XƏBƏRLƏR Arxiv 1487 Çap et
15.03.2021 / Mühüm hadisələr Vətən Müharibəsi Fondu şanlı tariximizin təbliği və tədqiqi istiqamətində

2020-ci ilin sentyabr – noyabr aylarında Azərbaycan xalqının birliyi, ordumuzun rəşadəti və Ali Baş Komandanımızın qətiyyəti nəticəsində torpaqlarımızın işğaldan azad oldu. Bu çətin dövrdə Azərbaycan Milli Elmlər Akademiyası düşmənə qarşı mübarizədə səfərbər oldu və hərbi əməliyyatlar dövründə ordumuza maddi dəstəyini əsirgəmədi.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) əməkdaşları təmas xəttində yaşayan həmvətənlərimizə ianələri ilə yanaşı, humanitar yardımlar (geyim, qida, məişət əşyaları və s.) da yolladılar. Muzeyin əməkdaşları müharibə dövründə distant keçirilmiş beynəlxalq konfranslarda, müxtəlif sosial şəbəkələrdə və forumlarda erməni təcavüzkarlığı, dinc həmvətənlərimizə qarşı qadağan olunmuş raketlərlə hücumlar haqqında dünya ictimaiyyətini məlumatlandırdılar. Milli Azərbaycan Tarixi Muzeyi ordumuza dəstək durmaqla yanaşı, ideoloji işin təşkil olunmasında Ali Baş Komandanın siyasi kursunu əldə rəhbər tutub.

Vətən müharibəsi torpaqlarımızın azad edilməsi ilə başa çatdıqdan sonra döyüşlərdə iştirak edən və şəhid olan həmvətənlərimizin tanıdılması, onlar haqqında məlumatların toplanması və şəxsi əşyalarının yığılaraq gələcək nəsillərə ötürülməsi Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları üçün prioritet məsələlərdən birinə çevrildi.   

Bu münasibətlə Milli Azərbaycan Tarixi Muzeyi şəhidlərimizə məxsus materialların toplanmasına başladı. Muzeyə daxil olan materialların çoxluğu və müxtəlifliyi Vətən Müharibəsi Fondunun yaradılması zərurətini ortaya qoydu. Bu baxımdan muzeyin Elmi şurası muzeydə tarixi qələbəmizi əks etdirən bu materialların toplanması, qorunması, öyrənilməsi və təbliği üçün yeni fondun yaranması ilə bağlı mühüm qərar verdi. Bu münasibətlə 2021-ci ilin yanvar ayında MATM-da Vətən Müharibəsi Fondu təsis edildi. Qısa müddət ərzində muzeyin müxtəlif şöbə və fondlarının əməkdaşları sosial şəbəkədə əhaliyə müraciət etdilər və eləcə də  ölkəmizin müxtəlif bölgələrindən olan şəhidlərimizə aid şəxsi əşyaların, hərbi geyimlərin, sənədlərin, fotoların və s. toplanması işinə başladılar. Vətən Müharibəsi Fonduna daxil edilən belə materiallar fondun gələcək fəaliyyəti və Vətən müharibəsi qəhrəmanlarının təbliği baxımdan böyük əhəmiyyət kəsb edir.

Fonda daxil olan materiallar arasında Vətən müharibəsində xüsusi xidmətləri olan müvafiq dövlət qurumlarına aid nümunələr də vardır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Müdafiə Sənayesi Nazirliyinin şəxsi heyətlərinin geyim növləri və ləvazimatlarının nümunələrindən, tədris və ideoloji vəsaitlərdən Vətən Müharibəsi Fonduna hədiyyə etmişlər. Həmin materiallar da fondun kolleksiyasının zənginləşməsinə səbəb olmuşdur.

Vətən Müharibəsi Fonduna daxil olan materiallar arasında işğalçı ölkənin ordusundan hərbi qənimət kimi ələ keçirilmiş nümunələrə də rast gəlinir. Bu hərbi qənimətlər Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları tərəfindən 44 günlük savaşda düşmən mövqelərinin darmadağın edilməsindən sonra ələ keçirilmişdir. Belə qənimətlərin fondda olması və onların gələcək tədqiqatlara cəlb edilməsi, eləcə də sərgilərdə nümayişi ordumuzun qüdrətinin göstəricisidir.

Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən həyata keçirilən bu və ya digər sərgilər tariximizin müxtəlif dövrlərinin təbliğatı üçün xüsusi əhəmiyyət daşıyır. Odur ki, adı çəkilən fondun materiallarının gələcək sərgilərdə nümayiş etdirilməsi hərb tariximizlə yanaşı, şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi baxımından da əhəmiyyətlidir. Həmçinin Vətən Müharibəsi Fondunun materialları gələcəkdə müxtəlif televiziya layihələrinin və sənədli filmlərin çəkilməsində etibarlı mənbə rolunu oynayacaq. Müxtəlif dövri mətbuat səhifələrində şanlı qələbəmizin təbliğatı istiqamətində Vətən Müharibəsi Fondunun özünəməxsus rol oynayacağı şübhəsizdir.

MATM-dəki digər fondlar kimi, yeni yaradılmış Vətən Müharibəsi Fondunun materialları da elmi-tədqiqat işlərinə cəlb ediləcəkdir. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə aid materiallar əsasında elmi məqalələr, kataloqlar, broşürlar, kitabçalar və s. yazılması üçün də bu fond elmi resurslara malik olacaqdır. Fondun materialları hərb tarixi, hərbi jurnalistika və Qarabağ müharibəsinin tədqiqatı ilə məşğul olanlar üçün qiymətlidir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Milli Azərbaycan Tarixi Muzeyində yaradılmış Vətən Müharibəsi Fondunun materiallarının elmi-tədqiqatlara cəlb etməklə Azərbaycan xalqının qəhrəmanlıq səhifəsinin araşdırılması və vətənpərvərlik baxımından özünəməxsus rol oynayacaqdır.

Qeyd edək ki, hazırda muzeydə təşkili nəzərdə tutulan “Anadır arzulara hər zaman Qarabağ!” adlı sərgidə Vətən Müharibəsi Fondunun materialları ilk dəfə ictimaiyyətə və ziyarətçilərə nümayiş etdiriləcəkdir. Həmin sərgidə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımıza məxsus şəxsi əşyalar, hərbi ləvazimatlarla yanaşı, sənədlər və şəkillər də yer alacaqdır.

Şəfa MÖVSÜMOV, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri