XƏBƏRLƏR Arxiv 1590 Çap et
04.11.2020 / Mühüm hadisələr Bitkilər, etnobotanika və COVID-19

Dərman bitkilərinin istifadəsi bəşəriyyətin tarixi kimi qədimdir. Dünyanın müxtəlif regionlarının yerli əhalisi bitki ehtiyatları, onların istifadəsi, təbii ehtiyatların idarə edilməsi və mühafizəsi haqqında öz biliklərini inkişaf etdirir. Yaxşı məlumdur ki, çox sayda əhəmiyyətli dərman bitkiləri iqlim dəyişikliyinin və insan fəaliyyətinin təsirinə məruz qalır. Bu isə, öz növbəsində, əsasən dərman və aromatik bitkilərin növlərinin qorunmasına, eləcə də ənənəvi tibb sənayesində onların yayılmasına və istifadəsinə təsir göstərir.

Aydındır ki, dünyanın müxtəlif yerlərində dərman bitkiləri üzrə davamlı tədqiqatlar və araşdırmalar yerli biliklərin sənədləşdirilməsi və müasir əczaçılıq sənayesinin inkişafı üçün vacibdir. Digər tərəfdən, bitki ilə insanların qarşılıqlı təsir məsələlərini həll edən etnobotanika elmi, hər bir etnik qrup tərəfindən müəyyən coğrafi və mədəni mühitdə hazırda hansı bitkilərin istifadə edildiyini dəqiq müəyyənləşdirməyə kömək edə bilər.

Artıq biz pandemiya dövründə yaşayırıq və yeni çağırışlara uyğun konkret suallar meydana çıxır. Dərman bitkiləri koronovirus infeksiyasının müalicəsində kömək edirmi, yoxsa yalnız qarşısının alınmasında köməkçi vasitədir? Pandemiya şəraitində bitkilərin sosial həyatda rolu nədən ibarətdir? Bu və digər məsələlərin həlli üçün alimlərin fikri və təcrübəsinə müraciət edək.

Adətən, yüksək reytinqli dünyanın nüfuzlu elmi jurnallarında əsərlərin dərc edilməsi işlərin həqiqi vəziyyətinin meyarıdır. Aşağıda mövcud elmi məlumatların təhlili əsasında dünyanın aparıcı alimlərinin COVID-19 ilə mübarizədə etnobotanik tədqiqatların rolu və perspektivləri barədə nəzərdən keçirilmiş düşüncələrini təqdim etmək olduqca vacibdir. Hazırki məqalənin məqsədi bu sahədə ədəbiyyat məlumatları əsasında təhlil olan fikirlərin mənasını geniş auditoriyaya çatdırmaqdan ibarətdir.

Bu gün pandemiya COVID-19 XXI əsrdə insanlığa ən böyük təhlükə kimi ortaya çıxdı. Pandemiya artıq yalnız sağlamlıq böhranı deyil, çünki izolyasiya və digər məhdudiyyətlər iqtisadi fəaliyyətə güclü təsir göstərir ki, bu da öz növbəsində yerli və regional miqyasda maliyyə axınlarını dəyişir. Müəssisələrin bağlanması işsizliyin hər yerdə artmasına səbəb olaraq, sosial-iqtisadi problemlərə və dövlət səhiyyə xərclərinin azalmasına gətirib çıxarır. Sağlamlıq və iqtisadiyyatın nəticələrinin uzaq ərazilərdə yaşayan və ümümi apatiyaya məruz qalan yerli əhalilər üçün daha ciddi olacağı proqnozlaşdırılır. Belə bir vəziyyətdə, COVID-19 və onun nəticələri ilə mübarizədə məhz etnobotaniklər əhalinin və yerli hakimiyyət orqanlarının səylərinə əlavə kömək edə bilərlər.

