XƏBƏRLƏR Arxiv 2133 Çap et
10.09.2020 / Mühüm hadisələr Doktoranturaya və dissertanturaya hazırlaşanların nəzərinə!

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, doktorantura ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı formasıdır və elmi kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 443 nömrəli qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. 

Xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

Qəbul imtahanında xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, namizədlərin xarici dillər üzrə oxu, dinləyib-anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadəetmə vərdişlərinin, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulur.

Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi də AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər də xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) bu qaydada qəbul imtahanı verirlər.

Doktoranturaya və dissertanturaya hazırlaşanlar proqramları verilmiş linklərdən (Azərbaycanrus) yükləyib tanış ola bilərlər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.