XƏBƏRLƏR Arxiv 1481 Çap et
25.12.2020 / Mühüm hadisələr Akademik Rafael Hüseynov: "Azərbaycan 2020-ci ili xoşbəxt bir xalq kimi başa vurur"

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Mədəniyyət” kanalının “Səhərçağı” verilişinin qonağı olub.

Akademik Rafael Hüseynov müstəqillik tariximizə əbədi yazılacaq 44 günlük müharibənin xalqımız üçün əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, dünyanın digər bütün xalqlarından fərqli olaraq, Azərbaycan sıxıntılı və çətin 2020-ci ili xoşbəxt bir xalq kimi başa vurur: “Ölkəmizdə hər bir vətəndaş 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasının qələbə sevincini yaşayır. Artıq Azərbaycan insanının üzərindən qaçqın və köçkün ifadələri götürülüb. Bu xoşbəxtliyi millətimizə bəxş edən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev hər zaman xalqının yanındadır”.

Direktor qeyd edib ki, bir neçə il öncə 8 noyabr tarixinin Azərbaycan xalqı üçün ən vacib və sevincli günlərdən biri olacağını təsəvvür etmək çətin idi: “Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 17 il ərzində ölkəmizdə əldə olunan böyük yüksəliş, inkişaf və tərəqqi göz qabağındadır. Bu gün Azərbaycan qazandığı nüfuzu ilə dünyada öz sözünü deyən ölkələr sırasındadır. Müharibədə qazandığımız qalibiyyət isə bu nüfuzu bir neçə dəfə artırdı. Torpaqlarımızın erməni təcavüzundən azad olunması ilə Ulu öndər Heydər Əliyevin “Mən azərbaycanlı olmağımla fəxr edirəm” fikirləri artıq daha ləyaqətlə səslənir. İndi Azərbaycanın bütün torpaqlarında üçrəngli bayrağımız dalğalanır. Prezident İlham Əliyev xoşbəxt bir insandır ki, Azərbaycanın bu səadətinə imza atdı”.

“Hər bir zəfərin arxasında dərin zəka dayanır”, – deyə bildirən Rafael Hüseynov qələbəyə aparan yolun bütün istiqamətlərdə dərin düşüncə tələb etdiyini vurğulayıb. Akademik bildirib ki, digər tərəfdən, bu il Azərbaycan istiqlalının 29-cu ilini qeyd edir. İstiqlalımızın 29 ilindən 27-si ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin adı ilə bağlıdır. Ölkə Prezidentinin 44 günlük müharibə dövründə Azərbaycana olan çoxlu sayda təzyiqləri dəf etməsi və verdiyi müsahibələr zamanı informasiya müharibəsində bu təzyiqlərə qarşı səlis və məntiqli nitqi ilə sinə gərməsi digər cəbhədəki qələbəmizi təmin etdi.

Rafael Hüseynov əlavə edib ki, bu gün Azərbaycan xalqı 2020-ci ili müzəffər və qalib bir xalq kimi, özünəinam duyğusu artmış bir millət kimi başa vurursa, buna görə xalqımız Ali Baş Komandanımıza minnətdar olmalıdır: “Bu gün ölkəmizin bəxtiyar olmasının əsas imzaçılarından olan Prezidentimiz hamımızdan daha çox bəxtiyardır. Arzu edirəm ki, bu bəxtiyarlıq həmişə xalqımızla, millətimizlə və Prezidentimizlə olsun”.

Verilişdə Azərbaycanın Xalq artisti Azər Zeynalovun ifasında sözləri akademik Rafael Hüseynova, musiqisi isə Xalq artisti Faiq Sücəddinova məxsus olan “Səslə bizi Ali Baş Komandan” adlı mahnı səsləndirilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.