Ulu öndər ona inanırdı və güvənirdi
Hər kəsə çox yaxşı bəllidir ki, ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq başımıza gələn bəlaların, o cümlədən Birinci Qarabağ müharibəsindəki uğursuzluqlarımızın əsas səbəbkarı ermənilər və maraq dairələrində olduğumuz fövqəl güclər idisə, bir səbəbi də güclü, iradəli, beynəlxaq siyasət səriştəsi olan, orduya sərkərdəlik etməyi bacaran, xalq tərəfindən sevilən və seçilən, öz xalqının gücünə arxalanan və ondan ilham alan bir liderin olmaması idi. Adətən xalqlar və ölkələr sınaq qarşısında qalanda, Tanrı sevdiklərini xilas etmək istəyəndə ona xilaskar göndərir… Tanrı 200 ildən sonra xalqımızın qələbə dolu tarixini, zəfər salnaməsini yenidən yazmaq üçün ulu öndər Heydər Əliyevi bizə xilaskar obrazında göndərdi. O, millətin gələcək inkişafının üfüqlərinə işıq saldı. Azərbaycanı alovlanmaqda olan vətəndaş müharibəsindən, separatçılıqdan, dövlət olaraq parçalanıb tarix səhnəsindən yox olmaq təhlükəsindən xilas etdi.
Ulu öndər müharibənin gedişində qüvvəllər nisbətinin və kənar qüvvələrin təsir imkanları balansının xeyrimizə olmadığını zamanında dəyərləndirərək atəşkəsə nail oldu. Məşhur rus sərkərdəsi Kutuzovun təbirincə desək, Moskvanın itirilməsi, hələ Rusiyanın itirilməsi demək deyildi. Atəşkəsin qazanılması isə əslində olmayan nizami ordumuzun yaradılması, ölkə iqtisadiyyatının qaldırılması, dövlət idarəçiliyi və milli həmrəyliyin möhkəmləndirilməsi fürsəti demək idi. Mahir siyasətçi və təcrübəli dövlət xadimi olaraq ulu öndər az vaxt içərisində Azərbaycan üçün yol xəritəsi olan bu vəzifələrin çox uğurla həyata leçirilməsi üçün olduqca etibarlı təminat yarada bildi. Aparılan ağıllı və balanslı xarici siyasət, böyük dövlətlərin, beynəlxalq güc mərkəzlərinin ölkəmizə münasibəti tədricən də olsa dəyişməyə başladı. Bunlar hamısı ulu öndər Heydər Əliyevin Azərbaycan naminə, Azərbaycan xalqının gələcəyi naminə olan müstəsna xidmətləridir. Ulu öndərin daha bir çox mühüm tarixi xidməti İlham Əliyevin şəxsində özündən sonra ölkəni uğurla idarə edə biləcək bir siyasi varisin yetişdirilməsi oldu. Xatırladaq ki, dünya liderləri və tanınmış siyasətçilərdən bir çoxu İlham Əliyev kimi layiqli bir övlad, praqmatik düşüncəyə malik görkəmli siyasətçi və dövlət xaidimi yetişdirilməsini Heydər Əliyevin həm də valideyn olaraq çox böyük tarixi xidməti kimi dəyərləndirirlər. Ümummilli liderin Azərbaycan xalqına ünvanladığı 1 oktyabr 2003-cü il tarixli müraciətində özünün siyasi varisinin gücünü, zəkasını və siyasətçi kimi nəyə qadir olduğunu böyük əminliklə qeyd edərək yazırdı: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu ondərin bu sözlərinin nə qədər müdrikcəsinə və uzaqgörənliklə qələmə alındığını, başqa sözlə, Prezident İlham Əliyevin necə siyasətçi, necə dövlət başçısı və necə şəxsiyyət olduğunu bilmək üçün sadəcə bugünkü Azərbaycan reallıqlarını görmək kifayətdir. Bəli. İlham Əliyev hələ gənc yaşlarında ikən hakimiyyətə gəlməklə elə bir şam yandırdı ki, bu şamın nurundan bütün məmləkətimiz işıqlandı və bu işıqdan məmləkət insanın hər birinin həyatına pay düşdü.
