla bilər.

2. Fərdi sahibkarlıq həyatdan başı çıxan, kitablardan və texniki məktəblərdə əldə olunmuş təlimdən çox nəsildən-nəsilə ötürülmüş ənənəvi bacarıqlara malik olan insanlar üçündür...

3. Bu - insanlara zövq aldıqları hobbilərini gəlirli bir məşğuliyyətə çevirmək imkanı yaradır.

4. Bu - sərt tabeçilik şəraitində işləyə bilməyən insanlara öz bacarıqlarını nümayiş etmək imkanı yaradır.

5. Bu - sosial yardım asılılığından qurtarmaq üçün, sadəcə maaş qulu deyil, bir mağaza açmaq və ya istehsalat sahəsi yaratmaq üçün imkanlar təklif edir.

6. Bu - iş tapmış amma hələ də yoxsul olan insanlara əlavə yardım edə bilər.

7. Bu - işdən azad olunmuş insanlara depressiyaya düşüb təcrid edilmək yox, bir biznes qurmaq üçün mənəvi dəstək verir.

8. Bu - köhnəfikirlilik qurbanı olub, dərisinin rənginə və milli mənsubiyyətinə görə işə götürülməyənlərə yaşamaq üçün maliyyə vəsaiti qazanmaq imkanı verir.

9. Fərdi sahibkarlıq işinin yaradılmasının orta hesabla xərci məşğulluq məqsədilə iş yeri yaradılmasından on, iyirmi və ya yüz dəfə ucuzdur.

10. Bu - təcrid olunmuş yoxsul bir insana addım-addım özünə inam hissi qazanmaqda kömək edir".

Fərdi sahibkarlığa dair Məhəmməd Yunus konsepsiyası işdən təcrid olunmuş yoxsul adamdan özünü və ailəsini yaşada bilən, cımiyyət üzvü olan insana doğru inkişafın sınaqlardan çıxmış düsturudur.

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus bəşəriyyətin yaxın və uzaq gələcəyinin, "Yoxsulluq olmayan dünya" adlı ideal cəmiyyətin əsas istiqamətlərini, ana xətlərini "Kasıbların bankiri" kitabında sadə insanların böyük zəhmətlərinin və həyat eşqinin timsalında real səhnələrlə bəyan etmişdir. Kitabın ilk variantının yazıldığı XX əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəllərində müəllifin yoxsulluqdan xilas olacaq cəmiyyət haqqındakı mülahizələri oxuculara elmi fantastika kimi görünsə də, 2016-cı ildə "Kasıbların bankiri"nin Azərbaycan nəşri meydana çıxarkən ötən dövr ərzində dünyada baş verən dəyişikliklər yoxsulluğun azaldılması istiqamətində böyük dönüşə nail olmağın mümkünlüyünü isbat etmişdir. Bu müddət ərzində Azərbaycan Respublikasında da yoxsulluq səviyyəsi qırx doqquz faizdən beş-alı faizə endirilmişdir. Başqa ölkələrdə də həmin istiqamətdə müsbət dinamika müşahidə olunmaqdadır. Deməli, "Kasıbların bankiri" kitabının müəllifi Məhəmməd Yunusun arzu etdiyi və uğrunda mübarizə apardığı yoxsulluq olmayan dünya idealı fantastikadan reallığa doğru istiqamət almış və xeyli məsafə qət etmişdir. Bununla belə, "Kasıbların bankiri" kitabında Məhəmməd Yunusun yoxsulluqdan xilas olmuş böyük gələcəyə dair aşağıdakı ümid və işıq dolu fikirləri təkcə bir ölkənin deyil, bütövlükdə bəşəriyyətin sabahı və idealları haqqında zəruri çağırışlar kimi öz aktuallığını saxlamaqdadır: "Gələn əsr (XXI əsr nəzərdə tutulur - İ.H.) dünyada nələr olacaq? Sual 2050-ci ildə bizim harada olacağımızı düşünmək deyil, dünyanın harada olmasını görmək istəyimizdir.

O vaxta qədər mən yoxsulluğun olmadığı bir dünya görmək istəyirəm. Bu o deməkdir ki, planetdə yoxsul kimi təsvir oluna bilməyən bir nəfər də olsun insan olmayacaqdır. O vaxta qədər "yoxsulluq" sözü də indiki qədər məna kəsb etməyəcəkdir. Bu söz yalnız keçmişə istinad etməklə başa düşülməlidir. Bizim nəvə- nəticələrimizin yoxsulluğu görə biləcəkləri yeganə yer muzeylər olacaqdır. Məktəblilər müəllimləri ilə bu yoxsulluq muzeylərinə səfər edəndə, onlar insanların bu səfalət və rəzalətini  görərək dəhşətə gələcəklər".

