XƏBƏRLƏR Arxiv 1791 Çap et
07.08.2020 / Mühüm hadisələr AMEA tərəfindən keçirilən beynəlxalq konfransın iştirakçıları ölkə Prezidentinə müraciət ünvanlayıblar

“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” beynəlxalq onlayn konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətin tam mətnini təqdim edirik:

Möhtərəm cənab Prezident!

Sizin həyata keçirdiyiniz inkişaf konsepsiyası, apardığınız ardıcıl və məqsədyönlü, beynəlxalq təcrübəyə və ciddi elmi təhlillərə əsaslanan, konkret hədəflərə istiqamətlənmiş dövlətçilik siyasətinin nəticəsində Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətində davamlı və dinamik inkişaf tempini və yüksək sosial rifahı təmin edən unikal inkişaf modeli qurulmuş, bu model ölkəmizin bir çox qlobal böhranlardan minimum itkilərlə çıxmasına əsas yaratmışdır.

Dünyanı gərgin vəziyyətdə saxlayan COVID-19 pandemiyasının doğurduğu qlobal böhran da bu mənada istisna olmamışdır. Azərbaycan Respublikası pandemiya elan olunandan bu günə qədər onunla mübarizədə fərqlənən, ona qarşı vaxtında və effektiv mübarizə aparan ölkələr sırasında yer almışdır. Sizin rəhbərliyiniz altında müdriklik və uzaqgörənliklə həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı tədbirlər, insanların sağlamlığı və sosial təminatını ön plana çəkməyiniz ölkəmizi fəlakətdən xilas edə bilmişdir. Cəmiyyət həyatının bütün sahələrində aparılan ciddi islahatlar, düzgün kadr siyasəti, sizin rəhbərlik etdiyiniz dövrdə ölkədə inşa olunmuş və ya əsaslı təmir edilmiş 700-dən çox səhiyyə ocağının, müasir kinikaların mövcudluğu da burada öz sözünü demişdir. Pandemiya dövründə bu işlər daha da intensivləşdirilmiş, ölkənin səhiyyə sistemi qısa müddət ərzində yenidən qurulmuşdur. İstifadəyə verilmiş “Yeni klinika”, modul tipli xəstəxanalar mövcud imkanları daha da genişləndirmişdir. Müasir tibbi və diaqnostika avadanlıqları ilə təchiz olunmuş çoxsaylı laboratoriyalar koronavirusla bağlı fəaliyyətlərə cəlb edilmiş, xaricdən testlər və süni tənəffüs aparatları alınaraq ölkəyə gətirilmişdir. Sərhədlərin planlı şəkildə bağlanması, xaricdən mütəşəkkil qaydada təxliyyə olunan Azərbaycan vətəndaşlarının karantinə alınması xeyli dərəcədə virusun yayılmasının qarşısını almışdır.

Pandemiya ilə mübarizənin ön cəbhəsində fəaliyyət göstərən tibb işçilərinə dəstək tədbirlərinin görülməsi, xaricdə çalışan yüksəkixtisaslı Azərbaycanlı həkimlərin, həmçinin Rusiya, Türkiyə, Kuba və İtaliyadan mütəxəssislərin ölkəyə dəvət olunması da təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Görülən işlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilmiş və Azərbaycan nümunəvi ölkə adlandırılmışdır.

Möhtərəm cənab Prezident!

Sizin pandemiyaya qarşı mübarizə istiqamətində tapşırıqlarınız elmi ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluq hissi ilə qarşılanmış, Azərbaycan Milli Elmlər Akademiyasında və digər elm müəssisələrdə icra edilməsi ilə bağlı ciddi işlər aparılmışdır. AMEA prezidentinin bu tapşırıqlar əsasında verilmiş sərəncamları Milli Elmlər Akademiyası əməkdaşlarının sağlamlığının qorunmasında real təsirə malik olmuşdur. Ötən dövr ərzində həm sərəncamların yerinə yetirilməsi, həm də cəmiyyətin həmrəyliyinin, ölkə Prezidenti ətrafında sıx birliyinin daha da gücləndirilməsinə töhfə verilməsi məqsədilə kütləvi informasiya vasitələrində, televiziya kanallarında, informasiya agentliklərinin bülletenlərində, internet portallarında, sosial şəbəkələrdə çoxsaylı məqalələr dərc olunmuş, müsahibələr verilmiş, müraciətlər edilmiş, geniş və əhatəli təbliğat işi aparılmışdır. Sevindirici haldır ki, bu prosesə

virusların tədqiqi, onlara qarşı vaksinlərin və dərmanların hazırlanması üzrə dünyanın aparıcı ölkələri və mərkəzlərində fəaliyyət göstərən azərbaycanlı alimlər də cəlb edilmişlər.

Möhtərəm cənab Prezident!

Sizin müxtəlif tədbirlərdə etdiyiniz çıxışlar və verdiyiniz tapşırıqlar diqqətlə izlənilib təhlil edilmiş, bunların əsasında AMEA-da postpandemiya dövrü üçün elmi fəaliyyət proqramı hazırlanmışdır. Bu proqramda insan sağlamlığı, o cümlədən təhlükəli xəstəliklərlə bağlı elmi tədqiqatların genişləndirilməsi də öz əksini tapmışdır.

Möhtərəm cənab Prezident!

