XƏBƏRLƏR Arxiv 1538 Çap et
25.11.2020 / Konfranslar, iclaslar “Akademiya ciddi addımlar atmalı, erməni saxtakarlıqları ilə dolu “faktların” qarşısının alınması istiqamətində tədqiqatları gücləndirməlidir” – akademik Ramiz Mehdiyev

“Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqoryan kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Noyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin nəzdində Albanşünaslıq Elmi Mərkəzinin yaradılması ilə bağlı iclas keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün bir hissəsi olan Qafqaz Albaniyasının araşdırılmasının daha mütəşəkkil təşkilinə, sovet dövründən daim maneələrlə qarşılaşan alban kilsələrinin tədqiqinə hər zaman ciddi ehtiyac olduğunu vurğulayaraq ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycanda Qafqaz Albaniyasilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır” – çağırışına cavab olaraq tədqiqatçıların maddi mədəniyyət nümunələrimizin ölkəmizə məxsusluğunun sübut edilməsi və tarixi həqiqətlərimizin daha geniş ictimaiyyətə çatdırılması istiqamətində araşdırmaların genişləndirilməsinin və bu məqsədlə Albanşünaslıq Elmi Mərkəzinin yaradılmasının vacibliyini diqqətə çatdırıb. Akademik Ramiz Mehdiyev tariximizə aid dəqiq faktların üzə çıxarılması, maddi mədəniyyətimizin iddiasında olan ermənilərin sahiblənmək istədikləri alban abidələrinin Azərbaycan tarixinə məxsusluğunu sübut edəcək tədqiqatların genişləndirilməsi ilə əlaqədar olaraq aparılan işlərin bir sistem şəklində həyata keçirilməsinin önəmini ifadə edib. Akademik Ramiz Mehdiyev çıxışında “kommersant.ru” saytında dərc olunan “Ziyarətgah bütün hallarda qorunmalıdır” adlı rusiyalı sülhməramlıların bölük komandirinin müsahibəsinə toxunaraq qeyd edib ki, həmin yazıda Xudavəng monastırı erməni Dadivank monastırı kimi təqdim olunub. Bundan başqa, akademik “Artsaxın” mənəvi və mədəni irsinin tədqiq edilməsi üçün erməni katolikosunun sərəncamı ilə Üçmüədzində dəftərxananın fəaliyyətə başlaması, Qaragin Ambarsumyanın həmin dəftərxanaya rəhbər təyin edilməsi ilə bağlı əmri tədbir iştirakçılarının diqqətinə çatdırıb. AMEA rəhbəri vurğulayıb ki, bu kimi faktlarla mübarizə aparmaq üçün ölkənin əsas elm mərkəzi olan Akademiya ciddi addımlar atmalı, erməni saxtakarlıqları ilə dolu “faktların” qarşısının alınması istiqamətində tədqiqatları gücləndirməlidir.

Tədbirdə AMEA-nın müxbir üzvü, Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, Albaniyada feodal münasibətlərinin genezisi probleminin ilk tədqiqatçısı, professor Fəridə Məmmədova çıxış edərək yeni yaradılacaq mərkəzlə bağlı fikirlərini bölüşüb, qədim fars, gürcü və latın dillərini bilən kadrlara və tarixin Qafqaz Albaniyası dönəminin araşdırılmasında bu dillərə ciddi ehtiyac olduğunu bildirib.

Sonra çıxış edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev arxeologiya elminin bu araşdırmalardakı rolundan bəhs edib. Albaniyanın yaşayış yerlərinin tam olaraq öyrənilmədiyini deyən T.Əliyev Azərbaycanın işğaldan azad olunan bölgələrində kifayət qədər tədqiqatların aparılmadığını qeyd edib, Gəncəsar və Xudafərin abidələri kimi tanıdılmağa ehtiyacı olan digər maddi mədəniyyət nümunələrimizdən də danışıb: “Kəlbəcər, Laçın və Qubadlı ilə bağlı yetəri tədqiqat yoxdur. Gəncəsar və Xudafərini tanıyırıq, amma digər tanımadığımız abidələr var ki, onların araşdırılması mütləqdir”.

Tədbirdə yeni mərkəzlə bağlı öz təkliflərini səsləndirən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı alban abidələrinin siyasi, iqtisadi, sosial, dini-konfessial, o cümlədən arxeoloji, memorioloji və mədəni baxımdan da tədqiqinin vacibliyindən danışıb. 

Sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva çıxış edərək mərkəzin həyata keçirdiyi tədbirləri geniş ictimaiyyətə çatdırmaq məqsədilə xəbərlər, monoqrafiyalar və arxeoloji-etnoqrafik hesabatlar adlı nəşrlər, digər ölkə alimləri ilə birgə təşkil olunacaq ekspedisiyalar, arxivlərlə iş və kadr hazırlığı kimi istiqamətlərdən ibarət olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Daha sonra Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini icmasının sədri Robert Mobili Qafqaz Albaniyasında alban kilsələrinin mövcudluğunu sübut edən elmi əsaslı faktların genişləndirilməsi məqsədilə Alban Apostol kilsəsinin yaradılması və əsasnaməsinin hazırlanmasının mühüm olduğunu vurğulayıb. Dünyada müstəqil olan mədəni xristian irsini müdafiə edən kilsələrin Azərbaycanda da mövcudluğunun önəmindən bəhs edən  Robert Mobili qeyd edib ki, bu kilsənin yaradılması dini icmalarla əlaqələrin qurulması və ölkədə olan alban kilsələrinə aid faktların dünyaya çatdırılması baxımından əhəmiyyətlidir: “Məsələn, Türkiyədə Konstantinopol kilsəsinin rəhbəri o ərazinin və mədəni irsin sahibidir. Onun müdaxiləsi sayəsində oraya nə suriyalılar, nə ermənilər, nə gürcülər, nə də yunanlar gedə bilirlər”.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.