XƏBƏRLƏR Arxiv 1468 Çap et
26.11.2020 / Yeni nəşrlər Onlarla həmişəlik qalacaq damğa

Başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq mümkün deyil və müvəqqəti ayaq tuta bilən yalan kimi bir özgəsinin faciəsi bahasına qazanılmış sevinc də yalnız keçəri ola bilir.

Həyat bunu saysız dəfə sübut edib - haram şadlıqdan axıracan yarıyanı tarix tanımır. Gec-tez etdiyin mərdimazarlıqlar hökmən lülək-lülək burnundan gəlməlidir!

Yox, İkinci Qarabağ savaşında Ermənistanın darmadağın edilərək diz çökdürülməsi onun indiyədək Azərbaycana və insanımıza qarşı törətdiklərinin cəzası deyil.Əsl cəza saatı hələ qarşıdadır və həmin müdhiş saat Ermənistan və ermənilik üçün vaxtaşırı, səngimədən illər boyu dəfə-dəfə gələcək.

27 illik əsarətdən sonra yenidən qovuşduğumuz Ağdamı, Füzulini, Zəngilanı, Cəbrayılı, sıra-sıra kəndlərimizi yalnız bizimkilər deyil, xarici jurnalistlər də görərkən qarşılarındakı viranələrin oyatdığı sarsıdıcı təəssüratdan heyrətlənməyə bilmirlər.

Nə 27-28 il əvvəlki Birinci, nə də ki, 2020-nin payızındakı İkinci Qarabağ müharibələrində bu yerlərdə elə sürəkli və şiddətli döyüşlər getməmişdi ki, nüvə partlayışlarından sonranın təsəvvürünü oyadacaq qədər belə qorxunc xarabalıqlar əmələ gəlsin.

Ermənilər işğal illərində bu YERLƏRLƏ dayanmadan döyüşüblər.

Üz-üzə dayanıblarmış - bir tərəfdə quduzlaşmış silahlı erməni quldurları, digər tərəfdə təklənmiş, insansız şəhərlərimiz, kəndlərimiz.

Oğurlaya, talaya bildiklərini sümürüb qurtarandan sonra ağına-bozuna baxmadan hər şeyi partladırlarmış, dağıdırlarmış, guya artıq özlərinin hesab etdikləri Dağlıq Qarabağla Azərbaycanın digər əraziləri arasındakı zəbt olunmuş torpaqları ölü zolağa çevirirlərmiş.

Daha heç bir zaman, yaxud onların özlərinin lazım bildikləri vaxtacan insansız, həyatsız, əkin-biçinsiz qalmalı həyula məskən, vahiməli ada doğururmuşlar!

Belə doğa bilmək yalnız iblisin xislətindədir.

Divarın o tayında bu cür bədheybət matəmgah yaradaraq divarın bu üzündə heç nə olmayıbmış kimi rahatca yaşamaq - sevişmək, bala böyütmək, kitab oxumaq, vaxtaşırı əllərini göyə açaraq Xaliqdən səadət diləmək, Pərvərdigardan hansısa işlərinin avand olmasını arzulamaq yalnız riyakarların ən riyakarının, ruhu irinli, mənəviyyatı çürük xəstələrin ağlına gələ bilər.

Gözəl dünyada hər çeşid eybəcərliyə də rast gəlinir - olsun ki, tək-tək adamlar, lap bir neçə adam belə rəzil kökə düşə bilər.

Bəs yüzlər, minlər bu azara tutulanda və belə olmaqlarıyla öz xalqlarını da alçaldaraq hər kəsdə elə onların hamısının biz bezin qırağı olmaları qənaətini yaradanda nə edəsən, neyləyəsən?!

Biz hələ də inanmaq, ümid bəsləmək istəyirik ki, xeyr, bunca kütləvi yoluxma ola bilməz, aralarında sağlamları da var.

Həmin səbəbdən də gələcəkdə hansılarısa bizimlə qalıb yaşamaq istəyəcəksə, onlara ləyaqətli həyat boyun oluruq.Məhz insana layiq, insanı insan yerinə qoyan rahat mühit içərisindəki həyat.

