XƏBƏRLƏR Arxiv 1440 Çap et
15.04.2021 / Mühüm hadisələr Görkəmli alim, əməkdar elm xadimi Zərifə Əliyevanın vəfatından 36 il keçir

Bu gün Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın anım günüdür

Görkəmli alimin vəfatından 36 il keçir. Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.

1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

 Akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. Azərbaycanda geniş yayılmış traxomanın profilaktikası və müalicəsi üzrə hələ gənc mütəxəssis kimi əldə etdiyi nailiyyətlər Azərbaycanda oftalmologiyanın bu sahəsinə mühüm nəzəri və praktiki töhfələr verib. Görmə orqanının peşə patologiyaları ilə bağlı apardığı tədqiqatlar isə alimi artıq keçmiş Sovet məkanında tanıdır.

Zərifə Əliyeva zəngin elmi-tədqiqat fəaliyyətində zərərli iş şəraiti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi üzrə tədqiqatlarını Azərbaycan Milli Elmlər Akademiyasının akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda aparıb. 1979-cu ildə Azərbaycan EA Rəyasət Heyətinin və Səhiyyə Nazirliyinin birgə qərarı əsasında İnstitutun tərkibində akademik Zərifə Əliyevanın rəhbərliyi altında “Görmənin fiziologiyası” laboratoriyası yaradılıb. Beləliklə, təkcə İnstitutun elmi fəaliyyətində deyil, eləcə də milli oftalmologiya məktəbinin inkişafında yeni bir səhifə açılır. Sahələrarası elmi-tədqiqat qurumu kimi Bakı məişət kondisionerləri zavodunda, kimya sənayesinin bir sıra istehsalat müəssisələrində aşağı toksikliyə malik məhsulların fəhlə və qulluqçuların görmə orqanlarına təsirinin fizioloji və kliniki aspektlərinin öyrənilməsi üzrə tədqiqatlara başlandı və az bir müddətdə oftalmologiyanın bu yeni sahəsində mühüm nəticələr əldə edildi.

 Elmi araşdırmaların nəticələri əsasında «Şin istehsalında gözün peşə patologiyası», «Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya», «Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası» monoqrafiyaları çap edilir və dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. "Terapevtik oftalmologiya”, "İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərləri onun novator tədqiqatçı kimi tanınmasında xüsusi rol oynayıb.

1981-ci ildə akademik Zərifə Əliyeva oftalmologiyanın inkişafına verdiyi böyük töhfələrə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülür.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə  heyətinin, "Vestnik oftalmologiya” (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.  

1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.

Fziologiya İnstitutunun kollektivi bu gün də böyük alim, gözəl insan Zərifə Əliyevanın əbədi xatirəsini yad etməyi unutmur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.