XƏBƏRLƏR Arxiv 1652 Çap et
28.01.2021 / Konfranslar, iclaslar AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Yanvarın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri və digər şəxslər iştirak ediblər.

İclası akademik Ramiz Mehdiyev açaraq yığıncağın gündəliyindəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibində problem şuralarının təşkili haqqında olub. Problem şuralarının AMEA-nın elmi bölmələri üzrə təşkil edilməsi və onlara rəhbərliyi bölmələr üzrə vitse-prezidentlərin etməsi qərarlaşdırılıb.

Bundan əlavə, AMEA-da elmi, texniki və idarəetmə sistemində işləyən əməkdaşların attestasiyasının aparılması üçün müvafiq normativ və zəruri sənədlərin hazırlanması qərara alınıb.

İclasda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul olunub, eləcə də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun strukturunda qismən dəyişiklik edilib.

Tədbirdə, o cümlədən dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyi ilə bağlı Tədbirlər planı təsdiqlənib. Eyni zamanda akademik Validə Əlizadənin 75, AMEA-nın müxbir üzvləri Bəxtiyar Məmmədov və Elşad Qurbanovun 70, İbrahim Cəfərovun isə 65 illik yubileyləri barədə qərar qəbul edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. AMEA-nın müxbir üzvü Oktay Qasımov Biofizika İnstitutunun, tarix elmləri doktoru, professor Kərim Şükürov isə A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru vəzifələrinə təsdiqləniblər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.