Axı onlar indiyədək yaşadıqları həyatdan, ən azı bu son 30 ilədək sıxıntılı, güzəranlarından, gözükölgəli dolanışıqlarından, zülmə, təhqirlərə danışıqsız tabe olmaları səbəbindən yaxşı bilirlər ki, ləyaqətsiz yaşamaq nə deməkdir.

Dünyada o qədər müharibə edənlər olub ki... Müharibə aparıblar, sonra zamanı gəlib, barışıq da yaranıb, sülh də bağlanıb, bərabər, iç-içə də yaşayıblar. Amma onlar müharibəni də adam kimi aparıblar, barışmağa üz qoyublar.

Prezident İlham Əliyev kimi qurucu təbiətli insanlar dünyaya məhz elə bu təyinatla da gəlirlər - tikmək, ucaltmaq, daha abad etmək, gözəlliklər üstünə gözəlliklər artırmaqçün! Dahamüharibələr aparmaqdan ötrü yox. Amma vətən təhlükəyə ürcaholanda elə sabahkı quruculuqların naminə düşmənləri qətiyyətlə yerində oturtmaq qüdrətini də belə şəxsiyyətlərə Əlahəzrət Zaman özü həvalə edir.

Müdrik sözə qulaq asmaqda həmişə fayda var. Lap zəqqutum kimi acıdırsa da, onda sənə xeyir olanı duyacaq qədər dərrakən varsa, gərək nəticələr çıxarasan, dərs alasan.

İkinci Qarabağ müharibəsi başlanandan, zəfərimizlə bitib, sevinclərimizlə davam edən günlər boyunca Prezident İlham Əliyev mütəmadi millətimizə və dünyaya səslənir, hər çıxışında da sonra ətrafında saatlarla, günlərlə düşünməli mətləblərə toxunur.

Düşmən olanda nə olar - dinləməyinə onsuz da bizdən də diqqətlə izləyirsiniz, barı öz xatirinizə eşitdiklərinizdən nəticə də çıxarın, ibrət də götürün. Əslində, Prezident İlham Əliyevin nitqlərinin, müsahibələrinin, müraciətlərinin hər birində Ermənistan və ermənilik üçün düçar olduqları köhnə və dərinə kök atmış mərəzlərdən müalicə olunmaqdan ötrü çoxlu ciddi reseptlər var.

Dübbədüz demirmi ki, sizi içəridən məhv edən, cılızlaşdıran, gələcəksizliyə məhkum qılan bitib-tükənməyən kininizdir:

"Baxın, dünyada nə qədər müharibələr olub. Elə bu son 100 ili, 200 ili götürün. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədavəti, kim bu kini-küdurəti yaşadıb öz ürəyində illərlə? Kim öz uşaqlarını nifrət hissi ilə böyüdüb?

Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışıq olub. İndi Rusiya ilə Almaniya arasındakı münasibətlər normal inkişaf edir. Avropa ölkələri özləri. Fransa İtaliya ilə nə qədər müharibə aparıb. Almaniya ilə Fransa nə qədər müharibə aparıb. Hansı ölkənin xalqı bu nifrəti öz ürəyində yaşadır, bunu, necə deyərlər, alovlandırır?! Bax budur Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında özləri günahkardır".

20 ildir - 2001-ci ilin yanvarından, Avropa Şurası Parlament Assambleyasına üzvlüyümüz başlanandan tez-tez yola düşdüyümüz Strasburq bizimçün məhrəm bir şəhərə çevrilib.

Oralara səfərlərimizin eləsi yoxdur ki, hər gün Ermənistanın Azərbaycana təcavüzü, Qarabağ məsələsi əsas söhbət mövzumuz olmasın.

Qədim, göyçək Strasburq görünüşü və tarixi taleyi ilə də həmişə insanı elə bu səmtdə düşünməyə sövq edir.

Bugünkü Fransanın iki əyaləti - Alzas və Lotaringiya uğrunda son 3 əsrdən artıq müddətdə qızğın müharibələr aparılıb. Bu yerlər gah Fransanın əlinə keçib, gah Almaniyanın ixtiyarında olub. Alzasın baş şəhəri Strasburqda elə binalar var ki, onların inşası bu yerlər almanların əlində olanda başlanıb. Müharibə düşüb, fransızlar qələbə qazanıb. Almanların tikməyə başladığı binanı uçurmayıblar, bir az da səliqə ilə tamamlayıblar. Və neçə dəfə əksinə olub.