COVID-19-dan əvvəl meydana çıxan 11.000-dən çox insanın ölümünə səbəb olan Ebolanın son görünüşü və fərqli olaraq, təxminən 50%-dən yüksək ölüm səviyyəsinə malik idi. Ebolaviruses Filoviridae cinsinin filoviruslarına aiddir və heyvanlardan dəniz donuzlarla, primatlarla, yarasalarla və gənələrlə insanlara yoluxur. Brunei Darussalam Universitetin Asiya tədqiqatları İnstitutun alimləri bu yaxınlarda Nagalandda (Şimali-Şərqi Hindistanda) geniş yayılmış filovirusların uçucu siçanlardan insanlara yayıldığını qeyd etmişlər. İrəli sürülən hipotezlərdən biri, Asiyada insanın filovirus infeksiyalarını aşkar edə bilməməsini bu filovirusların insanlarda infeksiya xəstəliyinin asimptomatik keçirməsinə səbəb ola biləcəyi ilə izah edir. Bu fenomenin təbiəti bilinmir.

Tədqiqatçıların fikrincə, bu infeksiya SARS-CoV2-in simptomatik hadisələrində olduğu kimi, tamamilə görünməyən və ya simptomsuz, yüngül bir qrip ola bilərdi. Belə infeksiyalar əvvəllər məlum olduğu kimi daha tez-tez baş verərsə, məntiqi olardı ki, yerli əhali onların yaşayış mühitində simptomları yumşaltmaq üçün istifadə olunan dərman bitkiləri resursları haqqında məlumatlandırılsın. Bu vəziyyətdə müxtəlif yerli əhali üçün qrip və tənəffüs xəstəliklərinin müalicəsində istifadə olunan bitkilər effektiv bir vasitə ola bilər.

Bu sahədə çoxsaylı ədəbiyyatın təhlili göstərir ki, müxtəlif yerlərdə əhalinin qrip və tənəffüs yollarının xəstəliklərinin müalicəsində istifadə olunan bitkilər müntəzəm olaraq etnobioloqlar tərəfindən öyrənilir. Etnobiologiyada geniş tanınan anlayış - xəstəliklərin və dərman bitkiləri arasında qarşılıqlı əlaqə və yerli farmakopeyaların meydana çıxan xəstəliklərə reaksiya vermək qabiliyyətidir. Bəzi xalqların ilkin farmakopeyası cəmiyyət üçün endemik xəstəliklərin müalicəsində ixtisaslaşırdı və ya müasir tendensiyalara cavab olaraq inkişaf edirdi. Hazırda onların yerli səhiyyənin tələbatını ödəmək qabiliyyətini gücləndirmək məqsədilə yeni müalicəvi vasitələrdə istifadə edilir.

Bununla yanaşı, Filoviridae kimi coronaviridae viruslarının insan infeksiyalarının uzun bir tarixinə malik olduğunu nəzərə almaq lazımdır. Bu viruslar tənəffüs orqanları, mədə-bağırsaq traktı, qaraciyər və mərkəzi sinir sisteminə təsir edir. Bu əsrin iki əsas infeksion xəstəlikləri koronavirusla əlaqədardır: ağır kəskin yoluxmalar 2002-ci ildə Çində aşkar edilən ağır kəskin tənəffüs Sindromu (SARS) və 2012-ci ildə Səudiyyə Ərəbistanda Yaxın Şərq Tənəffüs Sindromu (MERS). SARS-CoV-2 də təbii təkamül nəticəsində yarasanlardan insanlara ötürülən olduğuna inanılır. Lakin, Coronaviridae məxsus virusların patogenliyi adətən daha aşağı hesab olunur. Hipotetik olaraq, Coronoviridae daşıyıcılarının geniş yayıldığı rayonlarda yaşayan yerli əhali həm müalicəvi, həm də profilaktik məqsədlər üçün bitki əsaslı vasitələr hazırlaya bilər.

