AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədli daha bir addım atıb. Belə ki, İnstitut əməkdaşları cəbhəboyu ərazidəki hərbi hissələrə səfər ediblər, hərbçilərimizə 4000 manat həcmində sovqat aparıblar. Bununla yanaşı İnstitut tərəfindən başlanılmış “Könüllü poçt” kampaniyası çərçivəsində mütəmadi olaraq Azərbaycan Ordusunun əsgər və zabitlərinə vətəndaşlarımız tərəfindən yazılan, onlara mənəvi dəstək, qələbə ruhu verən məktublar çatdırılıb.
Cəsur hərbiçilərimizlə görüş böyük coşqunluq əhval-ruhiyyəsində keçib. Görüş zamanı qeyd edilib ki, bu gün dövlətimiz tərəfindən ordu birləşmələri bütün zəruri vasitələrlə, o cümlədən keyfiyyətli ərzaq ehtiyatları ilə tam təmin olunur. Lakin ordunun qalibiyyəti üçün əsgərlərin mənəvi-psixoloji durumunun yüksək səviyyədə saxlanılması başlıca şərtlərdən biridir.
Tədbirdə İnstitutun kollektivi tərəfindən döyüşçülərə isti geyimlərin, dərman vəsaitlərinin təqdim edilməsi, “Könüllü poçt”dan onlara ünvanlanan məktubların çatdırılması ən xoş hisslərlə qarşılanıb.
Hərbi hissənin zabit və əsgərləri İnstitutun kollektivinə, bütün xalqımıza minnətdarlıqlarını ifadə edərək, düşmən üzərində qələbənin uzaqda olmadığını bildiriblər.
Silahlı qüvvələrimiz Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə misilsiz qəhrəmanlıq nümayiş etdirir, mənfur düşmənə sarsıdıcı zərbələr vuraraq onu torpaqlarımızdan çıxmağa vadar edirlər. İnstitutun bütün əməkdaşları adından Ali Baş Komandanın rəhbərliyi altında tariximizdə yeni şanlı səhifə yazan, qürur mənbəyimiz olan ordumuza haqq yolunda yeni zəfərlər arzulayırıq!
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.