Bu gün Strasburq aralarında sərhəd dirəkləri olmayan Almaniya ilə Fransanı qovuşdurur. Hər ikisi üçün əzizdir və Strasburqdan Almaniyaya tramvay xətti açılıb. Kimi orada yaşayıb, burada işləyir, kimisi burada yaşayır, ofisi oradadır. Zamanında babaları buraları dağıtmış olsaydı, sonrakı nəsillərə ədavəti, nifrəti yadigar qoysaydı, bugünkü mehribanlıqdan da əsər-əlamət olmazdı, indi göz oxşayan çox memarlıq abidələri də yox olub gedərdi.

O 300 il müharibə edə-edə ən barışmaz döyüşlərin cərəyan etdiyi məkanları sabaha zədəsiz, dağıntısız təhvil verməyi bacarmış 2 ənənəvi yolagetməz - Almaniya və Fransa, bu da 30 il ərzində qəsb etdiyi Azərbaycan şəhər və kəndlərini cəhənnəmə döndərmiş Ermənistan.

Bunların indiyədək xaraba qoyduqları bir yana, hazırda əllərinə son fürsət düşəndə də yandırıb, söküb, dağıdıb, məhv edib gedirlər.

30 ilə yaxın müddətdə özünün tikmədiyi, zəbt etdiyi ərazidəki azərbaycanlının evində yaşamış erməni gedəndə də azərbaycanlılara qalmasın deyə elə azərbaycanlının tikib qurduğu mülkə od vurur.

Həm də bunu xəlvəti etmir. Kameralar çəkir, yazır və o da bu əməli haqqında fəxrlə, ağzı köpüklənə-köpüklənə danışır.

Sağlam adam, ümumən insan olan belə edərmi?!

Bilmirəm görəniniz, oxşar hadisəylə qarşılaşanınız varmı? Uşaqlıq illərimdə şahid olmuşam - qonşumuzun inəkləri vardı, südü də onlardan alardıq, bir gün həyətlərindən həyəcanlı səs eşidib ora axışdıq. Xəstəliyə tutulmuşdumu, zədələnmişdimi, zəhərlənmişdimi, -nə idisə, inək halsız yerə uzanmışdı, balası da yanında idi və sanki həyatının sonunun çatdığını duyan heyvan kədərlə, yəqin ki, tezliklə ayrılacağınu hiss etdiyi, bir daha görə, yalaya, qısıla bilməyəcəyi balasına baxırdı və gözlərindən yaş gəlirdi.

Nə bilirik axı başqa canlıların bundan da riqqətoyadıcı hissləri yoxdur?!

Baxılması nə qədər üzücü olsa belə, bu foto və videolar nəşr edilməli, yayılmalı, filmlərdə, kitablarda əksini tapmalıdır: ermənilər işğal altındakı əraziləri tərk edirlər, yaxşı yır-yığış edə bilməkçün əlavə 10 gün vaxt istədikləri (və aldıqları) Kəlbəcərdən ayrılırlar (özləri burada azərbaycanlılara doğma ev-eşiklərini tərk etməkçün 27 il əvvəl 10 saat vaxt qoymuşdular. Hərçənd bir çox yerlərdə saat nədir, heç göz açmağa imkan verməmişdilər), yandıra, dağıda biləcəkləri hər şeyi məhv edirlər. Tutalım, bunlar cəhənnəm, zatınızı, düşmənçiliyinizin ifrat həddini, məkrinizin aşıb-daşan şiddət dərəcəsini onsuz da əvvəldən bilirdik, indi yaxından seyr edərək bir az da dərindən anladıq; Yaxşı, bəs dilsiz-ağızsız binəva heyvanların günahı nədir, onları niyə güllə ilə vurub, zəhərləyib, alışdırdığınız tövlədə diri-diri yandırıb öldürürsünüz?! Apara bilmirsiniz, açın buraxın, qoy hara gedir-getsin, axı onlarada həyatı, sizə olan kimi, Tanrı verib. Nə haqqınız var onların əlindən həyatı bu cür amansızlıqla alırsınız?

