Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyası, AMEA-nın Qadınlar Şurası və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadın alimlər COVID-19 ilə mübarizədə ön sıralarda” mövzusunda onlayn konfrans keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya, Botanika, Fəlsəfə və Sosiologiya, Molekulyar Biologiya və Biotexnologiyalar, İdarəetmə Sistemləri institutlarının, eləcə də TƏBİB-in, Azərbaycan Tibb Universitetinin (ATU) və Bakı Dövlət Universitetinin (BDU) nümayəndələri iştirak ediblər.
Tədbiri akademik İradə Hüseynova açaraq bildirib ki, BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən, hər il fevralın 11-i dünyada “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü kimi qeyd olunur. Onun sözlərinə görə, bu günün qeyd olunması qadın və qızların elmin müxtəlif sahələrindəki rolunu gücləndirməyə xidmət edir. Akademik İradə Hüseynova diqqətə çatdırıb ki, hər il müxtəlif mövzulara həsr olunan “Qadınlar və qızlar elmdə” beynəlxalq günü 2021-ci ildə “Qadın alimlər COVID-19-la mübarizənin ön cəbhəsində” mövzusuna həsr edilib.
Qadınların və qızların elm tarixindəki roluna nəzər salan akademik 1903-2020-ci illər ərzində 57 qadının Nobel mükafatına layiq görüldüyünü söyləyib. Qeyd edib ki, hətta Polşa əsilli fransız kimyaçısı və fiziki Mariya Küri 2 dəfə bu mükafatı alıb. İ.Hüseynova 2020-ci ildə kimya sahəsində “Genom redakəsi metodunu təkmilləşdirdiklərinə görə” Nobel mükafatı almış qadın alimlər Emmanuel Şarpontie və Cennifer Dudna haqqında da məlumat verib, həmçinin böyük kəşfləri ilə dünyanı dəyişdirən qadınlardan söz açıb, riyaziyyat sahəsində Abel mükafatına layiq görülən yeganə qadın alim Karen Ulenbekdən danışıb.
YUNESKO-nun statistik məlumatlarına görə, qadınların dünya alimlərinin yalnız üçdə birini təşkil etdiyini bildirən məruzəçi bu göstəricinin hər il artdığını, beynəlxalq fondların və qrant layihələrinin qadınların elm sahəsindəki təşəbbüslərini dəstəklədiklərini vurğulayıb. Bundan əlavə, qadın alimlərin COVID-19 ilə mübarizədə yaxından iştirak etdiklərini, bu istiqamətdə tədqiqatların aparılmasında və bir sıra peyvəndlərin hazırlanmasında xüsusi rol oynadıqlarını söyləyib.
Ölkəmizdə koronavirusla mübarizədə görülən işlərin tarixçəsinə nəzər salan alim Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda bu prosesin çox erkən başladığını, nəticədə ötən müddət ərzində Azərbaycanın pandemiyadan az zərər çəkdiyini, Azərbaycan təcrübəsinin ÜST tərəfindən digər dövlətlərə nümunə kimi göstərildiyini deyib.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “COVID-19 pandemiyasının gender aspektləri və ailədaxili münasibətlər” mövzusunda geniş məruzə edib.
Sonra AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə “Pandemiya şəraitində Azərbaycanda elm və dövlət strategiyası gender kontekstində” mövzusunda çıxış edib. Alim çıxışında ölkəmizdə koronavirusla mübarizənin digər dövlətlərə nisbətən daha erkən başladığını və bunun Prezident İlham Əliyevin uzaqgörən siyasətinin göstəricisi olduğunu deyib. Qeyd edib ki, pandemiya ilə mübarizə çərçivəsində ölkəmizdə Nazirlər Kabinetini yanında Operativ Qərargah, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, dövlət qurumlarında çalışan işçilərin say həddi 30 faizədək azaldılıb və digər mühüm addımlar atılıb. O, həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə koronavirusla mübarizə çərçivəsində Qoşulmama Hərəkatının Təmas Qrupu formatında, eləcə də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşünün keçirildiyini xatırladıb. Eyni zamanda pandemiya ilə mübarizədə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu, onun xalqa müraciətlərində hər zaman insanları koronavirusla mübarizəyə səslədiyini söyləyib.
R.Mirzəzadə fevralın 11-də ICESCO tərəfindən “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirilən videokonfransda AMEA-nın əməkdaşlarının da iştirak etdiyini, mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm videoçıxışının dinlənildiyini diqqətə çatdırıb.
Tədbirdə həmçinin TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yaqut Qarayeva “COVID-19 infeksiyasının profilaktikası istiqamətində görülən işlər”, AMEA-nın Fiziologiya İnstitutunun direktoru, professor Ulduz Həşimova “COVID-19 pandemiyasının ölüm statistikasında gender fərqləri”, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun böyük elmi işçisi Aytən Ağayeva “Koronavirus paradoksu: vaksinlər və mutasiyalar, kim qalib gələcək?”, AMEA-nın gender məsələləri üzrə əlaqələndiricisi, fəlsəfə üzrə fəlsəfə doktoru Mahru Nəcəfli “Pandemiya dövründə AMEA-nın gender göstəriciləri”, Botanika İnstitutunun laboratoriya müdiri, professor Səyyarə İbadullayeva “Yeni koronavirusla mübarizədə dərman bitkilərinin rolu”, Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, dosent Lalə Mövsümova “Pandemiya dövründə qadın mənəviyyatı və elm”, TƏBİB-in İnfeksion xəstəliklərin təhlili və idarə edilməsi şöbəsinin baş mütəxəssisi Nəzrin Mustafayeva “COVID-19 pandemiyası dövründə xəstəxanaların hazırlığı və müalicə işinin təşkili”, TƏBİB-in Elmi-Tədqiqat və Təhsil Departamentinin məsləhətçisi Sevda Kərimova “COVID-19 pandemiyasının bioetik aspektləri”, ATU-nun kafedra müdiri, professor Məlahət Sultanova “COVID-19: ümidlər və reallıq”, ATU-nun Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Törə Sadıqova “COVID-19 xəstələrində exokardioqrafik dəyişikliklər” və BDU-nun Biologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Ömərova “Pandemiya şəraitində universitetlərdə elm və tədrisin təşkili” mövzusunda çıxış ediblər.
AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova tədbirə yekun vuraraq, postpandemiya dövründə Azərbaycan elmi qarşısında duran vəzifələrdən, elmin inkişafı üzrə prioritetlərdən, Azərbaycan populyasiyasının genetik strukturunun tədqiqindən, geniş yayılmış xəstəliklərin, o cümlədən infeksion xəstəliklərin qarşısının alınması məqsədilə aparılan elmi tədqiqatlardan danışıb. Alim koronavirusla mübarizədə həyata keçirilən misilsiz fəaliyyətə, Azərbaycan qadınlarının və qızlarının elm və təhsil sahəsindəki qazandıqları uğurlara, yaradılan şəraitə, onların cəmiyyətdə mühüm mövqe tutmalarına göstərdikləri daimi qayğıya və dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib. Natiq hörmətli Mehriban xanımı “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə bütün konfrans iştirakçılarının adından təbrik edib.
Daha sonra konfransda fəal iştirakına və səmərəli elmi fəaliyyətinə görə bir sıra iştirakçılar sertifikatla təltif olunublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.