XƏBƏRLƏR Arxiv 1396 Çap et
21.04.2021 / Konfranslar, iclaslar “Naxçıvanda rəssamlıq sənətinin inkişafı” mövzusunda elmi konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və muxtar respublikanın ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Naxçıvanda rəssamlıq sənətinin inkişafı” mövzusunda elmi konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi ilə əlaqədar” 2 mart 2021-ci il tarixdə təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq keçirilən konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, Naxçıvan rəssamlıq məktəbinin nümayəndələri istər ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda daima uğurla təmsil olunub, gözoxşayan əsərlərlə diqqəti cəlb ediblər. Onun sözlərinə görə, istedadlı rəssamlarımızın yaratdıqları sənət əsərləri tarixi abidələrimiz, etnoqrafiyamız, adət-ənənələrimiz, mədəniyyətimiz və qan yaddaşımızla bağlı reallıqları gələcək nəsillərə çatdıran ən təsirli vasitədir.

Naxçıvan MR Rəssamlar Birliyinin yaranması və keçdiyi inkişaf yoluna nəzər salan akademik qeyd edib ki, fəaliyyətinin bütün dövrlərində elmin, təhsilin, mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev Naxçıvan rəssamlığına da əsl hamilik edib. Bölmə sədri muxtar respublikada rəssamlıq sənətinə göstərilən dövlət qayğısından bəhs edərək vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin zövqlə dizayn edilmiş yeni inzibati bina və emalatxana ilə təmin edilməsi, Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin, Rəssamlar Parkının salınması məhz göstərilən diqqət və qayğının ən bariz nümunəsidir. Hazırda Birliyin 40-dan artıq üzvünün səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Akademik Naxçıvan rəssamlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

Konfransda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva “Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin yaranması və dövlət qayğısı” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, başlanğıcını Gəmiqaya təsvirlərindən götürən, XII əsr Naxçıvan memarlıq məktəbinin təsiri ilə inkişafının yeni mərhələsinə qədəm qoyan Naxçıvan rəssamlıq sənəti olduqca zəngin tarixə malikdir. XX əsrin əvvəllərində Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli Naxçıvan rəssamlıq məktəbinə yeni ictimai məzmun qazandırıb, onu forma və təsvir vasitələri ilə zənginləşdirib. Sovet hakimiyyəti dövründə diqqətdən kənarda qalan Naxçıvan rəssamlığı yalnız dahi lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra inkişafının yeni mərhələsinə qədəm qoyub. Məhz ümummilli liderin təşəbbüsü ilə 1971-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı, 2000-ci ildə isə həmin təşkilat əsasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılıb.

Məruzədə Naxçıvan rəssamlıq məktəbinin zəngin tarixinə nəzər salınıb, Naxçıvan MR Rəssamlar Birliyinin fəaliyyəti, muxtar respublika rəssamları qarşısında açılan geniş üfüqlərdən, dövlət qayğısından bəhs olunub.

Daha sonra Naxçıvan Dövlət Universitetinin professoru, Xalq rəssamı Hüseynqulu Əliyevin naxçıvanlı rəssamların yaradıcılığı haqqında, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyevanın gənc rəssam kadrların hazırlanmasında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin rolu və AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı Şəmsiyyə Zalovanın müasir Naxçıvan rəssamlıq sənətində üslub və xüsusiyyətlərlə bağlı məruzələri dinlənilib. Məruzəçilər Bəhruz Kəngərli, İbrahim Səfiyev, Şəmil Qazıyev və Naxçıvan rəssamlıq sənətinin başqa nümayəndələri, onların yaradıcılığı, üslub xüsusiyyətləri, muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində müvafiq ixtisasların fəaliyyəti, gənc rəssamlarla keçirilən görüşlər, reallaşdırılan layihələr və digər mövzularla bağlı fikir bildiriblər. Vurğulanıb ki, yaradılan hərtərəfli şərait muxtar respublika rəssamlarına daha böyük şövqlə yaratmağa stimul verir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.