XƏBƏRLƏR Arxiv 1506 Çap et
08.05.2021 / Mühüm hadisələr Fiziologiya İnstitutu ilə Gömrük Komitəsinin hospitalı arasında memorandum imzalanıb

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının nümayəndə heyəti ilə görüş keçirilib. 

Görüşdə İnstitutun direktoru, biologiya elmləri doktoru, professor U.Həşimova bütün dünyanı gərgin vəziyyətdə saxlayan COVİD-19 pandemiyası ilə mübarizədən danışıb.

Fiziologiya İnstitununun COVİD-19 xəstəliyinə qarşı mübarizədə fəal iştirak etdiyini qeyd edən U.Həşimova ölkə Prezidentinin tapşırıqlarının ciddi şəkildə icra edildiyini, elmi-təşkilati fəaliyyətin tənzimlənməsi istiqamətində müəyyən işlərin görüldüyünü, laboratoriyaların iş planlarında müvafiq dəyişikliklərin edildiyini vurğulayıb. Professor onu da bildirib ki: “İnsan orqanizminin hər hansı bir infeksiya, o cümlədən COVİD-19 ilə mübarizəsində həlledici rolu immun sistemi oynayır. Pospandemiya dövrü üçün müvafiq elm sahələrinin, o cümlədən immunofiziologiyanın qarşısında mühüm məsələlər durur. Immun sisteminin populyasiya səviyyəsində öyrənilməsinə xüsusi diqqət verilməlidir. 

Son illərdə İnstitutda fəaliyyətə başlayan “İmmunofizologiya və eksperimental transplantologiya” laboratoriyasının elmi istiqamətinin orqanizmin immunofizoloji aspektlərinin öyrənilməsi olduğunu bildirən alim, qeyd edib ki, immunofiziologiya fiziologiya ilə fundamental və klinik immunologiyanın kəsişməsində formalaşmış nisbətən yeni elm sahəsidir. Bu laboratoriyanın iştirakı ilə Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı arasında elmi əlaqələrin möhkəmləndirilməsi, koronavirus pandemiyası ilə bağlı Respublikada epidemioloji vəziyyətin statistik materiallar əsasında təhlili üzrə birgə işlərin aparılması nəzərdə tutulur.

Görüşün sonunda akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.