Ali Baş Komandanın Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində səyləri
Azərbaycan ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslı daxili və xairici siyasət sayəsində tarixinin ən ciddi uğurlarına imza atmış oldu. Ölkənin şəhər və kəndləri öz simasını dəyişdi, bir-birinin ardınca yollar, körpülər, yol ötürücüləri tikildi, çoxsaylı iqtisadi, sosial və mədəni layihələr uğurla həyata keçirildi. Azərbaycan Avrasiyanın çox mühüm nəqliyyat və enerji arteriyalarının təşəbbüskarı, fəal üzvü və sahibi oldu. Razılaşın ki, bütün bu uğurlar qat-qat daha artıq olardı, əgər Qarabağ problemi olmasaydı. Sirr deyil ki, ötən illər ərzində ölkə büdcəsinin böyük bir hissəsi hərbi xərclərə yönəldilməkdə idi. Ordunu təkmilləşdirmək, müasir silah növləri ilə təchiz etmək, bir sözlə ölkənin müdafiə qüdrətinin müasir tələblər səviyyəsində olmasını təmin etmək Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi onun gündəlik fəaliyyətinin əsasını təşkil edirdi. Cənab Prezident və onun komandası Qarabağ probleminin sülh yolu ilə həll olunması naminə bütün nüfuzlu beynəlxalq təşkilatlarla, həmsədr ölkələrin rəhbərləri və Avropa qurumları ilə intensiv iş aparmaqda idi. Birbaşa cənab Prezidentin şəxsində Azərbaycan diplomatik istiqamətdə o dərəcədə fəal və effektli işləyirdi ki, Ermənistan tərəfi hər dəfə sıxışdırılmaqda olduğu dalandan xilas olmaq üçün adekvat olmayan addımlar atmaq məcburiyyətində qalırdı. Qarabağ probleminin beynəlxalq platformalarda müzakirəsi zamanı Ermənistan prezidenti Sarkisyan və baş nazir Paşinyanın dəfələrlə pis vəziyyətdə qaldığı artıq bütün dünyaya məlumdur.
Azərbaycan Birinci Qarabağ müharibəsini məğlub durumda başa vurmuşdu. Məğlub durumda olan ölkənin rəhbəri üçün problemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda öz ölkəsinin maraqlarını sonadək qorumaq isə əlbəttə ki, asan məsələ deyildi. Amma cənab Prezident bu çətin vəzifənin öhdəsindən bacarıqla gəlirdi. Doğrudur, həmsədrlərin iştirakı ilə davam edən danışıqların detalları geniş ictimaiyyətə izah olunmurdu. Amma, necə deyərlər, “küləyin hansı istiqamətdə əsdiyindən” xalq işlərin nə yerdə olduğunu duyurdu. Son vaxtlar Ermənistan rəhbərlərinin, o cümlədən keçmiş prezidentlər Ter-Petrosyan, Köçəryan, Sarkisyan və hazırkı baş nazir Paşinyanın verdiyi açıqlamalardan da aydın oldu ki, bəli, Azərbaycan Prezidenti ötən illər ərzində aparılan danışıqlar prosesində işğal altında olan bütün ərazilərimizin boşaldılması məsələsində, sonadək qətiyyətli olub.
Ölkəmizin belə bir lideri olduğu üçün hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir.
Cənab Prezidentin son iki-üç ildəki çıxış və bəyanatlarından da hiss olunurdu ki, Ermənistan tərəfinin sonadək status-kvonu qorumaq cəhdləri artıq onun da səbr kasasını dolub-daşmaq həddinə çatdırıb. Odur ki, cənab Prezident çıxış və bəyanatlarında artıq daha tez-tez problemin həllinin hərb variantını dilə gətirirdi.
Ermənistanın davranışı və həmsədrlərin dişsizliyi problemin hərbi həll varinatını aktuallaşdırdı
Ermənistanın qeyri-konstruktiv mövqeyi və həmsədrlərin dişsizliyi, fəaliyyətsizliyi problemin hərbi yolla həlli variantını getdikcə daha da aktual edirdi. Əfsuslar olsun ki, Ermənistan rəhbərləri Azərbaycanın öz çağırışlarında nə dərəcədə ciddi, nə dərəcədə qətiyyətli olduğunu sonadək dərk etmədi. Əksinə, hərbi ritorikanı artırmaqla cəbhə zonasında və ondan kənarda hücuma keçdilər və hərbi əməliyyatları qaçılmaz etdilər. Ermənistan tərəfinin Tovuz istiqamətində dövlət sərhədlərimizi pozmaq cəhdi və ölkəmizə diversiya qrupları göndərilməsi ilə közərməkdə olan müharibə ocağını daha da alovlandırdılar. Bu hadisələr göstərdi ki, düşmən 2016-cı ilin aprel döyüşlərinin dərslərindən hələ də lazimi nəticə çıxarmayıb. Və nəhayət, sentyabr ayının 27-də Ermənistan Silahlı Qüvvələri növbəti dəfə, özü də bir neçə istiqamətdə təmas xəttini keçməyə cəhd etdi. Beləliklə də, bu nöqtədə problemin sülh yolu ilə həll imkanları tam olaraq tükənmiş oldu. Bu, İkinci Qarabağ müharibəsinin, başqa sözlə işğalçı tərəfi sülhə məcbur etmə əməliyyatının başlanması demək idi. Bu, Azərbaycan tarixində dönüş nöqtəsi oldu.
