XƏBƏRLƏR Arxiv 1855 Çap et
12.08.2020 / Konfranslar, iclaslar "Horizon 2020" proqramı ilə bağlı növbəti məlumatlandırıcı vebinar keçirilib

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin koordinatorluğu ilə Avropa Komissiyasının "Horizon 2020" Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər (MƏŞ) Şəbəkəsinin üzvləri tərəfindən növbəti məlumatlandırıcı vebinar keçirilib. Tədbirdə AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Universitetinin alim-müəllim heyəti, gənc mütəxəssisləri iştirak edib.

Vebinarda AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva "Horizon 2020: mövcud vəziyyət və perspektivlər”, Hüquq və maliyyə aspektləri üzrə MƏŞ, İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Tofiq Babayev "Müxtəlif ölkələrin tədqiqatçıları üçün Avropa  tədqiqat layihələrində iştirak imkanları” və “Maria Sklodovskaya-Küri təqaüd proqramı“, Avropa Tədqiqat Mərkəzi və COST üzrə MƏŞ, Azərbaycan Milli Antidoping Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov “Azərbaycan alimləri üçün COST və ERC çərçivəsində imkanlar” mövzusunda məruzə ilə çıxış ediblər.

Bundan əlavə, Səhiyyə, demoqrafik dəyişiklilər və rifah üzrə MƏŞ, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Rəhimə Qabulova "Horizon 2020: Səhiyyə, rifah və sosial inkişaf sahəsində imkanlar”, Ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı və meşəçilik üzrə MƏŞ, Mərkəzi Nəbatat Bağının şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev “Ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı və meşəçilik, dəniz və daxili su hövzələri tədqiqatları və bioiqtisadiyyat istiqaməti üzrə elan olunmuş çağırışlar“ mövzusunda məruzələrini təqdim ediblər.

Tədbirdə Naxçıvan MR elm və təhsil müəssisələrinin və alimlərinin "Horizon 2020" portalında qeydiyyatı, proqram üzrə yerli əlaqələndirici mütəxəssislərin hazırlanması üzrə müzakirələr aparılıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.