Dünyanın yüksəkreytinqli “Nature Plants, 2020” jurnalında da qeyd olunur ki, ümumiyyətlə, xəstəliklərin müalicəsi haqqında ənənəvi biliklərin, həmçinin tamamilə müxtəlif göstəricilərə görə istifadə olunan bitki törəmələrinin СOVID-19-un müalicəsi üçün istifadəsi çox problemlidir. Həmçinin СOVID-19-un müalicəsində tətbiq olunan xloroxin fosfat və onların analoqları kimi sintetik birləşmələrin bitki metabolitlərin struktur törəmələrinin effektivliyi sübut edilməmişdir. Bununla yanaşı, koronavirus infeksiyalarına qarşı təsirli olduğu bilinən ənənəvi dərman vasitələri bir-birinə əlavə olaraq istifadə edilə bilər. Məlumdur ki, COVID-19 xəstələrinin əhəmiyyətli bir hissəsi sitokin fırtınası sindromuna malikdir və tədqiqatçılar bu vəziyyəti müalicə etmək üçün "sübut edilmiş təhlükəsizlik profilləri ilə mövcud təsdiqlənmiş müalicə üsulları"nın birgə tətbiqini təklif edirlər.

Lakin inkar etmək olmaz ki, güclü immun sistemi koronavirus kimi viral xəstəliklərin idarə edilməsi və qorunmasında əhəmiyyətli bir amildir. Son məlumatlara görə, ənənəvi qida kimi istifadə olunan müxtəlif növlərin immun sisteminin gücləndirməsi və beləliklə COVID-19 təzahürünün qarşısını almağa kömək edə bilər. Belə ki, hələ 2015-ci ildə kurkumin, sarıkökün (Curcuma longa L.) sitokinlərin sərbəst buraxılmasının qarşısını almaq qabiliyyəti üçün tanınan əsas curcuminoid nümunə kimi göstərilir. Bu cinsin bitkiləri Cənubi və Cənub-Şərqi Asiyanın bir çox ənənəvi resepturalarında əhəmiyyətli bir tərkib hissəsini formalaşdırır.

Bundan əlavə şübhəsiz ki, ölkədən-ölkəyə virus yayılması həyat şəraitinə, pəhriz, təhsil və demoqrafiyaya təsir göstərir. Eyni zamanda, qida və ya müalicə kimi istifadə üçün bitkinin konkret növ seçimini müəyyənləşdirən bir çox amillər: bolluq, mövcudluğu, müəyyən dadı və ya qoxu kimi mədəni üstünlükləri, məhsulların emalı və texnologiyası və çox vacib, lakin hələ də az tədqiq olan genetika və istehlakçıların xüsusiyyətləri, məsələn, detoksifikasiya fermentlərin mövcudluğu nəzərə alınmalıdır. Nəticədə, bu amillərlə bağlı statistika bizə COVID-19 və digər viruslarla necə mübarizə aparmağı daha yaxşı anlamağa kömək edəcəkdir.

Dünyanın hələ də sübutlara ehtiyacı var. Buna əsaslanaraq, etnobioloqlar COVID-19 müalicəsinin mövcud protokollarına əlavə olaraq bu iddianın reallığını araşdırmalıdırlar. Lakin, hər kəs, o cümlədən etnobioloqlar da nəzərə almalıdırlar ki, pandemya COVID-19 çox güman ki, dünyada yeni intizamın formalaşmasına dərin təsir göstərəcək. Bu nədən ibarət ola bilər?

Aparıcı mütəxəssislərin qiymətləndirmələrinə görə, biomədəni müxtəliflik sahəsində mühüm nəzəriyyə dini və dil müxtəlifliyinin patogen-induksiya təkamülünü proqnozlaşdıran "Parazitar stress nəzəriyyəsi" dir. COVID-19 kimi xəstəliklərin insan mədəniyyətinə təsiri əl sıxma, qucaqlaşma, evdən kənarda yemək və s. kimi aşkar mədəni təcrübələrin aradan qaldırılmasından daha dərindir. Etnobioloqlar tərəfindən müntəzəm olaraq mədəniyyət və ekologiya arasında əlaqələri, həmçinin COVID-19-un mümkün təsirini yerli sakinlər və mədəni əhəmiyyətli növlər arasında (ovalinan yarasalar kimi növlər də daxil olmaqla) əlaqələri öyrənmək çox vacibdir.