Nəzəri baxımdan belə müharibələr siyasətin güc tətbiq olunması yolu ilə davamı olur. Müharibə adı çəkiləndə istər-istəməz ilk ağla gələn, qan, qırğın, ölüm saçan silahların gurultusu yarımçıq qalmış ömürlər, arzular, nakam talelər, nakam sevgilər, acı göz yaşı, qəm kədər olur. Xarakterindən asılı olmayaraq bütün müharibələr qanla yazılan bir tarixi ehtiva edir. Müdriklər hər zaman “yadelli işğalçılara qarşı müharibəni qanuni bir borc” hesab edib, ədalətin bərpası kimi dəyərləndiriblər. Ədalətli müharibələr hətta dini cəhətdən belə “cihad”, müqəddəs borc hesab olunur.
Müdriklərin dediyi kimi: “Allah birisinə bəla göndərməzdən öncə onun ağlını alır, sonra bəlasını verir.” Uzun illərdir ki, Allah bədnam qonşularımızın ağıllarını alsa da, bəlallarını vermirdi. Bununla da, sanki bizə səbrli olmağı təşviq edirdi. Havadarlarının fitvasına gedərək özgə torpaqları hesabına dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq kimi çürük bir ideyaya köklənib durmuşdular… Uzun illər ərzində dar günlərində ocağımızın istisindən pay alıb, sonda da torpaqlarımıza yiyələnmək üçün Bu yolla ən azı son 100 ildə xeyli ərazilərimizi ələ keçiriblər. Atalar “iştah diş altında olur”, deyib… Törətdikləri əməllərin cəzasızlığını görüb iştaha gələn düşmən getdikcə daha da azğınlaşmaqda idi.
Erməni çaxırının nəşəsindən xumarlanan erməni baş naziri özünü qəhrəman obrazında göstərmək məqsədi ilə sələflərindən daha “irəli” gedərək “Qarabağ Ermənistandır, nöqtə”, - dedi. Bununla da hadisələr pik həddə yüksəldi. Hadisələrin siyasi danışıqlar yolu ilə həllinə olan ümid sabun köpüyü kimi partladı. Çox çəkmədi ki, çaxırın və hakimiyyətin nəşəsinə uyan erməni baş nazirə nüfuzlu Valday sammitində Azərbaycan Prezidenti “Qarabağ Azərbayandır – nida işarəsi!” deməklə tərs bir sillə kimi tutarlı cavab verdi. Bu, həm də ermənilərin havadarlırına verilən cavab idi. Əgər qarşı tərəf dilin ahəng qanunlarını bilən siyasətçi olsaydı, deyilən sözün, ifadə olunan qəzəbin fonundan və formasından güzəştin olmayacağını anlamalı, deyilən qətiyyətli fikirdən nəticə çıxarmalı idi…
Düşmənə siyasi meydanda sarsıdıcı zərbə vuran cənab Ali Baş Komandanın ordu quruculuğuna olan diqqətini, hərbi məsrəflərə ayrılan xərcərləri, eyni zamanda qətiyyətlə dediyi: “Əgər Qarabağ problemi sülh yolu ilə həll edilməsə, hərb yolu qaçılmaz olacaqdır”. “Biz torpaqlarımızı heç vaxt, heç kimə güzəşətə getməyəcəyik”, “Qarabağ Azərbaycandır!” kimi bəyanatları müharibənin olacağına heç kimdə şübhə doğurmurdu. Ali Baş Komandan səbrlə irəliləyirdi. Burada bir el məsəlini də yada salmaq doğru olar: “Ovu bərəsində vurarlar”. Cənab Ali Baş Komandan da bu gedişatla ovun bərəyə, erməninin tələyə gələcəyini çox gözəl bilirdi…