Yoxsulluqdan xilas olmağın mümkünlüyünə inanan və yollarını göstərən Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus dünyanın müxtəlif qitələrində öz ideyalarını yaymaq və "yoxsulluq olmayan dünya" qurmaq üçün çıxışlar etməkdə, məqalələr çap edib yaymaqda, danışıqlar aparmaqda davam edir. O, bütün varlığı ilə inandığı və bəşəriyyətə xidmət etmək üçün əhəmiyyətli hesab etdiyi bu şərəfli və məsuliyyətli yolun fədakar mücahididir. Bu günlərdə, 2020-ci ilin ilk aylarından etibarən dünyanı bürümüş koronovirusla mübarizə dövründə və pospondemiya zamanı dünya iqtisadiyyatını yenidən qurmaq üçün Məhəmməd Yunusun irəli sürdüyü ideyalar bir daha beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə başlamışdır. Professor Məhəmməd Yunusun "Postpondemiya dövründə yenidənqurma proqramı" adlandırdığı bu layihə yeni tarixi epoxanın doğurmaqda olduğu qlobal iqtisadi tənəzzüldən xilas olmağın  münasib alternativ variantlarından biridir. Məhəmməd Yunusun "Pospondemiya dövründə yenidənqurma proqramı"nı təqdim edib yaymaq üçün nəzərdə tutduğu ilk ölkələrdən biri olaraq Azərbaycanı seçməsi onun müstəqil dövlətimizə və xalqımıza böyük ehtiramının ifadəsi olmaqla bərabər, həm də Prezident İlham Əliyevin bu günlərdə ölkəmizdə və beynəlxalq miqyasda qlobal koronovirus bəlasından xilas olmaq və pandemiyadan sonrakı yeni dünyanı qurmaq uğrunda irəli sürdüyü böyük təşəbbüslərə, atdığı düşünülmüş addımlara bəslənilən inamdan ibarətdir. Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun "Pospondemiya dövründə yenidənqurma proqramı"nı ölkəmizə göndərməsi və yayılmasını arzu etməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya ictimaiyyətini koronavirusla mübarizəni birlikdə aparmağa və postpandemiya dövrünün vəzifələrini həyata keçirərək birgə yeni dünya qurmağa çağırışlarına verdiyi yüksək qiymətin, dövlət rəhbərimizin mövqeyi və ideyaları  həmrəyliyin əyani təzahürüdür. Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevin təqdimatı ilə "Məhəmməd Yunusun "Postpandemiya dövründə yenidənqurma Proqramı"nın mətninin "525-ci qəzet"in  9 may 2020-ci il tarixli sayında tam halda çap edərək xalqımıza çatdırması Azərbaycanda dövlət səviyyəsində koronovirusla mübarizədən postpandemiyaya doğru aparılan ardıcıl mübarizəyə məntiqi mənada beynəlxalq aləmdə olan həmrəylik və reaksiyasını çatdırmaqla yanaşı, həm də bir daha bu məsuliyyətli prosesə geniş ictimaiyyətin müxtəlif variantlarda nəzər salaraq, ortaq mövqelərin müəyyən edilməsinə köməklik göstərməyin nümunəsidir.

"Yeni və dayanaqlı bir dünya quraq" - ideyasını bəyan edən "Postpandemiya dövründə yenidənqurma proqramı" onun müəllifi Məhəmməd Yunusun XX əsrin sonlarında irəli sürdüyü "yoxsulluq olmayan dünya qurmaq" idealını tamamlayan və yeni dövrün vəzifələrinə istiqamətləndirən cəlbedici və əhəmiyyətli bir iqtisadi doktrinadır. Bu, "dünyanı yenidən qurmaq" haqqında irəli sürülmüş Məhəmməd Yunusa məxsus sosial-iqtisadi modeldir. Məhəmməd Yunusun yenidənqurma proqramı pandemiyadan əvvəlki dövrə qayıdaraq keçmiş inkişaf vəziyyətini bərpa etməyə deyil, müasir sosial trendləri müəyyənləşdirib həyata keçirməklə fərqli bir yüksəlişə çatmaq üçün hesablanmış yeni iqtisadi platformadır. "525-ci qəzet"də getmiş "Postpandemiya dövründə yenidənqurma proqramı" müasir dünyanın fərqli iqtisadi inkişafının yeni müddəalarını irəli sürür: "Biz dünyanı koronavirusdan əvvəlki dövrünə qaytarmalıyıq, yoxsa dünyanı yenidən qurmalıyıq?.. Artıq istəmədiyimiz istiqamətə doğru yönələ bilərik... Əsas budur ki, yeni bir başlanğıc üçün koronavirus böhranı bizə sonsuz imkanlar yaratdı... Artıq  üsul və qaydalarımızı demək olar ki, təmiz bir səhifədən hazırlıya bilərik.

