Dekabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixli qərarı ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutuna yeni təyin edilən direktor vəzifəsini icra edən, akademik Qərib Məmmədovu kollektivə təqdim edib. Akademiya rəhbəri institutun apardığı tədqiqatların ölkənin elmi nəticələri sırasında əhəmiyyətli rola malik olduğunu vurğulayaraq elmi müəssisənin fəaliyyətini və elmi əməkdaşlığını genişləndirmək, elmi nəticələrin sayını əhəmiyyətli dərəcədə artırmaq, kadr potensialını yüksəltmək məqsədilə Akademiyanın institut qarşısında qoyduğu tələbləri diqqətə çatdırıb. Akademik Ramiz Mehdiyev qeyd edib ki, cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən institut aparıcı müəssisəyə çevrilməli, dövrün tələblərinə uyğun olaraq öz prioritet istiqamətlərini müəyyənləşdirməlidir. Yeni rəhbərə öz vəzifəsində uğurlar arzulayan Akademiya prezidenti institutla bağlı öz məsləhət və tövsiyələrini verib.
Təqdimetmə mərasimində institutun elmi işlər üzrə direktor müavini Qoşqar Məmmədov, Torpaq coğrafi informasiya sistemləri laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Amin İsmayılov, Torpaq örtüyünün strukturası laboratoriyasının rəhbəri Vilayət Həsənov, institutun Həmkarlar təşkilatının sədri Məmməd Məmmədov və digərləri çıxış edərək yeni rəhbərliyin təyin edilməsini instituta göstərilən diqqət və qayğının bir nümunəsi kimi qiymətləndirərək atılan bu addıma görə Akademiya rəhbərliyinə öz minnətdarlığını bildiriblər. Uzun illər bu müəssisədə çalışan, ömrünü torpaqşünaslığa həsr edən alimlərin nitqlərindən də dinlənildiyi kimi əvvəlki rəhbərin vəzifəsini icra etdiyi müddətdə yol verdiyi nöqsanlar, ciddi hüquq pozuntuları, ümumi alim adına xələl gətirən davranışlar, rəhbərlik olaraq qeyri-obyektiv yanaşma və müəssisəsinə göstərdiyi qayğısızlıq institutun hesabat göstəricilərinə də öz mənfi təsirini göstərib.
Yeni təyin olunmuş direktor Qərib Məmmədov da öz növbəsində akademik Ramiz Mehdiyevə bu etimadına görə öz təşəkkürünü bildirib, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcəyini və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları ilə bu sahədə uzun illlərdir sıx çalışdığını nəzərə çatdırıb.
Sonda Qarabağın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işlərinə də toxunulub.
Qarabağın bərpasında, onun təsərrüfat həyatının dirçəldilməsində üzərlərinə böyük vəzifələr düşən torpaqşünas alimlərimizə uğurlar arzulayırıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.