XƏBƏRLƏR Arxiv 1414 Çap et
07.06.2021 / Mühüm hadisələr Akademik Ramiz Məmmədov vəfat edib

Görkəmli coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vəfat edib.

Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olmuşdu. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdi. O, elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdı.

Alim 1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Xəzər elmi-tədqiqat stansiyasının müdiri vəzifəsində çalışmışdı. 1985-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə Geologiya, 1989-cu ildə isə Coğrafiya İnstitutunda fəaliyyətini davam etdirmişdi. 1991-ci ildə Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildə isə bu müəssisənin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdı. O, 2012-ci ildən AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru idi. 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildən isə AMEA-nın həqiqi üzvü idi.

R.Məmmədovun rəhbərliyi altında 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanmışdır.

Tanınmış coğrafiyaçı alim, akademik Ramiz Mahmud oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Qeyd edək ki, akademik Ramiz Məmmədov II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.