Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.
İnsanlar şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən, gəmilərdən səs siqnalları verilib.
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi AMEA-nın elmi müəssisə və təşkilatlarında da hörmətlə anılıb.
Anım gününün ikonası Şuşanın rəmzi sayılan “Xarı Bülbül”dür.
Qeyd edək ki, sükut dəqiqəsi Prezident İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncamı ilə elan olunub.
Bu gün Azərbaycanın bütün şəhər və rayonlarındakı məscidlərdə, kilsə və sinaqoqlarda Vətən müharibəsi şəhidlərinin anma mərasimləri keçiriləcək.
Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu şəhid olub. Hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin tibb müəssisələrində müalicəsi davam etdirilir.
Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.