XƏBƏRLƏR Arxiv 1878 Çap et
25.08.2020 / Yeni nəşrlər Milli dövlətçilikdə və bəşəri humanizmdə Mehriban Əliyeva fenomeni

Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər. Adamların mənəvi aləmi təkcə əməkdə, ictimai fəaliyyətdə deyil, həmçinin ailədə formalaşır.

Ümummilli lider Heydər Əliyev

Bəşər tarixində elə bir köklü xalq yoxdur ki, hər hansı mürəkkəb və taleyüklü mərhələdə onun sabit inkişafını təmin edən, milli dövlətçilik institutunun strateji-­ideoloji strukturunu formalaşdıran lideri olmasın. XX əsrin II yarısından sonra ölkəmizin tarixində müstəsna yeri və rolu olan, milli dövlətçilik institutunu qurub-­yaradan, məhz, ümummilli lider, dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyev oldu. O, adı Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazılan misilsiz dövlət başçısı, əfsanəvi xalq lideridir. Ulu öndər məktəbinin uğurlu yetirməsi, praqmatik təfəkkürlü və islhatçı Prezident İlham Əliyev isə XXI əsr Azərbaycanının yeni tipli lideridir. Ulu öndərin milli idarəçilik məktəbinin bir yetirməsi də Azərtbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev ­Fondunun rəhbəri, UNESCO-nun və ­ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin sabiq deputatı, alim, milli mədəniyyətimizin dünyada tanınan hamisi Mehriban xanım Əliyevadır. Ölkənin birinci xanımı bütün bu keyfiyyətləri – mötəbər mövqeyi və yüksək nüfuzu ilə Azərbaycanın görkəmli qadın lideri, ali statuslu rəhbərdir.

Mehriban xanım Əliyeva haqqında yazarkən, ilk növbədə, onun əsil-nəsilli bir ailədə doğulub-böyüməsi, mükəmməl bir təlim-tərbiyə alması göz önünə gəlir. Gənc yaşından ulu öndər Heydər Əliyev kimi siyasət nəhənginin ən yaxın çevrəsində mənimsədiyi siyasi təlim, qazandığı əhatəli sosial-mənəvi baxış, akademik Zərifə xanımdan əxz etdiyi ictimai-mədəni davranış, insani nəciblik və mərhəmət, Mir Cəlal kimi görkəmli yazıçı və Nəsir İmanquliyev kimi ustad jurnalist olan babalarından görüb-götürdüyü milli ziyalılıq düşüncəsi, akademik Arif Paşayev və professor Aida xanım İmanquliyeva kimi valideynlərindən aldığı nümunəvi ailə tərbiyəsi Mehriban xanım Əliyevanın yetişdiyi indiki ali məqamın illər boyu formalaşan möhkəm özülü olmuşdur. Bütün bunlar dünyada tanınan böyük şəxsiyyət, nüfuzlu ictimai-siyasi xadim olaraq Azərbaycanın birinci xanımının milli ziyalılıqda yeni bir tarixi örnək yaratmasının da təbii və coşğun qaynağıdır.

Azərbaycanın birinci xanımı ­Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu dünyada öz çoxmiqyaslı, xeyirxah fəaliyyəti ilə seçilən, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumudur. Ulu öndərin adını daşıyan, onun ideya və əməllərinin təntənəsinə xidmət işində öncüllük və örnək göstərən bu nadir təsisat ölkədə və dünyada səhiyyə, təhsil, elm, mədəniyyət, mənəviyyat sferalarında müxtəlif səpkili tədbirləri gerçəkləşdirməklə, bir sıra yönlərdə dövlət siyasətinin həyata keçirilməsində hərəkətverici amilə çevrilməklə misilsiz bir nüfuz qazanmışdır.

Xanım Mehriban Əliyeva Azərbaycan adət-ənənələrinə hörmət, diqqət və sayğı ilə yanaşan güclü qadın kimi çağdaş dünyada bənzərsiz bir rəhbər xarakterini əks etdirir. Onun çoxşaxəli və səmərəli fəaliyyəti, nəinki qadınlar üçün, eləcə də gənc qızlar üçün örnək olaraq bir sıra ali dəyərlərə söykənir. Mehriban xanım Azərbaycan xalqının, dövlətinin maraqlarını beynəlxalq aləmdə əks etdirməklə yanaşı, müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını da dünyaya tanıdır. Ölkəmizin siyasi-iqtisadi, sosial-ictimai, mədəni-mənəvi tərəqqisində xüsusi yeri, xidmətləri olan Azərbaycanın birinci xanımı hazırda dünyada öz sözü, samballı nüfuzu olan lider qadın örnəyinə çevrilmişdir.

