XƏBƏRLƏR Arxiv 1427 Çap et
19.04.2021 / Konfranslar, iclaslar Gəncə Bölməsində akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” kitabının təqdimatı olub

Akademiyanın Gəncə Bölməsində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” kitabının təqdimatı olub.

Təqdimat mərasimini Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamı dahi şairin yaradıcılığına diqqət və qayğının təzahürüdür və sözügedən sənəd elm, təhsil, mədəniyyət sahəsində qarşıya bir sıra məsul vəzifələr qoyur. Akademikin sözlərinə görə, Gəncə Bölməsində Sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün tərtib olunmuş Tədbirlər planına uyğun olaraq geniş və məqsədyönlü işlər aparılır: “Bu istiqamətdə artıq dörd kitab nəşr olunub, daha bir neçə monoqrafiya nəşr üçün hazırlanır. Akademik Ramiz Mehdiyev çox böyük filosof, tarixçi alim kimi çoxdan tanınır. Onun bir çox monoqrafiyalarının Gəncə Elm Mərkəzində təqdimatı keçirilib. Akademik Ramiz Mehdiyevin bu gün təqdimatını keçirdiyimiz “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” kitabı dahi şairin irsinin daha dərindən öyrənilməsinə sanballı töhfə, onun bütün dünyada Azərbaycan şairi kimi tanıdılmasına, ədəbi irsinin qiymətləndirilməsinə, milli kimlik və azərbaycançılıq məsələlərinə həsr olunmuş çox qiymətli elmi mənbədir. Akademik Ramiz Mehdiyevin yeni kitabında yalnız Azərbaycan Nizamişünaslarının deyil, ümumiyyətlə dünyanın müxtəlif ölkələrinin tədqiqatçılarının Nizami yaradıcılığı haqqında fikirləri şərh olunur. Kitab Nizami Gəncəvini hər yerdə fars şairi kimi təqdim edənlərə çox tutarlı cavabdır. Həmçinin dahi şairin milli mənsubiyyətinə, tərcümeyi-halına, milli kimlik və azərbaycançılıq məsələlərinə həsr olunmuş qiymətli elmi mənbədir. Akademik Ramiz Mehdiyev çox haqlı olaraq qeyd edib ki, şairin yaradıcılığını dərindən öyrəndikdə əsərlərində onun azərbaycanlı xarakterini görmək mümkündür”.

Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov isə qeyd edib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması milli-mənəvi dəyərlərimizə, dünya ədəbiyyatı tarixində çox şərəfli yer tutan şairimizə sahib çıxmanın bariz nümunəsidir. Akademik Ramiz Mehdiyevin yeni kitabında xüsusilə iki məsələnin - dünya mədəniyyətində Nizami irsi və Nizami milli özünüdərk prosesinin diqqəti cəlb etdiyini deyən alim vurğulayıb ki, nəşr Nizamişünaslığın gələcək tədqiqatları üçün dəyərli mənbə olmaqla təqdirəlayiq bir əsərdir.

Bölmənin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov çıxışında diqqətə çatdırıb ki, yeni vəsait Nizami Gəncəvini farslaşdırmağa, fars şairi hesab etməyə çalışanlara qarşı konkret dəlillər və sübutlarla cavab verən, ciddi və dərin arqumentlərlə təqdim olunan qiymətli elmi mənbədir: “Müəllif kitab üzərində 2013-cü ildən işləməyə başlayıb və keçən illər ərzində daha da təkmilləşməsinə nail olub. Əsərdə Nizami yaradıcılığının bəşəriliyi, humanistliyi və milliliyi ilə yanaşı, dahi şairin şəxsiyyəti məsələləri zəngin elmi dəlillərlə şərh edilib”.

Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təravə Verdiyeva isə bildirib ki, kitabda dahi şairin bədii irsinə hörmət və sevgi ilə yanaşan söz ustadlarının, alim və tədqiqatçıların Nizaminin dünyəviliyini, dərin zəkasını əks etdirən fikirləri, şairin məzarına olan diqqət və hörmət, zaman-zaman bərpa olunması haqqında da maraqlı faktlar yer alıb: “Əsərdə Nizaminin əlyazmalarının qorunduğu muzeylər, kitabxanalar haqqında məlumatlar da qeyd edilir. Yeni kitabın “Nizami və Azərbaycan” başlığı ilə verilmiş geniş bir hissəsi diqqətəlayiqdir. Belə ki, həmin hissədə Nizami Gəncəvinin Azərbaycan şairi olması ilə bağlı faktlar əksini tapıb. Bu, həm də dahi Nizamini fars şairi kimi qələmə verən bir çox tədqiqatçıların yanlış yozumlarına verilən cavabdır”.

Təqdimat mərasimində, həmçinin  Nizami  Gəncəvi Mərkəzinin böyük elmi işçisi Aləmzər Tağıyeva, bölmənin Aqrar Problemlər İnstitutunun Aqrobiznes və menecment laboratoriyasının rəhbəri Faiq Hacıyev, Diyarşünaslıq İnstitutunun elmi işçisi Namlet Allahverdiyev, Diyarşünaslıq İnstitutunun elmi katibi Mətanət Əliyeva, bölmənin Humanitar Tədqiqatlar İnstitutunun Ədəbiyyat şöbəsinin müdiri Ruziyyə Quliyeva, laboratoriya müdiri İmran Qasımov və başqaları çıxış edərək “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” kitabının elmi və ideoloji dəyərindən danışıblar.

Sonda Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev tədbirə yekun vuraraq bildirib ki, kitab təkcə filoloqlar üçün deyil, eyni zamanda tarixçilər, sənətşünaslar, mədəniyyətşünaslar və filosoflar üçün də qiymətli tədqiqat mənbəyidir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.