XƏBƏRLƏR Arxiv 1921 Çap et
14.08.2020 / Yeni nəşrlər “Qarabağ”a qayıtdığımız kimi Qarabağa da qayıdacağıq!

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bu düzgün və uzaqgörən siyasətin nəticəsidir ki, ölkəmizdə digər sahələrdə olduğu kimi bu sahə də uğurla inkişaf edir, böyüyür və çiçəklənir.

Bu gün ölkəmiz istər regionda, istərsə də dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Bu sahədə ölkəmiz beynəlxalq aləmdəki nüfuzunun böyüməsində, əhəmiyyətli mövqeyinin daha da möhkəmləndirilməsində uzun yol qət etmiş və xeyli uğurlar əldə etmişdir.

Azərbaycan neft və təbii qaz kimi zəngin karbohidrogen ehtiyatlarına malikdir. Keçmişə nəzər saldıqda da məlum olur ki, tarix boyu Azərbaycan dünyada mühüm neft məskəni kimi məşhur olmuşdur. Belə ki, dünyada ilk neft qazma quyusu da məhz Bakıda 1844-cü ildə "Ağayi" və "Xəlafi" neft şirkətlərinə məxsus quyular olmuşdur. Müqayisə üçün qeyd etmək lazımdır ki, Amerikanın ən zəngin neft bölgəsi olan Pensilvaniyada ilk neft quyusu 1859-cu ildə qazılmışdır.

1949-cu ildə isə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur və Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır.

Ölkəmizdə neft və qaz ehtiyatları təkcə Xəzər dənizi və Abşeron yarımadası ilə bitmir. Respublikamızın müxtəlif ərazilərində neft yataqları və neft ehtiyatları mövcuddur (Şirvan, Qobustan, Siyəzən rayonu və s.). Lakin əsas neft və qaz ehtiyatları Xəzər dənizi şelfi ilə bağlıdır ki, hazırda qüvvədə olan iri neft-qaz layihələri də məhz burada həyata keçirilir. Bu yataqlardan biri də doğma Qarabağımızın adını daşıyan "Qarabağ” yatağıdır.

Bu ilin avqust ayının 10-da daha bir mühüm əhəmiyyət kəsb edən tədbirin şahidi olduq. Belə ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş “Qarabağ” yatağında neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan “Qarabağ” dayaq blokunun dənizə yola salınması zəngin neft sənayemizin şanlı tarixinə əlamətdar hadisə kimi düşdü. Mərasimdə Prezident İlham Əliyevin iştirak etməsi isə hadisənin önəminin nə qədər yüksək olduğunun göstəricisidir.

"Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir. Bu yataq Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılmışdır. Həmin dövrdə ərazidə 3 quyu qazılmışdır. Lakin xarici tərəfdaşlar yatağın səmərəliliyinə inanmayıb və nəticədə müqaviləyə xitam verərək "Qarabağ” yatağını tərk etmişlər. Lakin Azərbaycan mütəxəssisləri isə yatağın böyük potensiala malik olması barədə öz fikirlərində israrlı idilər. Və nəhayət zaman bunu sübuta yetirdi.

Azərbaycanın zəngin karbohidrogen yataqlarından olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarından sonra “Qarabağ” yatağı 60 milyon ton həcmində böyük neft potensialına malik yataqlardan sayılır. Layihəyə əsasən yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. Hasilata gəldikdə isə, bu yataqdan ildə ən azı 1,5 milyon ton neft və 1,5-1,8 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur. İlk neft və qaz hasilatı isə 2022-ci ilin sonuna proqnozlaşdırılır.

Onu da vurğulamaq yerinə düşər ki, “Qarabağ” yatağı digər yataqlardan fərqli olaraq müstəqillik tariximizdə ölkəmizdə kəşf edilmiş birinci neft yatağı kimi də böyük önəm daşıyır.

“Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku neft-qaz sənayesi tarixində həm ölçülərinə, həm də çəkisinə görə (ümumi çəkisi 16 min ton) Xəzər dənizində inşa edilən ən böyük sualtı konstruksiyadır.

Dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanmışdır. 190 metr hündürlüyündə olan dayaq bloku dənizdə suyun 182 metr dərinliyində qərar tutacaqdır. Dayaq blokunun quraşdırılması “Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaqdır.

Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, tikintisi iki il ərzində aparılan dayaq blokunda çalışanların 95%-i məhz yerli mütəxəssislər təşkil etmişdir. Bu isə ölkəmizin neft-qaz sənayesi üzrə kifayət qədər yerli təcrübəli mütəxəssislərə malik olduğunu və eyni zamanda artıq beynəlxalq standartlara cavab verə biləcək səviyyədə layihələri icra edə biləcək gücə malik Azərbaycan şirkətlərinin varlığının göstəricisidir. Bu isə böyük nəaliyyətdir.

Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiyaya malik bu qurğunun istifadəyə verilməsi bir daha dövlət başçımızın gərgin əməyinin bəhrəsi, uğurlu dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilməlidir.

Belə ki, dünyada hökm sürən pandemiya dövrünün yaratmış olduğu ağır iqtisadi çətinliklərə rəğmən respublikamızda həyata keçirilən bu kimi iri infrastruktur proqramlarının icrasının davamı olaraq bu layihənin də icrası bir daha Azərbaycanın seçdiyi siyasi kursun, iqtisadi siyasətin düzgün və sarsılmaz olduğunu sübuta yetirir.  Bu isə xarici şirkətlərin ölkəmizə, onun neft-qaz sənayesinə diqqət və marağını, eyni zamanda güvənini artırmış olur.

Əminik ki, “Qarabağ” yatağı da digər yataqlar kimi uğurla istismar ediləcək və ölkəmizin inkişafına böyük fayda verəcəkdir.

Yatağın adı isə rəmzi məna kimi hər bir azərbaycanlı üçün doğma və əziz olan Qarabağ adını daşıyır.

Heç də təsadüfü deyildir ki, bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur.

Beləliklə ümidləri doğruldan yataq doğma yurdumuza Qarabağa da bir vaxt qayıdacağımıza böyük ümid yaradır.

Prezident İlham Əliyevin qətiyyətlə və əminliklə bəyan etdiyi kimi: “Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Coşqun Məmmədov, AMEA Rəyasət Heyətinin elmi katibi