Beləliklə, 2016-cı ilin aprel döyüşlərindən və Tovuz istiqamətindəki uğursuz cəhdlərindən lazımi nəticə çıxarmayan düşmənə sonuncu həlledici, öldürücü zərbə vurmaq anı gəlib çatdı. Ordumuzun sentyabrın 27-si səhər tezdən başlayan əks-hücum əməliyyatı düşməni şoka saldı. “Erməni ordusunun məğlubedilməzliyi”, “Ohanyan səddinin keçilməzliyi” barədə miflər alt-üst oldu. Azərbaycan ordusu hər saat, hər gün irəliləyərək yeni-yeni ərazilərimizi işğaldan azad etdi. Bir-birinin ardınca Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı şəhərləri düşməndən təmizləndi, Azərbaycan-İran dövlət sərhəddi tam olaraq nəzarətimizə keçdi. Madaqiz və Murov əməliyyatları Kəlbəcərə yol açdı və nəhayət noyabrın 8-də Qafqazın mirvarisi olan qədim Şuşamızda Azərbaycan bayrağı dalğalandı. Şuşanın alınması ilə cənab Prezidentimizin təbirincə desək, Ermənistan ordusunun belini qıraraq, onu diz çökdürərək yalvarmağa, kapitulyasiya aktına imza atmağa məcbur etdi.
Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı 10 noyabr tarixli birgə bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Razılaşma əsasında Ağdam, Kəlbəcər və Laçın rayonları, cənab Prezidentin öz müraciət və bəyanatlarında dəfələrlə təkrar etdiyi kimi irəlicədən müəyyən olunmuş dəqiq qrafik cədvəli əsasında, özü də bir güllə atmadan belə işğaldan azad olundu.
Beləliklə, son 200 il ərzində hissə-hissə torpaqlarını itirmiş olan Azərbaycan nəhayət ki, ərazi bütövlüyünü tam olaraq bərpa etdi. Bu tarixi qələbədir. Bu qələbənin icraçısı rəşadətli Azərbaycan ordusu, onun baş memarı və təminatçısı isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev oldu.
Xalq öz liderini daha yaxından tanıdı
Xalqının istiqbalını düşünmək, yükünü omuzunda daşımaq və nəhayət gördüyü işin məsuliyyətini duymaq heç də hər dövlət xadiminə nəsib olan xoşbəxtlik deyil. Nə yaxşı ki, tanrı ona möhkəm iradə, səbr, aydın zəka verib… Nəyi nə zaman edəcəyini dəqiq bilir...
Prezident İlham Əliyev müasir dünyanın rasional hesablama aparmağı bacaran, nadir praqmatik siyasətçilərindəndir. Dəfələrlə sübut olunmuşdur ki, onun hansı addımı nə zaman atacağını özündən başqa heç kim bilmir. İlham Əliyev ətrafındakıları və onu sevənləri yaxşı mənada təəccübləndirməyi bacaran, planlarını özündən başqa kimsənin proqnozlaşdıra bilməyəcəyi nadir siyasətçi, əsl dövlət xadimidir…
Beləliklə, danışıqlar masası arxasında dəmir məntiq, polad iradə, müqayisə oluna bilməyəcək elmi potensiala malik bir siyasi xadimlə üzləşdiklərini, dalana dirəndiklərini etiraf etmək məcburiyyətində qalanlar oldu Düşmənin belini Azərbaycan əsgərinin əzmi, cəsarəti, qorxmazlığı ilə yanaşı həm də Müzəffər Ali Baş Komandanın qətiyyəti qırdı. Dünyanın bir çox gücləri üstümüzə gəldilər… Amma, gəldikləri yerdə də dayanmaq məcburiyyətində qaldılar… Çünki qarşılarında dağ kimi İlham Əliyev səddi var idi. Müzəffər Ali Baş Komandandan güc alan Azərbaycan ordusu var idi. Prezidentin hər çıxışı, hər sözü ordumuzun, əsgərlərimizin dilində sloqana, şüara çevrilirdi, əsgərlərin döyüş ruhunu artırırdı. Qələbə əzminə əzm qatırdı. Əsgər ordunun başında iradəli bir sərkərdənin durduğunu görürdü, hiss edirdi. Döyüşən düşmənlə üzbəüz olan əsgər hər an Ali Baş Komandanın özünün də onun yanında olduğunu hiss edir, onun dəmir yumruğunun düşmən üçün nə dərəcədə qorxulu oldğunu bilərək daha böyük cəsarətlə irəli gedirdi. Ölkədə sözün əsl mənasında əvvəllər heç zaman şahidi olmadığımız milli həmrəylik və milli birlik abu-havası hökmran idi.