Mehriban xanım Əliyeva ölkəmizdə milli dövlətçilik institutunun ­formalaşmasına böyük töhfələr verən siyasi-mədəni rəhbər, çoxyönlü fəaliyyət meydanı ilə dünyada tanınan, qəbul edilən humanist xadimdir. Çağdaş Azərbaycan tarixinə onun adı artıq modern qadın rəhbər, fenomen qadın lider kimi yazılmışdır.

Xanım Mehriban Əliyevanın qadın lider olaraq formalaşması və yüksəlməsi həm daxili istedadı, bacarığı, mükəmməl təhsili, praqmatik zəkası, həm də taleyinə yazılmış ulu öndər Heydər Əliyev kimi böyük strateqin həyat və siyasət məktəbindən yetərli dərs alması ilə mümkün olmuşdur. Azərbaycanın birinci xanımının düşüncəsində: “Ulu öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanla münasibətdə o, çox sadə və ədalətli idi.”

Mehriban Əliyeva fenomeninin digər bir önəmli göstəricisi isə onun Şərq milliliyini Qərb modernliyi ilə qovuşduraraq, çoxsaylı bəşəri layihələrin həyata keçirilməsi təşəbbüslərini asanlıqla reallaşdıra bilməsidir. Azərbaycanda birinci vitse-prezidentlik institutu təsis olunarkən bu vəzifəyə ilk dəfə Mehriban xanım Əliyevanın təyinatı ilə həm də Azərbavcan, eləcə də dünya gender siyasəti məkanına yüksək səviyyəli “Xanım Əliyeva” müraciəti daxil oldu. Bu təyinat siyasi platformada, idarəçilik strukturunda Azərbaycan qadınının liderlik imkanlarının qəbul edilməsi və təsdiqlənməsi idi.

Xanım Mehriban Əliyeva müstəqil Azərbaycanda “Qadın lider” fenomeninin, idarəetmədə “Qadın rəhbər” obrazının gender mədəniyyəti sferasına qanunauyğun gəlişini təcəssüm etdirmişdir. Onun bilavasitə təşəbbüsü ilə paytaxtın və respublikanın əksər yerlərinin memarlıq simasının modernləşməsi, yenilənməsi, dünyanın müasir, baxımlı, gəzməli, görməli turizm şəhər və rayonlarına çevrilməsi son illərin ürəkaçan gerçəkliklərindən biridir. Birinci vitse-prezidentin ölkə rəhbəri İlham Əliyevin modernləşmə və hərtərəfli tərəqqi xəttinə dəstəyi, bu sahədə xidmətləri də danılmazdır. Əsrlərdən gələn Azərbaycan muğamına, milli aşıq musiqisinə, xalçaçılıq kimi xalq sənətlərinə və digər mədəni trendlərimizə yeni nəfəs verilməsi, bu misilsiz irsin dünyaya tanıdılması da Mehriban xanım Əliyevanın adı və xeyirxah fəaliyyəti ilə bağlıdır.

“Eurovisıya” müasir ­musiqi müsabiqəsi, Avropa və İslam ölkələri idman oyunları və s. müxtəlif musiqi və idman ­yarışlarının ­reallaşmasında birinci xanımın gərgin əməyi, yorulmaz zəhməti, təşkilatçılıq istedadı bütün dünyada yüksək dəyərləndirilmişdir. Birinci vitse-prezident öz fəaliyyətində, əsasən, irimiqyaslı tarixi layihələri üç istiqamətdə inamla, ardıcıllıqla gerçəkləşdirməkdədir:

– birincisi, ölkənin sosial-iqtisadi-siyasi inkişaf kursu ilə bağlı kompleks layihələrin uğurla həyata keçirilməsində yaxından iştirakla;

– ikincisi, müstəqil respublikamızın kompleks ictimai-mədəni, sosial-humanitar bir “Azərbaycan modeli” olaraq üzə çıxarılıb dünyada tanıdılmasında dövlət siyasətinə dəstək verməklə;

– üçüncüsü, həssas və mərhəmətli bir soydaşımız, qadın lider olaraq doğma Vətəninin ağır məqamlarında – istər Aprel döyüşləri, istər Tovuz hadisələri zamanı, istərsə də ağır COVID-19 pandemiyası dövründə Azərbaycan xalqının həmdəmi, ­doğma simsarı kimi ümid yerinə çevrilməklə.

