XƏBƏRLƏR Arxiv 1677 Çap et
10.03.2021 / Mühüm hadisələr Oxford Universiteti zəlzələlərin tədqiqatına dair Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

Martın 10-da Böyük Britaniyanın Oxford Universiteti, akademiyanın Yer Elmləri Bölməsi və AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) birgə təşkilatçılığı ilə “Azərbaycan və Cənubi Xəzərin aktiv tektonikası və zəlzələlərlə bağlı birgə tədqiqatların aparılması” mövzusunda iclas keçirilib.

“Zoom” platforması üzərindən onlayn həyata keçirilən müzakirələrdə Oxford Universitetinin professorları - Richard Valker, Mike Daly və onların rəhbərlik etdikləri tədqiqat qrupunun mütəxəssisləri iştirak ediblər.

Azərbaycan tərəfindən müzakirələrdə AMEA-nın vitse-prezidenti, Yer Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirov, RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva  və Yer Elmləri Bölməsinin digər üzvləri iştirak ediblər.

İclasa moderatorluğu hər iki tərəfin təmsilçisi - Oxford Universitetinin və Azərbaycan Milli Emlər Akademiyası əməkdaşı, professor Rəşid Cavanşir edib. İclasda BP şirkətinin nümayəndələri də iştirak ediblər.

Tədbiri akademik İbrahim Quliyev açaraq bildirib ki, AMEA ilə Oxford Universiteti arasında zəlzələlərin tədqiqatı sahəsində əməkdaşlığa dair müzakirələrin vacib olduğunu qeyd edib. Zəlzələlərin öyrənilməsi sahəsində Kolumbiya, Missuri və Miçiqan universitetləri ilə əməkdaşlıq edildiyini bildirən akademik İbrahim Quliyev Oxford Universiteti ilə də səmərəli əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. Akademik ötən il AMEA və Oxford Universiteti arasında Anlaşma Memorandumunun imzalandığını da xatırladıb.

Sonra Oxford Univestetinin professorları - Phillp England, Mike Kendlli, James Jackson, Richard Valker və digərləri çıxış edərək zəlzələlərin tədqiqatı sahəsindəki tədqiqat metodlarından və əldə olunmuş nəticələrdən danışıblar. BP şirkətinin nümayəndəsi Grey Riby isə çıxışında tərəflər arasındakı  əməkdaşlığın vacibliyini vurğulayıb. Xəzər dənizi hövzəsində aparılan seysmoloji və geofiziki tədqiqatların əhəmiyyətinə toxunan Grey Riby vurğulayıb ki, bu əməkdaşlıq Xəzər dənizində baş verən zəlzələlərin daha ətraflı öyrənilməsinə də imkan verəcək.

Seysmoloji Mərkəzin şöbə müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova isə təmsil etdiyi qurum tərəfindən aparılan tədqiqat işləri, eləcə də Beynəlxalq Livermor Laboratoriyası ilə aparılan əməkdaşlıq haqqında təqdimatla çıxış edib. O, öz çıxışında RSXM-də zəlzələlərin öyrənilməsi sahəsində tətbiq edilən tədqiqat metodlarından da danışıb. 

AMEA Neft və Qaz İnstitutunun direktoru vəzifəsini icra edən, akademik Fəxrəddin Qədirovun təqdimatı isə zəlzələlərin öyrənilməsi sahəsində aparılan geodinamik tədqiqatlarla bağlı olub.

Sonda professor Rəşid Cavanşir tərəflər arasında aparılan müzakirələrin nəticəsi haqqında danışaraq bildirib ki, iclas tədqiqat metodları ilə tanışlıq baxımdan olduqca əhəmiyyətlidir. O, bu müzakirələrin tərəflər arasında qarşılıqlı əməkdaşlığa başlanması üçün səmərəli olacağını söyləyib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.