XƏBƏRLƏR Arxiv 1538 Çap et
01.03.2021 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunun elmi şurasının iclası keçirilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi Şurasının iclası keçirilib. İclası açan İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev şura üzvlərini gündəlikdəki məsələlərlə tanış edib. Daha sonra AMEA-nın Rəyasət Heyətinin 08 yanvar 2021-ci il tarixli 1/2 saylı “AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması” haqda qərarını diqqətə çatdıran Ə.Hacıyev İnstitutun elmi strukturunda nəzərdə tutulan qismən dəyişikliklərin layihəsi ilə  iclas iştirakçılarını tanış edib.  Bildirib ki, struktur dəyişikliyi əsasən “Qocalmanın biologiyası” şöbəsində Bioherontologiya sektorunun yaradılması ilə bağlıdır. İnstitutda herontoloji tədqiqatların, o cümlədən yaşla bağlı xəstəliklərin fizioloji və molekulyar genetik tədqiqatlarının daha effektiv aparılması məqsədi ilə Qocalmanın fiziologiyası laboratoriyası, Neyrokimya və Görmənin fiziologiyası  elmi-tədqiqat qrupları bu sektorun tərkibinə daxil edilmişdir. Biotibb istiqamətli digər iki laboratoriyanın, Bioloji fəal maddələrin farmakologiyası laboratoriyası və İmmunofiziologiya və eksperimental transplantologiya laboratoriyasının daxil edilməsi ilə şöbənin “Biotibb” adı altında fəaliyyətini davam etdirməsi nəzərdə  tutulur. İnstitutun bəzi struktur vahidlərinin adında da qismən dəyişikliklərin edilməsi təklif edilən layihə Elmi Şuranın üzvləri tərəfindən müzakirə edilərək bir səslə qəbul edilmiş və Biologiya və Tibb Elmləri Bölməsinin Elmi Şurasına təqdim olunması qərara alınmışdır.

İclasda İnstitutun Elmi Şurasının 2021-ci ilin I yarımili üçün iş planı, magistratura təhsili üzrə attestasiyanın nəticələri müzakirə edirlərək müvafiq qərarlar qəbul edilib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.