Yaralı Azərbaycan əsgərləri ilə görüşü zamanı Müzəffər Ali Baş Komandanın onların çəkdiyi can acılarını öz canında necə yaşadığının şahidi olduq. Əsgərin çəkdiyi ağrını, acını öz canında necə daşıdığını hiss etdik. Gördük ki, hər bir əsgərlə əsl döyüş yoldaşı, səngər yoldaşı, bir ata, qayğıkeş bir qardaş kimi davranan Prezidentimiz, Ali Baş Komandanımız var. Əsgər hiss etdi ki, onun hər bir dərdini etibar edə biləcəyi dağ qədər əzəmətli, olduqca sədaqətli bir dostu və arxa-dayağı var...
44 günlük müharibənin dərsləri
Ordumuzun 27 sentyabrda başlanan və tariximizə Vətən müharibəsi kimi daxil olan İkinci Qarabağ müharibəsi 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzalanmış olduqları birgə Bəyanatla başa çatmış oldu. Bu Bəyanat əslində Ermənistanın hərbi kapitulyasiyası idi. Beləliklə, dünya hərb tarixinin ən şanlı səhifələrindən birini yazan Azərbaycan ordusu düşmənin hərb maşınını darmadağın edib onu kapituliyasiya aktını imzalamağa məcbur etdi. Dağılan təkcə erməni ordusu deyil, eyni zamanda uzun illərdir ki ermənilərin beyinini zəhərləyən, üfunət püskürən çürük erməni ideologiyası, erməni ordusunun məğlubedilməzliyi haqda uydurulmuş mənfur erməni mifologiyası oldu. 44 günlük müharibə erməni iqtisadiyyatını tar-mar etdi. Hansı ki, mütəxəssislərin hesablamasına görə Ermənistan iqtisadi cəhətdən aldığı bu zərbəni heç 30-35 ilə də bərpa edə bilməz. Beləliklə, 2020-ci il həyatımıza pandemiya, taclı virusla mübarizə ili kimi daxil oldu. Yaddaşımıza isə illərdir həsrətində olduğumuz qələbə möhrünü vuran, həyatımızı zəhərləyən viruskimilər üzərində çalınan qələbə ili kimi yazıldı.
Bu 44 günlük müharibə bizə 30 il öncə itirdiyimiz torpaqlarımızı qaytardı. İşğal olunmuş torpaqların azadlığı uğrunda qanını töküb, canını qoyan, vətən səmasında sərgərdan dolanan şəhid ruhlarına rahatlıq verdi. Bizə yenidən özümüzü tanımaq imkanı verdi. İtirilmiş Qarabağı yenidən və birdəfəlik bizə qaytardı.
Biz bu 44 günlük müharibənin gedişində nələrin şahidi olduq? Ən başlıcası dövlətimizin qüdrətinin, güclü, peşəkar, vahid komandanın intensiv fəaliyyətinin, yüksək səviyyəli peşəkar idarəetmənin, dövlət və hökumət orqanlarının bir orqanizm kimi vahid mərkəzdən, qüsursuz idarə edilməsinin, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətandaşlarının sarsılmaz birliyini və əzminin şahidi olduq. İndiyə kimi aparılan xarici siyasətin doğru, dürüst, qüsursuz olduğunu gördük, cənab Prezidentin timsalında dövlətimizin çox sədaqətli və geniş dostlar şəbəkəsinə sahib olduğuna sevindik.
Dost, düşmən dar gündə tanınar, deyən müdriklər heç də yanılmayıblar. Biz bu 44 günlük müharibədə dünyaya “demokartiya”, “ədalət” donu biçən bəzi Avropa dövlətlərinin əslində nə dərəcədə ədalətsiz olduğunu gördük. Nə ədalət, nə də hüquq tanıdılar…Hətta fironluq eşqinə düşərək bizi təhdid etmək eşqinə düşdülər. Belələrinə Müzəffər Ali Baş Komandanının verdiyi dərs çox məntiqli və konkret oldu: “Ermənini belə çox istəyirsinizsə imkan verin öz dövlətlərinizin ərazisində ikinci erməni dövləti yaratsınlar”.
