XƏBƏRLƏR Arxiv 2032 Çap et
19.06.2020 / Yeni nəşrlər Ömrün şərəfli illəri

Dili canından çox sevən, yorulmadan onun problemlərindən yazan filologiya ilə bağlı zəngin tədqiqatları, araşdırmaları ilə dilimizin sehirli dünyasını yaşadanlardan biri də filologiya elmləri doktoru, professor Sayalı Sadıqovadır. Dilimizin sehrli dünyasına baş vurmaq, xalqımı­zın söz sərvətinin incəliklərini duyaraq qələmə almaq hər kəsə nəsib ol­mur. Bunu duyanlar əbədi yaşarlıq qazanır. Dilimizin qorunması və inkişafı sahəsində mühüm xidmətləri olan alimin yaradıcı­lığı ana dilimizin zənginliyinə həsr olunmuşdur. Onun yaradıcılığında xalqımızın mənəvi varlığı olan ana dili və Azərbaycan dilçiliyinin ən aktual problemləri tədqiq olunur və bu tədqiqatlar orijinallığı, elmi səviyyəsi ilə seçilir.

Əsl ziyalıya xas olan yüksək intellekt səviyyəsi ilə seçilən görkəmli alim, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova 1960-cı il iyunun 22-də Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (APİ) Filologiya fakültəsinə daxil olmuş, təhsil aldığı illərdə universitetin Həmkarlar Təşkilatının sədri, Tələbə Elmi Cəmiyyətinin sədr müavini işləmişdir. Onun ikinci kursda ilk məqaləsi nəşr olunmuşdur.

1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən S.Sadıqova 1981-1984-cü illərdə "Azərbaycan dili" ixtisası üzrə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin aspirantı olmuşdur. 1984-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi vəzifəsinə işə başlayan alim 1986-cı ildə “Azərbaycan ədəbi dilində termin-söz birləşmələri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Sonrakı illərdə də dilçiliyin müxtəlif sahələri, xüsusilə terminologiya, leksikologiya, dil tarixi, dil nəzəriyyəsi və dil əlaqələri ilə bağlı araşdırmalarını davam etdirmiş, sanballı məruzələrlə müxtəlif elmi konfranslarda çıxış etmişdir. Alimin terminologiya və onun müxtəlif nəzəri problemlərinə həsr edilən məqalələri elmi jurnallarda və toplularda dərc olunmuşdur.

S.Sadıqova bu sahədəki fəaliyyətini davam etdirmək məqsədi ilə 1994-1997-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunda doktorluq üzrə doktoranturaya qəbul olmuşdur. 1999-cu ildə o, “Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması və inkişafı” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Alim tərəfindən fizika-riyaziyyat terminlərinin inkişaf tarixi, yaranma mənbələri, üsulları, beynəlxalq terminlər, onların terminoloji lüğətlərdə verilməsi qaydaları tədqiq edilmişdir. Həmin sahə ilə bağlı “İzahlı fizika-riyaziyyat terminləri lüğəti” nəşr olunmuşdur.

O, 2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Terminologiya şöbəsinin müdiridir. 2001-ci ildən AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının, 2012-ci ildən isə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini və məsul katibidir. Bu illər ərazində alim tərəfindən Azərbaycan dilinin sabit terminologiyasının yaradılması qaydaya salınmış, elmin, texnikanın, iqtisadiyyat və mədəniyyətin ayrı-ayrı sahələri ilə bağlı konkret elmi prinsiplər müəyyənləşdirilmiş, terminoloji lüğətlərin tərtibi metodikası işlənilmişdir. Bu prinsiplər həyata keçirilərək, Terminologiya Komissiyasının qərarı ilə 140-a qədər terminoloji lüğət nəşr olunmuşdur.

Professor S.Sadıqova 2002-ci ildən AMEA RH yanında Terminologiya Komissiyasının xətti ilə nəşr olunan “Terminologiya məsələləri”  toplu­su­nun redaktorudur. Onun tədqiqatları ümumi dilçilik, terminologiya, ədəbi dil tarixi, tətbiqi dilçilik, onomastika və s. sahələrlə bağlıdır. Rəhbərlik etdiyi Termi­no­lo­giya şöbəsi isə elmi-texniki termino­logiyanın linqvistik məsələlərinin araşdırılmasında, ikidilli və çoxdilli (izahlı) terminoloji lüğətlərin tərtibində məhsuldar fəaliyyət göstərir. Bundan əlavə, S.Sadıqova terminologiya sahəsində respublika səviyyəli bir çox elmi konfransların təşəbbüsçüsü və təşkilatçısıdır.  

Terminologiyanın dilçiliyin müstəqil bir sahəsi kimi tədqiqində və inkişafında, nəzəri problemlərinin araşdırılmasında S.Sadıqovanın mühüm xidmətləri vardır. Müəllifin “Azərbaycan dilində fizika-riyaziyyat terminologiyasının formalaşması və inkişafı”, “Azər­bay­can dilində izahlı fizika-riyaziyyat terminləri lüğəti”, “Azərbaycan dili terminologiyasının nəzəri problemləri”, “Azərbaycan dilində terminologiyanın təşəkkülü və inkişafı”, “Терминологические словосочетания в Азербайджанском литературном языке”, “Müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi”, “Azərbaycan dilinin terminologiyası”, “Dilçiliyin nəzəri problemləri”, “Azərbaycan dilində terminologiyanın standartlaşdırma formaları”, “Müstəqillik illərində terminologiyanın inkişafı”, “Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi” əsərləri dilçilik elminə qiymətli töhfədir.

