XƏBƏRLƏR Arxiv 1530 Çap et
11.03.2021 / Görüşlər Gənc alimlər erkən nikahlar və onların yeniyetmələrdə doğurduğu fəsadlardan danışıb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu gənclər və yeniyetmələr üçün maarifləndirici online görüş keçirib. Lənkəran rayonu Şovu kənd M.X.Cəbrayılov adına tam orta məktəbinin müəllim və şagird kollektivi ilə keçirilən görüş haqqında ümumi məlumat verən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Zenfira Qədimova keçirilən iclasın məqsədindən danışıb. Bildirib ki, cəmiyyətin sağlam formalaşması, yeniyetmələrin sağlam ruhda böyüməsi  üçün maariflənməyə ehtiyac var.

Daha sonra AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, AR Vəkillər Kollegiyasının üzvü, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi Könül Məmmədova məsələyə hüquqi aspektdən yanaşıb,  qanuni yolla erkən nikahların qarşısının alınmasından danışıb. K.Məmmədova onu da qeyd edib ki, Azərbaycanda erkən nikahların qarşısının alınması üçün mövcud qanunlar təkmilləşdirilib. Azərbaycan respublikasının qanunvericiliyinə əsasən 18 yaşa çatmamış şəxslər erkən yaşlı hesab edilir. Qeyd edib ki, 18 yaşdan aşağı şəxslər nikaha daxil olursa bu erkən nikah kimi qiymətləndirilməlidir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc alimlər və mütəxəssislər şurasının sədri, psixoloq Tünzalə Musayeva isə erkən nikahların arzuolunmaz nəticələrə səbəb olmasından, uşaqların psixologiyasındakı dəyişiliklərdən danışıb. Erkən nikahların xüsusən qızların fiziki və psixoloji inkişafının qarşısını aldığını bildirən psixoloq bununla bağlı məktəblərdə ciddi şəkildə maarifləndirmə aparılmalı, ailə mühitini düzgün formalaşdırmağın vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən institutun gənc alimləri  “İnteqrativ fəaliyyətin molekulyar əsasları” laboratoriyasının kiçik elmi işçisi Afaq Nurullayeva, “Ekotoksikologiya” laboratoriyasının kiçik elmi işçisi Aytən Muradova, “Uzunömürlülüyün fiziologiyası” laboratoriyasının böyük laborantı Zərnigar Qasımova, çıxış edib, sağlam ailə üçün təhsilin vacibliyi vurğulayıblar. Bildiriblər ki, qızların təhsilli olması gələcək üçün sağlam ailənin, sağlam nəslin yetişdirilməsi deməkdir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.