Bu nəzəriyyə də etnosentrizm və ksenofobiyanın artmasını və cəmiyyətin parçalanmasını proqnozlaşdırır. Tədqiqatçılar daim insanların müxtəlif qrupları ilə iş apardıqları üçün yaranan çağırışlara cavab olaraq etnobioloqların vəzifələrindən biri ksenofobiya əlamətlərin aşkarlaması və ona qarşı mübarizənin təşkilidir. Bu isə yerli əhaliyə və hakimiyyət orqanlarına vəziyyətin öhdəsindən gəlməyə, bioloji və mədəni müxtəlifliyin azalması problemini həll etməyə kömək edir. Etnobioloqların digər vəzifəsi - zoonoz viruslar ilə qarşılıqlı uzun bir tarixə malik yerli əhali ilə tibbi və profilaktik məqsədlərdə istifadə olunan bitkilərin sənədləşdirilməsi üçün əməkdaşlıqdan ibarətdir.

Lakin dünya tədqiqatçıları ənənəvi bitki mühafizə vasitələrinə “romantik” yanaşmamaq barədə xəbərdarlıq edirlər: pandemiyaya qarşı effektiv antikovid peyvəndlərin axtarışı cari səylərin qiymətləndirilməsində xüsusi ehtiyatlı olmağı tələb edir.

Çox yaxın gələcəkdə hazırki pandemiyanın yaratdığı fəsadlarının yumşaldılması üçün qəbul edilən tədbirlərin öz-özlüyündə gələcəkdə epidemiya sıçrayışının və böhranının yaranması riskini artırmadığından əmin olmalıyıq. İqtisadiyyatın bərpasına və stimullaşdırılmasına yönələn çoxmilyardlı plan üç mühüm faktora əsaslanmalıdır:

İlk növbədə biz ətraf mühitin mühafizəsi sahəsində normativ bazanı möhkəmləndirməli və ona əməl etməli və daha çox rasional və ətraf mühitə yönələn yanaşmaların icrasına töhfə verən həvəsləndirici tədbirlər görməliyik;

İkincisi qərar qəbul etmənin bütün səviyyələrində (qlobal səviyyədən yerli səviyyəyə qədər) insan, heyvan və bitkilərin sağlamlığı ilə ümumi ətraf mühitimiz arasında mürəkkəb qarşılıqlı əlaqəni qəbul edərək “Vahid Sağlamlıq” yanaşmasını tətbiq etmək vacibdir. Bu cür yanaşma həm insanlar, həm də təbiət üçün uzun-müddətli perspektivdə hazırlanan tədbirlərin fəsadlarını nəzərə alan daha effektiv qərarların qəbul edilməsini təmin edəcəkdir;

Üçüncüsü, sağlamlıq sistemlərini maliyyə və digər mənbələrlə lazımi qaydada təmin etməliyik, eyni zamanda pandemiyanın yaranması riski qarşısında ən həssas olanların davranışlarında dəyişiklik etməyi stimullaşdırmalıyıq. Bundan əlavə, bu cür tədbirlərə əhalinin ən həssas qruplarının sağlamlığının qorunmasını təmin etməyə yönəlmiş həllərin hazırlanması da daxildir.

Ən başlıcası odur ki, biz transformativ dəyişikliklər etməliyik. Bura texnoloji, iqtisadi və sosial amillər, o cümlədən məqsəd və dəyərlər nəzərə alınmaqla, bütün sektorlarda sosial və ekoloji məsuliyyəti təmin etməyə kömək edəcək fundamental, sistem miqyaslı yenidənqurma daxildir. COVID-19 ilə əlaqəli böhranı aradan qaldırmaq üçün mövcud iqtisadi modeldən imtina etməliyik. Bunun üçün təbiəti qorumağa yönəlmiş siyasət və tədbirlər üzrə təlimlər keçirməlidir ki, təbiət bizə özümüzü qorumağa kömək etsin.

Validə ƏLİZADƏ, AMEA-nın Botanika İnstitutunun direktoru, akademik