... Biz "bərpa" adı ilə bir daha eyni alovun içinə atılmaq istəmirik... Məqsədimizi daha aydın göstərmək üçün bunu "yenidənqurma proqramı" adlandıra bilərik.

... Kompleks yenidənqurma planında mən aparıcı rolun biznesin yeni forması olan sosial biznesə verilməsini təklif edirəm. Bu investorun ilkin sərmayəni geri götürmək hüququ istisna olmaqla, əlavə şəxsi mənfəət güdmədən insanların problemlərinin həllinə yönələn biznes sahəsidir. İlkin sərmayə geri qayıtdıqdan sonra bütün sonrakı mənfəət yenidən həmin biznesə yatırılır.

"Postpandemiya dövründə yenidənqurma proqramı Məhəmməd Yunusun "Kasıbların bankiri" kitabında arzu etdiyi yoxsulluq olmayan dünya"  proqnozlarıdır. Hansı ölkədə həyata keçirilib-keçirilməyəcəyindən aslı olmayaraq, Postpandemiya dövründə yenidənqurmanın alternativ proqramını hazırlamaqla Məhəmməd Yunus bəşəriyyatin daha xoşbəxt gələcəyinin qurulmasına xidmət edən əhəmiyyətli bir addım atmışdır.

"Kasıbların bankiri"nin həmmüəllifi İsveçrədə yaşayan istedadlı Amerika  yazıçı və jurnalisti Alan Jolisin Banqladeş həyatını dərindən öyrənməsi, Məhəmməd Yunusun həyatı və mübarizəsinə yaxından bələd olması və onun şəxsiyyətinə və idellarına rəğbət bəsləməsi kitabın yüksək səviyyədə alınmasında mühüm əhəmiyyət kəsb etmişdir. Məhəmməd Yunus Banqladeşdə yoxsulların həyatının böyük dönüşə doğru inkişafının yorulmaz sükançısı olması ilə, Alan Jolis isə qeyri-adi fədakarlıq hesabına yaradılmış reallıqların yüksək peşəkarlıqla yazıya köçürülməsinə yardımçı olmaqla mühüm tarixi missiyanı həyata keçirmişlər. 

Nəticə: Məhəmməd Yunusun  "Kasıbların bankiri" kitabı təkcə yoxsullar üçün deyil, cəmiyyətin bütün təbəqələri üçün faydalı və düşündürücü kitabdır.

Məhəmməd Yunus özünün sadə və fədakar həyat yolu, şəxsi təcrübəsi əsasında kasıbların bankiri olmaqla və yoxsullara minimum həyat bəxş etmək uğrunda mübarizə aparmaqla nəinki halal sərmayə sahibi olmağın, hətta Nobel Sülh Mükafatı Laureatı səviyyəsinə çatmağın da mümkünlüyünü isbat etmişdir.

Kasıblıq, yoxsulluqla mübarizə bir ölkə ilə məhdudlaşmayıb, yer kürəsinin demək olar ki, əksər ölkələrində rast gəlinən hadisə olduğu üçün "Kasıbların bankiri" kitabında təqdim edilən Banqladeş Grameen Bank təcrübəsi və Məhəmməd Yunusun kiçik fərdi sahibkarlıq "əfsanəsi", habelə sosial biznes konsepsiyası dünyanın digər ölkələri üçün çıxış yolları tapmağa, eyni zamanda, özünəinam hissinin aşılanmasına kömək edən, ibrətamiz  nümunədir. Haqlı olaraq Uels Şahzadəsi də bu ibrətamiz və oxunaqlı kitaba yazdığı müqəddimədə "Kasıbların bankiri" kitabının əhəmiyyətini "qlobal çətinliklərə bəşəri həll yolu tapanlar üçün xüsusi xatırlatma" olmasında görmüşdür.

"Kasıbların bankiri" kitabı sahibkarlar və bankirlər üçün həyat dərsliyidir.

"Kasıbların bankiri" - yoxsulluqdan xilas olmaq üçün mötəbər bələdçi və rəhbərlik kitabıdır.

"Kasıbların bankiri" kitabı kasıblığın dirçəliş marşıdır.

"Kasıbların bankiri" kitabı Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunusun həyat fəlsəfəsi və tale romanıdır.

"Kasıbların bankiri" kitabı - insan iradəsinin manifestidir.

Nobel Sülh mükafatına layiq görülmüş əfsanəvi bir insan haqqında yazılmış kitabın həmmüəllifi olmaq yazıçı-jurnalist Alan Jolisin şansıdır.

Məhmməd Yunusun sosial-iqtisadi konsepsiyaları və proqramları dünyada kasıblıqdan xilas olmaq və yoxsulluq olmayan yeni dünya qurmaq uğrunda aparılan mübarizənin mükəmməl yol xəritəsidir.

İsa HƏBİBBƏYLİ, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

525-ci qəzet