S.Sadıqova dil tarixi, terminologi­ya­, orfoqrafiya, nitq mədəniyyəti və dilçiliyin digər sahələrinin nəzəri problemlərinə dair 26 monoqrafiyanın, o cümlədən 300-dən artıq elmi məqalənin müəllifidir. O, elmin müxtəlif sahələri ilə bağlı Terminologiya Komissiyasının xətti ilə nəşr olunan 50-dən artıq terminoloji lüğətin redaktoru və "Ön söz"ünün müəllifidir. 

Elmi fəaliyyətinində nəzəri və tətbiqi məsələləri bir vəhdət halına gətirən tədqiqatçı nəzəri əsərlərlə yanaşı, “İzahlı dilçilik terminləri lüğəti”, “İzahlı yeni terminlər lüğəti”, “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti” kimi bir sıra lüğətlərin tərtibçisidir. Onun tərtib etdiyi “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti” respublikamızda fəaliyyət göstərən qeydiyyat idarələrində yeni doğulan körpələrə adların qoyulmasında əsas vəsaitdir.

Alimin dilçilik sahəsindəki uğurları respublikamızın hüdudlarından kənarda da nüfuz qazanmışdır. S.Sadıqova Moskva, Ufa, Daşkənd, Aşqabad, Alma-Ata, Tehran, Ankara və İstanbul şəhərlərində keçirilmiş elmi konfranslarda maraqlı məruzələrlə çıxış etmişdir. Onun əsərləri Rusiya, Qazaxıstan, Türkiyə və İranda nəşr olunmuşdur.

S.Sadıqova respublikamızda, eləcə də Türkiyə (İstanbul), Qazaxıstan (Astana) və İranda keçirilmiş konfrans və simpoziumlarda maraqlı məruzələrlə çıxış etmişdir. O, 2012-сi ildə Türkiyədə keçirilən Dil Qurultayında nümayəndə heyəti kimi iştirak etmişdir. Uzun müddət Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş, hazırda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Dilçilik üzrə Müdafiə Şurasının sədr müavini və Dilçilik İnstitutunda Elmi seminarın sədridir. Alim yüksəkixtisaslı kadrların yetişdirilməsində də uğurlu fəaliyyət göstərmişdir. Onun rəhbərliyi ilə dilçiliyin müxtəlif problemləri ilə bağlı filologiya üzrə 14 fəlsəfə doktoru, o cümlədən 2 elmlər doktoru hazırlanmışdır. S.Sadıqovaya 2008-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən "professor" elmi adı verilmişdir.

Onun terminologiya sahəsindəki elmi tədqiqatları respublikamızın hüdudlarından kənarda da nüfuz qazanmışdır. Alim Terminologiya Komissiyasının xətti ilə Azərbaycan dilinin təkcə respublikada deyil, onun hüdudlarından kənarda da qorunması istiqamətində mühüm işlər görür.

Prof. S.Sadıqova Türkdilli  Dövlətlərin  Əməkdaşlıq  Şurasının  dəvəti ilə İstanbul şəhərində 16 noyabr 2012-ci il tarixində keçirilmiş ilk iclasda iştirak etmiş, Türk  dillərinin vahid terminologiyasının yaradılması sahəsində Ekspertlər Komitəsinin və Ortak Terminoloji Qurumun üzvü seçilmişdir. Türk dillərinin ortaq əlifbasının qəbul edilməsi və prinsiplərinin hazırlanmasında iştirak etmişdir. O, 5 sentyabr 2013-cü ildə Türki kenesi Terminologiya Komitəsinin təşkilatçılığı ilə Qazaxıstanda yaranan Türki Akademiyasında "Türk dillərinin terminologiya məsələləri - termin yaradıcılığı prosesi" ilə bağlı toplantıda iştirak etmişdir. Toplantıda Türkdilli respublikalarda termino­lo­gi­yanın müasir vəziyyəti, inkişaf istiqamətləri müzakirə olunmuşdur. Türk dillərinin ortaq terminologiyasının yaradılmasının əsas problem kimi geniş şəkildə müzakirə olunmuş təşkilat Komitəsində iştirak etmiş və Türki kenesi Terminologiya Komitəsinin üzvü seçilmişdir. O, 2017-ci ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Dil Komissiyasının üzvüdür.

Alimin dilçiliyin mühüm problemlərinə - terminologiya, leksikologiya, dil tarixi, onomastikaya aid əsərləri, dövlət dilinə aid mətbuat səhifələrində dərc olunan məqalələri, Kütləvi İnformasiya Vasitələrində çıxışları res­pu­b­li­ka­mızın elmi ictimaiy­yə­ti tərəfindən maraqla qarşılanır.

Azərbaycan dil­çilik elminin inkişafındakı xidmətlərinə görə professor S.Sadıqova 12 dekabr 2005-ci ildə AMEA-nın 60 illiyi və 29 oktyabr 2010-cu ildə anadan ol­ma­sı­nın 50 illiyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Fəx­­ri fər­man ilə təltif edilmişdir. Həmçinin elmi və təşkilati fəaliyyətinə görə, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəq­qi” me­da­lına layiq görülmüşdür. O, 2017-ci ildə İnstitutunun Elmi şurasının qərarı ilə “İlin alimi”, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən Azərbaycan dilinin qorun­masının təmin edilməsindəki fəaliyyətinə, Vətənə və xalqa layiqli xidmətlərinə görə “İlin nüfuzlu ziyalısı” ali mükafatına, 2018-ci ildə yaradıcılıq fəaliyyətinə görə “Qızıl qələm” media mükafatına layiq görülmüşdür.

S.Sadıqova dilçiliyin müx­təlif sahə­lərinə həsr edilmiş çoxşaxəli yaradıcılığı ilə Azərbaycan dilinin qorunması və inkişafında mühüm xidmətləri olan ziyalıları­mız­dan­dır.

Məhərrəm Hüseynov, filologiya elmləri doktoru, professor