Bu mənzərələri bu günlərdə ürəyinizdən qara qanlar axa-axa hamınız görmüsünüz və tarix, insanlıq bunları unutmamalıdır. Bunun adı sadədir: adi faşizm!

Hər sözünün çəkisi olan, hər kəlməsinin ardında danılmaz həqiqətlər dayanan Prezident İlham Əliyev işğalçı Ermənistana və erməniçilik haqqında səbəbsiz yerə belə demir axı:

"Görün biz kimlərlə üz-üzə idik və biz kimi məğlub etmişik?

Bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik. Amma baş qaldıra bilər. Ancaq biz imkan verməyəcəyik. Hər kəs bunu bilsin.

Əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, on qatını alacaqlar, on qatını və heç kim bizi durdura bilməz".

Erməniliyin bu üzünü, belə faşistanə işləklərini aləmə yaymaq lazımdır ki, dünya görsün və bilsin.

Ona görə yox ki, bizim illərcə necə qəddarlarla qarşı-qarşıya qaldığımıza bir daha şahid olsunlar, bunları görərək haradasa bizi müdafiə edəcək kəlmə kəssinlər.

Onsuz da indiyəcən onlardan bunu görmədik, heç bundan sonra da ehtiyacımız yoxdur. Həyat bizə haqlarımızı özümüzün müdafiə etməyimizi, həm də sadəcə müdafiə yox, ədalətsiz maneələri aşa-aşa qorumağı öyrətdi.

Dünyanın bütün bunları görüb-bilməyini ona görə istəyirik ki, yazıqdırlar, qoy ermənini yaxşı tanısınlar və ehtiyatlı olsunlar, dava-dərmanı olmayan bu taundan özlərini qorusunlar. Bilsinlər ki, bu gün qılıqlarına girib onlardan dəstək alan məzlum cildi geymiş həmin tayfanın hər hüceyrəsində əzazillik, qansızlıq, namərdlik dövr etməkdədir.

Xatırlayıram 1988-ci ili. Qərbi Azərbaycandakı dədə-baba yurdlarımızdan qaçqın düşmüş, evindən bir çöp də götürməsinə macal verilməmiş, nazik ev geyimində qarlı dağlar aşaraq canını zorla qurtarmış ahıl bir kişi müsibətini nağıl edir və son sözlərini deyəndə gözləri dolur, qəhərlənir.

O əhvalatı mən 1993-cü ildə ilk sayı işıq üzü görmüş "Azerbaijan international" jurnalında dərc edilən "Qaçqınların qışı" adlı yazımda da vermişdim. Həmin zavallı qaçqın evindən nəsə götürə bilmədiyinə heyifsilənmirdi, əksinə, şükür edirdi ki, heç olmazsa ailəsi ilə birgə düşmənin caynağından salamat qurtula bilib. Onu qüssələndirən bu idi ki, qaçaqaçda həyəcanlı olub, özünü itirib və vacib bir işi unudub: "Həyətdə itimiz zəncirlə bağlanmışdı. Onu açıb buraxmaq yadımdan çıxdı". Belə deyir və səsi qırılır, kövrəlir.

Bu, bizim ürəyimizdir, bir millət olaraq bu bizik - bir heyvanın da dərdinə həmdərd çıxaraq ağlamağı bacaran mərhəmətli millət, insan kimi insanlar!

Onlar da ki, onlardır!

Azərbaycan insanı torpağa həmişə bağlı olub, həmişə torpağı müqəddəs bilib, "lövbər atdığı" yer-yurdundan da, məcbur qalmasa, heç vaxt öz xoşu ilə ayrılmayıb.

Prezident İlham Əliyev milləti ilə növbəti dərdləşməsində - noyabrın 20-də, bəxtəvər bir gündə, Ağdamın işğaldan azad olunması münasibətilə xalqa müraciətində çox mühüm və millətimizin sabit mənəvi dəyərlərindən olan məqama toxundu:

"Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb.Mən orada, o dağıntılar arasında Azərbaycan xalqına müraciət edərək demişdim ki, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində - bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar".