Azərbaycan Milli Elmlər Akademiyasında “Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” mövzusunda beynəlxalq onlayn elmi konfransın keçirilməsində əsas məqsəd ölkədə COVID-19 pandemiyası ilə əlaqədar aparılan elmi-tədqiqat işlərinin real vəziyyətini qiymətləndirmək, strateji aspektlərini və müvafiq fəaliyyətlərlə bağlı gələcək yol xəritəsini müəyyən etmək, əldə edilmiş ilkin nəzəri və kliniki nəticələri elmi ictimaiyyətin, pandemiya ilə praktiki mübarizə aparan həkim və mütəxəssislərin nəzərinə çatdırmaq üçün bu sahədə çalışan alim və mütəxəsissləri vahid virtual məkanda toplamaq olmuşdur. Konfransda ABŞ, Birləşmiş Krallıq, Fransa, Koreya, Türkiyə və İran alimləri ilə birgə aparılan elmi diskusiyalarda viral müxtəliflik, COVID-19 xəstəliyinin diaqnostika və müalicə üsulları, ona qarşı immunitetin yaranması üçün peyvəndlərin, antiviral dərmanların, bitki təbiətli birləşmələrin tətbiqi imkanları, epidemik alovlanmaların proqnozlaşdırılması məsələləri və müvafiq bioetik problemlər müzakirə edilmişdir.

Hesab edirik ki, Azərbaycanda virusa qarşı mübarizədə Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, TƏBİB və digər təşkilatların qüvvələri birləşdirilməklə birgə multidissiplinar tədqiqatların aparılması dövlətin biotəhlükəsizlik sisteminə real töhfələr verə bilər. Konfransın işində edilən plenar və simpozial çıxışlar göstərdi ki, Azərbaycan alimləri COVID-19 ilə bağlı biologiya, tibb və s. elmlər sahəsində öz sözlərini deyə bilir və gələcəkdə virus və digər patogenlərin insan sağlamlığına təsirini yüksək səviyyədə araşdırmaq və onlarla mübarizə aparmaq üçün Azərbaycanda kifayət qədər güclü elmi potensial mövcuddur.

Möhtərəm cənab Prezident!

Konfransda dinlənilən məruzə və çıxışlar təsdiqlədi ki, pandemiya və onun doğurduğu reallıqlarla bağlı fundamental və tətbiqi elmi tədqiqatların daha intensiv inkişaf etdirilməsi zəruridir. Bir daha aydın oldu ki, müasir şəraitdə təbii və antropogen xarakterli təhlükələrə, risklərə, təhdidlərə qarşı mübarizədə ciddi elmi araşdırmaların aparılması, dünya dövlətləri və alimlərinin bu sahədə səylərinin birləşdirilməsi vacibdir.

Bu baxımdan, ilk növbədə biologiya və tibb elmlərinə diqqət artırılmalıdır. Xüsusilə, patalogiyaların, o cümlədən yoluxucu xəstəliklərin molekulyar-genetik və populyasiya səviyyəsində öyrənilməsi, biotexnologiya, mikrobiologiya, immunologiya, virusologiya, bioinformatika və neyrobiologiya sahəsində tədqiqatların daha da genişləndirilməsi vacibdir. Pandemiyanın araşdırılmasında ən müasir elmi-texnoloji yanaşmaların – yüksək texnologiyaların, maşınöyrənmə və süni intellekt metodlarının, riyazi modellərin tətbiqi olduqca zəruridir. Əmək fəaliyyətinin onlayn platformada həyata keçirilməsi ilə bağlı elmi-praktiki problemlərə də diqqət artırılmalıdır.

Konfrans iştirakçılarının ümumi rəyi belədir ki, ölkədə biotəhlükəsizliyin təmin edilməsi üçün virus və digər patogenlərlə əlaqədar elmi tədqiqatların vahid mərkəzdən əlaqələndirilməsi məqsədəmüvafiq olardı.

Möhtərəm cənab Prezident!

Postpandemiya dövrü özünə güvənən güclü millətlərin və xalqların mühüm rol oynadığı nizam olacaqdır. Sizin rəhbərliyinizlə ölkəmizin bu nizamda öndə gedəcəyinə bütün qəlbimizlə inanırıq. Sizi əmin edirik ki, Azərbaycanın elmi ictimaiyyəti olaraq biz də bu istiqamətdə çalışmağa, tədqiqatların qabaqcıl elm mərkəzlərinin təcrübəsinə uyğun aparılmasında səylərimizi daha da gücləndirməyə, dövlətin iqtisadi, sosial, mənəvi, ərzaq və bioloji təhlükəsizlik sistemlərinə real töhfələr vermək üçün var-qüvvəmizlə çalışmağa hazırıq.

Möhtərəm cənab Prezident!

Sizin Vətən torpaqlarının azad edilməsində, beynəlxalq erməni terrorizminə qarşı mübarizədə, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında apardığınız siyasətə, eləcə də qəhraman Azərbaycan ordusuna, gözəgörünməz düşmənlə mücadilədə ön cəbhədə çalışan fədakar həkimlərimizə sonsuz dəstəyimizi ifadə edirik.

Bir daha Sizə dərin təşəkkürümüzü, hörmət və ehtiramımızı bildirir, doğma Azərbaycanımızı elmin işığında gələcəyə doğru aparmaq missiyanızın bundan sonra da müvəfəqiyyətlə həyata keçəcəyinə inanırıq.

Dərin hörmətlə,

“Koronavirus pandemiyası: elmi tədqiqatlardan sağlam gələcəyin təminatına doğru” beynəlxalq onlayn konfransın iştirakçıları