44 günlük Vətən Müharibəsi bizə əsl ədəbi qəhramanlara, kino qəhrəmanlarına bənzər igid əsgərlərimizi tanıtdı. 2783 igidimiz, torpağı Vətən, Vətəni müqəddəs edən oğllarımız ömürlərini qurban verdilər. Bir daha təsdiq olundu ki, Azərbaycan xalqı öz Vətəni, torpağı üçün canından keçməyə hazır bir xalqdır. Biz bu günlərdə oğlunun tabutunu omuzunda daşıyan ananı, ərini və qardaşını son mənzilə yola salarkən onun əsgər paltarını geyinib, “təki Vətən sağ olsun” - deyən xanımı, qardaşının cənazəsinə girən bacını gördük. Biz yaralı əsgər yoldaşını çiynində daşıyaraq düşmənlə döyüşən igidlərimizi, özü yaralıykən şəhid olmuş döyüşçü yoldaşının nəşini belinə alaraq döyüş meydanından çıxaran oğullarımızı tanıdıq.
Qürur hissi nə böyük xoşbəxtlikdir
Tanrı bizə İlham Əliyev kimi bir lideri, sərkərdəni, fatehi, tədbirli siyasətçini və nüfuzlu dövlət adamını, nəhayət, mənəvi dəyərlərə hamıdan çox üstünlük verən bir mənəviyyat sahibini, vicdan adamını yenidən, həm də daha yaxından tanımaq imkanı verdi. 44 günlük Vətən müharibəsinin demək olar ki, hər günündə xalq öz Prezidentinin dəfələrlə əsəbiləşdiyinin, kədərləndiyinin, sevindiyinin, hətta kövrəldiyinin şahidi oldu. Ali Baş Komandan hər dəfə Cəbrayılın, Zəngilanın, Füzulinin, Qubadlının azad olunması barədə qələbə müjdəsi verərkən televiziya qarşısında əyləşən yüz minlərlə insan sevinc göz yaşlarını saxlaya bilmədi. Şuşanın azad edilməsi xəbərini eşidərkən insanların sevincinin həddi-hüdudu yox idi. Hamı bir-birinə gözaydınlığı verirdi. Şuşanın işğaldan azad olunması günü cənab Prezident Fəxri Xiyabana gələrək Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, Şəhidlər xiyabanına gedərək oradan xalqa müraciət etdi. O, sonsuz qürur hissi ilə ata vəsiyyətini və şəhidlərin ruhu qarşısındakı borcunu yerinə yetirdiyi üçün özünü xoşbəxt hesab etdiyini bildirdi. Biz prezidentimizin islami dəyərlərə, müqəddəs tikililərə, milli adət və ənənələrimizə, bir sözlə mənəvi dünyamıza verdiyi yüksək dəyərin nümunəsini gördük. Gördük və onun rəhbərlik etdiyi vətənin vətəndaşı olduğumuz üçün qürur duyduq.
O insanlar qəhrəman olurlar ki, vaxtında düzgün və cəsarətli qərarlar qəbul edə bilirlər. Prezident İlham Əliyevin qurduğu Azərbaycan ordusu ilə, rəşadətli Azərbaycan əsgər və zabitləri ilə Vətən müharibəsi tarixinə bir fateh kimi, Qarabağ fatehi kimi öz adını yaza bildi. O, insanların qəlbində özünün Qarabağ boyda abidəsini ucaltmağı bacardı…
Vaxt gələcək, düşmən işğalından azad olunmuş torpaqlar tezliklə abadlaşacaq. Viran edilmiş şəhərlər, xarabazarlığa çevrilmiş kəndlər, dağıdılmış infrastruktur yenidən qurulacaq. Qədirbilən xalqımızın arzusu olaraq Qarabağda salınan yeni bir şəhər isə müasir hərb tariximizin ən şanlı sərkərdəsi, xilaskar Ali Baş Komandanımız İlham Əliyevin şərəfinə İlhamabad adlanacaq. O, şəhərin küçə və meydanlarında isə o torpaq uğrunda canını fəda etmiş igidlərimizin abidələri ucalacaq… Beləliklə, öz qan və canları ilə doğma Azərbaycanın ən yeni tarixinin şanlı səhifələrini yazmış o insanların da ruhları şad olacaq.
Qafar CƏBİYEV, tarix elmləri doktoru, professor, Əməkdar jurnalist
Elşən QƏNİ, publisist
"Xalq qəzeti"