XƏBƏRLƏR Arxiv 1941 Çap et
14.09.2020 / Konfranslar, iclaslar AMEA-nın İnventarlaşdırma Komissiyasının növbəti iclası keçirilib

AMEA-nın elmi  müəssisə və təşkilatlarının balansında olan torpaq sahələri, tikililər, çoxillik əkmələr və torpaqların istifadə vəziyyəti, kənd təsərrüfatı təyinatlı texnika və materiallar barədə məlumatların dəqiqləşdirilməsi və təcrübə sahələrinin idarə edilməsinin yaxşılaşdırılması məqsədilə akademiya prezidentinin sərəncamı ilə yaradılmış İnventarlaşdırma Komissiyasının növbəti iclası keçirilib. Sosial məsafə gözlənilməklə baş tutan iclasda komissiyanın bir sıra üzvləri "Zoom" platforması vasitəsilə iştirak ediblər.

Toplantıya sədrlik edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova tədbiri açaraq ötən iclasdan keçən dövr ərzində AMEA prezidentinin müvafiq sərəncamlarının icrası istiqamətində komissiya tərəfindən görülən işləri yüksək qiymətləndirib, regionlarda monitorinqlərin aparıldığını və müvafiq arayışın hazırlandığını diqqətə çatdırıb.

Sonra komissiyanın sədri, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdir müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov monitorinq və araşdırmaların nəticələri barədə hesabatı təqdim edib, elmi-tədqiqat bazalarının və dayaq məntəqələrinin nəzdində olan torpaq sahələrinin, texniki vasitələrin və tikililərin istifadəsində mövcud olan problemləri əhatəli şərh edərək, onların həlli üzrə təkliflər paketinin hazırlandığını qeyd edib. Natiq təcrübə bazaları və dayaq məntəqələrinin əsasnamələrinin mövcud olmadığını, torpaqların institutların mandatları və elmi istiqamətlərinə uyğun istifadə edilmədiyini diqqətə çatdırıb.

Sonra komissiyanın üzvləri, müvafiq institutların məsul şəxsləri müzakirə olunan məsələlərlə bağlı mövcud vəziyyət barədə məlumat verib və onlara ünvanlanmış suallara aydınlıq gətiriblər.

Çıxışlara və müzakirələrə yekun vuran akademik İradə Hüseynova İnventarlaşdırma Komissiyası tərəfindən hazırlanmış arayışın, təcrübə bazaları və dayaq məntəqələrinin inkişaf proqramının AMEA Rəyasət Heyətinin iclasında müzakirə ediləcəyini bildirib. O, komissiyanın arayışında qeyd edilənlərlə yanaşı, yeni təkliflər irəli sürüb, 2-3 pilot sahənin seçilərək, onlarda nümunəvi təsərrüfatların yaradılmasının vacibliyini söyləyib.

Akademik İradə Hüseynova komissiyanın fəaliyyəti nəticəsində əldə edilən məlumatların və təkliflər paketinin AMEA-da aqrar elm sahəsində fəaliyyətin daha da yüksək səviyyədə təşkilinə, elmi nailiyyət və innovasiyaların tətbiqi işinin gücləndirilməsi istiqamətində ciddi qərarların qəbuluna imkan verəcəyini deyib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.