XƏBƏRLƏR Arxiv 1826 Çap et
17.08.2020 / Maraqlı məlumatlar Qanimeddə nəhəng krater aşkarlanıb

Yaponiya planetoloqları Yupiterin ən böyük peyki Qanimeddə nəhəng krater izi aşkar ediblər. Bu iz peykin, demək olar, bütün “tünd” tərəfini tam örtür. Tədqiqatın nəticələri “Icarus” elmi jurnalında dərc olunub.

Qanimedi Yupiterin üç peyki – İo, Kallisto və Avropa ilə birlikdə XVII əsrin əvvəlində Qalileo Qaliley kəşf edib. Qanimed Günəş sistemində yeganə peykdir ki, özünün maqnit sahəsi var. Onun digər qeyri-adi cəhəti yarımkürələrinin fərqli görünüşüdür. Planetin bir yarısı - peykin orbit üzrə hərəkət etdiyi tərəfə baxan hissəsi əsasən ağ rəngdədir, əks tərəf isə tünd sahələrlə örtülüdür.

Yaponiyanın Kobe Universitetinin dosenti Naoyuki Xirata və onun həmkarları bu relyef formasının yaranma səbəbini izah ediblər. Bunun üçün onlar Qanimedin daha bir “görməli yerini” – tünd sahələrin çoxunu əhatə edən, nəhəng şırımlar, çökəkliklər və çatlardan ibarət şəbəkəni tədqiq ediblər.

Alimlərin çoxunun fikrincə, bu strukturlar Qanimedin təkində baş vermiş naməlum proseslər nəticəsində meydana gəlib. Planetoloqlar arasında bu şırımların yaranması haqqında yekun fikir yoxdur. Məsələ ondadır ki, alimlərin bir çoxu bunu geoloji proseslərlə deyil, Qanimedin mövcudluğunun başlanğıcında onunla toqquşmuş asteroidlə əlaqələndirir. Mübahisələr daha çox onunla bağlıdır kı, “Voyager” və “Galileo”nun çəkdikləri fotoların əksəriyyətində keyfiyyət bu strukturların vəziyyətini, ölçülərini və xüsusiyyətlərini müəyyənləşdirməyə imkan vermir.

Yapon planetoloqlar məsələyə aydınlıq gətirməyə çalışıblar. Bunun uçun onlar fotolarda Qanimedin səthində tünd sahələrin və deformasiyaların hamısını təhlil edib, habelə peykin kompüter modelini düzəldib, çatlar və şırımlar yaranan zaman baş verəni təsəvvürə gətirməyə çalışıblar.

Modelləşdirmənin nəticələri göstərib ki, kələ-kötürlük heç də ayrı-ayrı geoloji strukturlar deyil, nəhəng konsentrik deformasiyaların bir hissəsidir. Onlar Qanimedin nəinki “tünd” yarımkürəsini, hətta bütün səthini örtür.

Tədqiqatçıların fikrincə, bu, diametri 7,8 min kilometr olan nəhəng kraterin izləridir. Həmin iz Qanimedin radiusu 150 kilometr olan asteroidlə toqquşması nəticəsində yarana bilər. Güman ki, asteroid Mariya sahəsində böyük düzənliyə düşüb və orada dərinliyi bir neçə yüz kilometr və radiusu min kilometr olan dərə yaradıb. Həmin hissədə hər hansı şırımın olmaması da bunu göstərir. Ərazi nisbətən “təzə” dağ süxurları ilə örtülüb. Həmin süxurlar soyumuş lava gölün bu çuxuru doldurması zamanı meydana gəlib. Əgər krater həqiqətən mövcuddursa, onda o, Günəş sistemində bu qəbildən ən böyük struktur olacaq.

Alimlər ümid edirlər ki, onların nəzəriyyəsi 2022-ci ildə göndərilməsi planlaşdırılan JUICE missiyasının fəaliyyəti sayəsində təsdiqlənəcək. Yupiterə 2029-cu ildə çatacaq missiya nəhəng peykləri, o cümlədən Qanimedi öyrənəcək. “Bu zond hesablamalarımızı təsdiq edəcək, Yupiterin peyklərinin necə meydana gəlməsi və təkamül etməsi haqqında təsəvvürlərimizi xeyli zənginləşdirəcək”, - deyə Naoyuki Xirata bildirib.

"AzərTac"