Dövlət başçımızın ifadə etdiyi və hər bir azərbaycanlının qəlbinə yaxın olan bu gerçəyin, torpağa məhəbbətin və doğma yurda bağlılığın necə ülvi duyğu olduğunu erməni heç vaxt dərk etməz. Ona görə anlamaz ki, bu hiss onlarda təməldən yoxdur. Nə torpaqları, nə vətənləri olub. Elə qaraçılar kimi burdan ora, ordan bura köç etməklə dolanıblar. Ancaq qaraçılardan fərqli olaraq, ayaqları dəyən, döşlərinə yatan hər yerə tamah salıblar, "buralar minillər qabaqdan bizimkidir" söyləyiblər, yalanlarına özlərini də inandırıblar, başqalarını da inandırmağa çalışıblar.

Elə ona görə də bizi öz arşınları ilə ölçərək bu xülyadaymışlar ki, azərbaycanlılar daha altı üstünə çevrilmiş yerlərə geri dönməzlər.

Onlar Şəhriyarın bu misralarının hər azərbaycanlının dilində niyə and kimi səsləndiyini özlərində bilmərrəhəqiqi doğma torpaq, gerçək Ana Vətən duyğusu olmadığından heç vaxt anlaya bilməzlər:

Vətən eşqi məktəbində

can verməyi öyrənmişik,

Ustadımız deyib:

"Heçdir vətənsiz can", Azərbaycan.

Prezident İlham Əliyev milləti millət edən belə ümdə dəyərlərdən ermənilərin agah olmadıqlarından Azərbaycanın gücünü də dəqiq qiymətləndirə bilmədiyini çox sərrast müəyyənləşdirib:

"Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur.Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın".

İndi erməniləri axın-axın Xankəndiyə gətirirlər. Məhz gətirirlər, özxoşuna gəlmirlər. Gətirirlər ona görə ki, hələ başbilənlərinin iltihablı beyinlərində sabahla əlaqədar nəsə xam xəyallar tamam sönməyib. Amma haranın yaşamaq üçün əlverişli, ya əlverişsiz olduğunu ömrü boyu mənimsədiyi vərdişlərdən iy bilirmiş kimi tez hiss edən, sərfəli olmayan yerdə qərar tutmayaraq əlüstü yeni vətən axtarışına çıxan sadə ermənilər buralarda bir müddət candərdi qalsalar da, yavaş-yavaş başlarının çarəsini qılacaqlar. Gözləməyə adətkərdə olan bizlərçün 5-6 ili yola vermək nədir ki!.. Asta-asta vasil olacaqlar getməli olduqları yerlərə.

Bizlərinsə dodaqlarımız o yanıb qaralmış torpaqlarımızı öpməkçün təşnədir!

Məcburi köçkünlərimizin 30 ilə çatan əzablı illər boyunca həsrətini çəkdikləri yurdlara necə qayıdacaqlarına cavab olacaq bir hekayət var.

1993-cü ilin payızında, bir-birinin ardınca gələn işğal soraqlarının sızıltısını yaşadığımız günlərdə unudulmaz alimimiz Əziz Mirəhmədov mənə az öncə ona Türkiyədə bağışlanmış bir kitab verdi. Bu, əslən Azərbaycandan olan Ələddin Məhəmmədoğlunun şeirlər toplusu idi. Ön sözünü və şeirləri oxuyunca təsirli bir ömür novellası ilə qarşılaşdım.

Müəllifin atası 1918-ci ildə Anadoludan Azərbaycana gələn xilaskar əsgərlərdənmiş. Gəlir, qəhrəmanlıqla döyüşür və sevdaya düşür. Bir azərbaycanlı qızla evlənir. Sonra Cümhuriyyət devrilir, yollar bağlanır və Əli oğlu Mehmət İzmir vilayətinə, Aydın sancağına, Bozdoğan qəzasına, Asma köyünə daha heç vaxt qayıda bilmir.

Və günlərin birində ölüm yatağında olan ana yeganə oğluna 55 il ürəyində gizli saxladığı sirri faş edir ki, sənə zərər toxunar deyə uşaqkən itirdiyin atanın əslində, kim olduğunu heç vaxt bildirməmişəm. Amma indi son nəfəsimdir, sənə həm həqiqəti söyləyirəm, həm də vəsiyyətimi edirəm. İstəyirəm yollar açılanda gedib Türkiyədəki əqrəbanı tapasan.

