XƏBƏRLƏR Arxiv 1809 Çap et
19.08.2020 / Mühüm hadisələr Ölkə alimləri pandemiya əleyhinə qabaqlayıcı tədbirlərlə əlaqədar təkliflər irəli sürüblər

Prezident İlham Əliyevin koronavirus pandemiyası çərçivəsində ölkəmizdə vaxtında zəruri qabaqlayıcı tədbirlər həyata keçirməsi Azərbaycanın mübarizənin ilk günündən başlayaraq bugünədək yoluxma sayı ən az olan ölkələr sırasında olmasına şərait yaratdı.

Bu barədə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkə mətbuatına açıqlamasında bildirib.

O, qeyd edib ki, ölkə alimləri qabaqlayıcı tədbirlərlə əlaqədar çoxlu sayda təkliflər irəli sürüblər: “Xalq təbabətində dərman bitkiləri vasitəsilə immunitet sisteminin yüksəldilməsi ilə bağlı elmi mülahizələr ictimaiyyətə təqdim edilib. Hesab edirəm ki, ölkəmizdə dövlət səviyyəsində yaradılan şərait, vətəndaşların görülən tədbirlərin vacibliyini dərk edib məsuliyyətlərini artırmasının müşahidə olunması, eyni zamanda, qabaqlayıcı tədbirlərin görülməsi Azərbaycanın bundan sonrakı mərhələlərdə də pandemiyanı az itkilərlə başa vurmasına imkan yaradacaq”.

Akademik İ.Həbibbəyli əlavə edib ki, Azərbaycan günəşli günlərin sayına görə dünyada ilk onluğa daxil olan ölkələrdəndir. Bu səbəbdən günəş, təbii iqlim şəraiti, ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən tədbirlər, alimlərin ideyalarının tətbiqi bundan sonrakı mərhələlərdə Azərbaycanda risklərin azalmasına, itkilərin minimuma endirilməsinə, vətəndaşların iş fəaliyyətini bərpa etməsinə şərait yaradacaq.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.