Son aylarda “Sizin Mehriban” imzası ilə xalqa müraciətlərindəki səmimilik, vətənsevərlik, ­qayğıkeşlik duyğusu hər bir Azərbaycan vətəndaşına onu bir daha sevdirdi və “Bizim Mehriban xanım” adı milyonlarla qəlbə sevgi ilə ­yazıldı. Bundan əvvəl isə birinci xanım Aprel döyüşləri şəhidlərinə Heydər məscidindəki ehsan zamanı içəri örpəklə daxil olaraq şəhid ana, bacı və qızları ilə bir sırada əyləşib onların dərdlərinə şərik çıxması ilə Vətən yolunda qurban gedənlərə hörmət və qayğını ən yüksək səviyyədə ifadə edirdi. Bu ali ehtiramda, ülvi ünsiyyətdə mərhəmətli bir ana ürəyinin, qayğıkeş bir siyasi xadimin milli xarakteri inikas olunurdu.

Xanım Mehriban Əliyevanın Birinci vitse-prezidentliyə təyin olunması 1918-ci il AXC-nin qadınlara seçib-seçilmək hüququnun veriməsindən qaynaqlanan ənənənin davamı olaraq ulu öndər Heydər Əliyevin dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi, Prezident İlham Əliyevin imzaladığı “Gender bərabərliyinin təminatı“ Qanununun ardıcıl reallaşdırılması yönündə tarixi bir hadisə oldu. Mehriban xanım Əliyevanın istər ölkəmizdə, istərsə də beynəlxlq aləmdə qazandığı böyük nüfuz, dövlətçiliyin yüksəlişində praqmatik dəstəyi, sosial-mədəni tərəqqidə işgüzar mövqeyi onun ulu öndər Heydər Əliyevin dövlətçilik institutunun sadiq və bacarıqlı yetirməsi olduğunu təsdiq etmişdir.

Azərbaycan vətəndaşlarının ölkənin birinci xanımına məhəbbəti də danılmazdır. Bu məhəbbəti ­Mehriban xanım Əliyeva “Mən hər bir azərbaycanlının Prezidentiyəm” – söyləyən dövlət başçısı İlham Əliyevin məntiqi ilə yanaşsaq, “hər bir azərbaycanlının istək və maraqlarına yaxın olması” ilə qazanmışdır. Xeyirxahlıq onun amalında, şəfqət- mənəviyyatında, dövlətçiliyə sədaqət- əqidəsindədir. Birinci vitse-prezident Mehriban Əliyeva xarizmatik obrazı, cazibadar siması, modern düşüncəsi ilə ölkə qadınlarının şəriksiz lideri olduğunu nümayiş etdirmişdir.

Xanım Mehriban Əliyeva, eyni zamanda, Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. Hakim partiyanın lideri, Prezident İlham Əliyevin zəruri islahatçılıq, hərtərəfli tərəqqi və yeniləşmə kursunda Birinci vitse-prezidentin güclü dövlət– rifahlı cəmiyyət prioritetinə dəstəyi önəmli yer tutur. “İnkişaf məqsədimizdir” hədəfini və “Modern Azərbaycan modeli”ni məqsədyönlü fəaliyyəti ilə gerçəkləşdirən dövlət başçısı İlham Əlyevin liderliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın birinci xanım və qadın lider missiyası nadir bir tandem təşkil etməklə ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji xəttinin sədaqətlə davam etdirilməsinə xidmət edir.

Xanım Mehriban Əliyeva XXI əsr Azərbaycanın alternativsiz siyasətçi-strateqi Prezident İlham Əliyevin sadiq silahdaşı, yeniləşən Azərbaycanın dövlət rəhbərliyinin ikinci ali şəxsidir.

Bu yazını Birinci vitse-prezident Mehriban xanım Əliyevanın “Həyat dərsi” məqaləsində ümummilli lider Heydər Əliyev məktəbinin mükəmməlliyi ilə bağlı söylədiyi mülahizə ilə bitirmək istəyirəm: “Heydər Əliyevin dərslərinin mahiyyətini onun həmyaşıdları bu gün də öyrənirlər. Heydər Əliyev tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran vətəndaş, şəxsiyyət, liderdir. Vətənin – Azərbaycanın taleyi onun adı, taleyi ilə əbədi olaraq bağlandı”.

Bu məktəbin ikinci böyük yetirməsi, “Tanrı Azərbaycanı qorusun” söyləyən, xalqın sevimlisinə çevrilən Mehriban xanım Əliyeva özü isə ulu öndər Heydər Əliyev dövlətçilik siyasətinin uğurla davam etdirilməsində, Prezident İlham Əliyevin “Güclü Azərbaycan” modelinin gerçəkləşdirilməsində müstəsna rolu və mövqeyi olan, modern Azərbaycan qadınını obrazını ölkəmizdə və beynəlxalq aləmdə parlaq surətdə canlandıran, adı dünya gender tarixinə fəxarətlə yazılan liderdir.

Rəna Mirzəzadə, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor, AMEA Qadınlar Şurasının sədri

"Xalq" qəzeti