1988-ci ilin sonlarında SSRİ-də siyasi iqlimin yumşalmağa üz qoyduğu, Türkiyə ilə get-gəllərin başladığı çağlarda artıq alim, institut müəllimi olan Ələddin Əliyev anasının anlatdığı ünvanı soraqlayır, tezliklə əlaqələr də yaranır və o, 4 övladını da götürərək ata yurduna səfərə çıxır.

İzmirdə onu elə bir zamanlar buradan Mehmət Əfəndini yola saldıqları hərarətlə qarşılayırlar, söyləyirlər ki, onu şəhid olmuş sayırdıq, 70 ildir ki, həmişə "Fatihə"lərimizlə anırıq.

Və Ələddin Məhəmmədoğlunun kükrəyən duyğularının əks-sədası olan "Salam, baba yurdum" kitabındakı ilk şeir ata ocağı ilə görüş haqqında idi:

Kirpiyimlə köz götürdüm,

Hər yetəndən söz götürdüm

Bircə səni görmək üçün,

Ata yurdu.

Həsrətinlə alışıram,

Neçə ildir çalışıram

Sənə salam vermək üçün,

Ata yurdu.

Bir gör neçə nəvən gəlib,

Candan artıq sevən gəlib

Səndə ömür sürmək üçün,

Ata yurdu.

Bu cahana xoş gəlmişik,

Bir getmişik, beş gəlmişik

Torpağını öpmək üçün,

Ata yurdu.

İndi bu misraları oxuyuram və mənə elə gəlir ki, bu sözləri bitməz kimi görünən hicranlardan sonra elə doğma Şuşasına, Ağdamına, Füzulisinə, Cəbrayılına, Zəngilanına, Laçınına, Kəlbəcərinə, Qubadlısına qayıdanlar deyir.

Və aradan 27-28 il keçib. Gedəndə bir olanlar beş olub qayıdırlar. Oğullu-uşaqlı, nəvəli-nəticəli qayıdırlar. Ata yurdundan aralıda doğulmuş övladları gətirirlər ki, illərcə onlara şirin nağıl kimi söylədiklərini balalar özləri duysunlar, bu torpağın üstündə ayaqyalın gəzib onun hərarətini canlarına hopdursunlar, buraların havasını udsunlar, suyunu içsinlər, bu torpağın yavrusu olmağın əlifbasını mənimsəsinlər və əl-ələ verib yaralara məlhəm qoymağa başlasınlar...

Bəzən insanlarımız narahatlıq keçirirlər ki, axı nədən ermənilərin haqsızlığı gün kimi aydın olduğu halda dünyada onlara bu qədər havadar, müdafiəçi tapılır, əsəbiləşirik ki, külli-aləm niyə bizim haqqımızı qoyub onların nahaqını tutur?

Çünki binədən bunlar belə olublar, ta keçmişlərdən ermənilik də qədim peşənin məxsusi növü kimi özünü təsdiqləyib, bunlar şəbəkə qurublar, qarmaq atıblar, yağlı dillə, rüşvətlə, hiyləylə, hər millətə sırıdıqları qadınlarıyla çoxlarını torlarına salaraq öz məqsədlərinə xidmət etməyə yönəltməyi bacarıblar.

Amma hər şərin də bir puçolma məqamı var və ermənilik artıq gəlib yetişib həmin iflas fəslinə.Ermənilərə yox yerdən dövlət düzəldilmişdi, ərazi verilmişdi, tarixin qızıl nimçəsinin içərisində əllərinə müstəqillik kimi bir qiymətəsığmaz sərvət keçmişdi.

Müstəqil ola bilmədilər. Ola da bilməzdilər. Çünki müstəqillik kimi ali nemət, Prezident İlham Əliyev demiş, "mələyə-mələyə, sürünə-sürünə onun-bunun ətəyindən yapışanlar"a, "Mənə kömək edin" yalvarışlarını "ideologiyasının əsas prinsipi"nə çevirənlərə yar olmaz.

