XƏBƏRLƏR Arxiv 1522 Çap et
15.12.2020 / Yeni nəşrlər “Ən qədim dövrlərdən XVIII əsrə qədər Azərbaycan hərb tarixi” kitabı çapdan çıxıb

“Ən qədim dövrlərdən XVIII əsrə qədər Azərbaycan hərb tarixi” adlı kitab çapdan çıxıb.

672 səhifəlik kitab rus və ingilis dillərində işıq üzü görüb. Geniş oxucu üçün nəzərdə tutulan elmi əsərin müəllifləri Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi (akademik) üzvü, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyev və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.

Nəşr Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsində hazırlanıb və Azərbaycanda ən qədim dövrlərdən XVIII əsrə qədər hərb işi və hərb sənəti tarixinə həsr olunub. 2017-ci ildə elmi əsərin layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi müsabiqəyə təqdim edilib və bir il sonra müsabiqənin nəticələrinə görə qrant layihəsi qalib elan olunub.

Kitabın elmi məsləhətçisi AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, akademik Nərgiz Axundova, elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, redaktoru tarix üzrə fəlsəfə doktoru Fərrah Hüseyn, rəyçiləri tarix üzrə elmlər doktoru Şahin Fərzəliyev, tarix üzrə fəlsəfə doktoru Allahverdi Əlimirzəyev və dosent N.Ş.Əmirbəyovadır.

Vətən tarixşünaslığında ilk dəfə Azərbaycan ərazisində qədim dövrdən XVIII əsrədək baş vermiş əsas hərbi-siyasi hadisələr kompleks şəkildə kitabda tədqiq olunub. Geniş mənbə və ədəbiyyat əsasında hazırlanan elmi əsər Azərbaycanda hərb işinin yaranması, hərbi quruculuq və hərb sənətinin inkişafı məsələlərinə həsr edilib. Nəşr respublikanın ali humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin adyunkt və dissertantları, professor-müəllim, tələbələr və kursantları, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Kitab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hazırlanıb və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə tədqiq edilib. Vəsaitdə Azərbaycanda hərb işinin qədim dövrdən XVII əsrədək yaranması və inkişafı məsələləri işıqlandırılıb.

Nəşrdə xronoloji ardıcıllıqla dövrün hərbi-siyasi tarixi, həmçinin hərb sənətinin yuxarıda göstərilən xüsusiyyətləri əks olunub. Əsər çoxlu sayda tarixi xarakterli illüstrativ materialla zənginləşdirilib, ona dövlətlərin, yürüşlərin xəritələri, döyüş əməliyyatlarının, hərbi təşkilatlarının yürüş və döyüş düzülüşləri sxemləri, tarixi silahların fotoşəkilləri, batal miniatürləri, o cümlədən torevtika və daşişləmə sənəti nümunələri daxil edilib.

Ən qədim dövrlərdən XVIII əsrədək Azərbaycanın hərb tarixinin öyrənilməsi və müvafiq ümumiləşdirilməsinin aktuallığı, problemin Azərbaycan tarixşünaslığında konkret–tarixi və konseptual baxımdan araşdırılmaması təqdim edilən tədqiqatın mövzu və məqsədlərini şərtləndirib.

Kitab Azərbaycan Respublikası ali humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin müəllimləri, tələbə və kursantları, geniş oxucu auditoriyasi üçün nəzərdə tutulub. Eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində istifadə oluna bilər.

Tədqiq olunan məsələlər üzrə biblioqrafiya isə daha geniş və zəngindir.

AzərTac