XƏBƏRLƏR Arxiv 1420 Çap et
31.03.2021 / Konfranslar, iclaslar Fiziologiya İnstitutu Elm Gününə həsr olunmuş seminar keçirib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda 27 Mart - Elm Gününə həsr olunan onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini professor Əhməd Hacıyev 9 aprel 2018-ci ildə ölkə prezidentinin fərmanı ilə Elm Gününün təsis edilməsinin elmi ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını qeyd etdi və hər il bu gün alimlərin, tədqiqatçıların öz nailiyyətləri ilə cəmiyyətimizlə, xüsusilə onun gənc nümayəndələri ilə bölüşmək, elmə olan münasibəti, marağı daha da inkişaf etdirmək imkanı yarandığını vurğuladı.

Sonra tədbir universitet tələbələri və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş «DİNOZAVRLARIN YAŞIDLARI» mövzusunda elmi-populyar məruzənin təqdimatı ilə davam etdi. Bugün planetimizdə yaşayan onurğalılardan ən qədimləri sırasında olan balıqlara - nərəkimilərə - həsr olunmuş məruzə İnstitutun Ekotoksikologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qriqori Palatnikov və həmin laboratoriyanın böyük elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Sevinc Yusifova tərəfindən azərbaycan və rus dillərində gənc iştirakçıların diqqətinə çatdırıldı. Nərəkimilər haqqında tarixəqədər və tarixi mənbələrdən maraqlı məlumatlar, onların təkamülünə müxtəlif baxışlar, Xəzər dənizində yaşayan nərə populyasiyalarının müasir vəziyyəti, onların ehtiyatının qorunması və bərpası üsulları haqqında məlumatlar xüsusi maraq doğurdu.

Online tədbirə qoşulan AMEA-nın müxbir üzvü, balıqların fiziologiyası və ekologiyası sahəsində tanınmış qocaman alim, Respublikada süni balıq yetişdirilməsinin elmi əsaslarının inkişafında xüsusi rolu olan professor Rafiq Qasımovun məruzə ətrafında  çıxışı gənc iştirakçılar tərəfindən yüksək maraqla qarşılandı.

İnstitutun direktoru professor Ulduz Həşimova çıxış edərək gəncləri daha da aktiv olmağa çağırdı, gələcəkdə onların Qarabağın işğaldan azad olunmuş torpaqlarında tədqiqatların aparlması üzrə İnstitutun qarşısında vəzifələrin həyata keçirilməsində könüllülər kimi cəlb olunacaqlarının istisna olunmadığını bildirdi. Gənclərin elmə olan marağının artırılması məqsədi ilə bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi təklif olundu.

Onlayn tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Gəncə Dövlət Universitetinin tələbələri, Bakı şəhərinin bir neçə məktəb və liseylərinin şagirdləri, eləcə də Fiziologiya İnstitutunun aparıcı əməkdaşları iştirak etdilər.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.