Onsuz da çoxdan elə sözdə müstəqil olan, vassal olduğunu haçandır ki, etiraf etmiş, indi isə düşdüyü burulğanda çabalaya-çabalaya əldəqayırma müstəqilliyini də itirməyin astanasında vurnuxan Ermənistan Prezident İlham Əliyevin belə əzici ittihamlarının qarşısında cınqırını çıxara bilmirsə, elə ölüb yerə girmişkən varsa, bəlkə elə Azərbaycan dövlət başçısının məsləhətinə qulaq asaraq bayrağı ilə bağlı tədbir görmək barədə düşünsə yaxşıdır:

"Bu ideologiya ilə hansı xalq inkişaf edə bilər?Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük qoy cibinə, get başqa ölkənin tərkibində yaşa".

... Arxada qalan 30 ilə yaxın müddətdə Qarabağ camaatı indi azadlığa çıxmış yerlərimizdə olsaydı, gecə-gündüz torpaqla əlləşəcəkdi.

Əsrlər boyu dədə-babalarının etdikləri kimi bu torpaqları yaşadacaqdılar, bu torpaqlarla danışacaqdılar, əkib-becərəcək, gen düzlərdən əllərinin bəhrəsini, bar-bərəkət yığacaqdılar.

Ermənilər də bekar qalmayıb. Onlar da 27 il boyunca durmadan əkiblər.

Ölüm əkiblər, fəlakət basdırıblar!

Sabah insan ayağı dəyə biləcək hər bucağa şitil kimi ucdantutma minalar yerləşdiriblər.

Artıq neçə gündür ki, döyüşlər dayanıb, noyabrın 10-dan bəri Qarabağ cəbhəsindən atəş səsləri gəlmir. Amma minalar partlamaqda davam edir və müharibədən salamat qurtarmış, qalib çıxmış əsgərlərin, dinc insanların canını alır.

Bu gözəl yurdların üstünü viran qoymuş ermənilər yerin altını da urvatdan salıblar, hər an baş qaldıra biləcək ölümlərlə doldurublar.

Söz yox, bunun da çarəsi tapılacaq. Bəziləri guya buraları ermənilərin basdırdığı saysız minalardan təmizləyib başa çıxmaqçün azı 5-10 il lazımdır deyirsə də, müasir qabaqcıl texnoloji vasitələrlə bu erməni fitnəkarlığına da lap qısa vaxtda əncam çəkiləcək, torpağımızın üstü kimi, altı da erməni murdarlıqlarından xilas ediləcək.

Amma Ermənistan və ermənilik üçün minalar hələ çox uzun zamanlar boyu partlamaqda davam edəcək.

Çünki artıq onların üstündə damğası var.

Elə bir damğa ki, daha nə qədər sular axıb keçə, o damğanı silə bilməz.

Noyabrın 10-dan, Ermənistanın təslim sənədini imzalamasından sonra savaş dayanıb. Amma əslində, müharibə əvvəlkindən qat-qat şiddətlə davam edir.

Prezident İlham Əliyevin hər çıxışı Ermənistanın və erməniçiliyin başına yağdırılan ən öldürücü, ən dağıdıcı raketlər, mərmilər kimidir. Azərbaycanın Baş sərkərdəsinin qalib hökmü ilə dediyi bu sözlərin yükünü çəkmək ağırdır, çox ağırdır, qanan üçün ölümdən də betərdir. Ən əvvəl ona görə ki, bunlar elə həqiqətlərdir, ermənilərin boynundan asılı elə boyunduruqdur ki, daha onlardan qaçıb qurtarmaq mümkünsüzdür:

"Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil. Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə.

Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, "məğlub edilmiş ölkə" damğası ilə yaşayacaqlar".

Dənizdən-dənizə uzanacaq qədər intəhasız iştahaları və acgözlükləriylə əsrlərcə löyün-löyün təşbihlər uyduraraq özlərinə "ən qədim", "çox əzabkeş", "məzlum" demiş ermənilər və ermənilik, nəhayət ki, tarixlərində ilk dəfə saxtakarlıqsız, təmiz və tam layiq olduğu əsl adı da qazandı: "DAMĞALI!"

Azərbaycanın qarı düşmənin başını əzərək ona əbədilik vurduğu məğlubluq damğası hec cürə zərərsizləşdirilə bilməyən minalar kimi onların yaddaşında, ruhunda, bütün gələcəyində həmişə partlamaqda davam edəcək!..

Rafael HÜSEYNOV, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik

"525-ci qəzet"