XƏBƏRLƏR Arxiv 1365 Çap et
16.06.2021 / Yeni nəşrlər Qurtuluş yolunun memarı

Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi.

Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqram teleqram ardınca göndərilir, böyük siyasi xadim Heydər Əliyev dar ayaqda Azərbaycan xalqının harayına çatmağa dəvət edilirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək istəyirdi. Belə bir ağır, çıxılmaz vəziyyətdə Azərbaycan xalqı yeganə ümidini Heydər Əliyevə bağladı, ölkənin düşmüş olduğu ağır bəlalardan yalnız onun zəkası sayəsində xilas ediləcəyinə inanırdı. Tarixi prosesləri araşdırdıqca bir daha aydın olur ki, Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı bizi milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi.

1990-cı illərin əvvəlində Azərbaycan olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya idi və faktiki olaraq siyasi, iqtisadi böhran dərin tənəzzülə yol açmışdı. Belə bir şəraitdə həm müstəqilliyin qorunub saxlanılması, həm də milli dirçəlişin təməlinin qoyulması istiqamətində Ulu öndər Heydər Əliyev misilsiz xidmətlər göstərdi.  "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", - deyən Ümummilli lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz".  Heydər Əliyev öz xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dinamik inkişafın təməlini qoydu. Bununla da ölkədə davam edən gərginlik və qarşıdurma səngidi, Azərbaycan vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu uğurla və ardıcıl şəkildə həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, digər vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin mükəmməl konsepsiyasını yaratdı. Dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf yoluna çıxdı. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı. Onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilmişdi. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin təşkili, mətbuatda senzuranın aradan qaldırılması, yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin yaradılması kimi köklü islahatlar məhz Heydər Əliyevin siyasi iradəsi, həmçinin məqsədyönlü fəaliyyəti sayəsində mümkün olmuşdu. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı.

Ulu öndər Heydər Əliyevin qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün göstərdiyi böyük fədakarlıqlarından, müstəsna xidmətlərindən biri də özündən sonra ölkəmizə layiqincə rəhbərlik edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı - siyasi varis yetişdirməsindədir.

Azərbaycan xalqının dahi öndəri Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri, İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm".

"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - ifadəsi İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir.

Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün müasir dövrün tələbləri və reallıqlarına müvafiq surətdə uğurla davam etdirilir. İlham Əliyevin hakimiyyəti həmin qranit dövlətçilik pyedestalı üzərində ucalır. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək Prezident İlham Əliyevin dövləti idarəetməsinin əsasını təşkil edir. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdilər. Öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub işğalçı Ermənistan deyil, bütün dünya gördü. Qüdrətli Azərbaycan ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər tarixi yazdı. Öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub işğalçı Ermənistan deyil, bütün dünya gördü.

Bizim üçün böyük fəxrdir ki, möhtərəm Prezident və rəşadətli ordumuz nəticəsində torpaqlarımız erməni daşnaqlarından azad olundu. Azərbaycan 2021-ci ilə iqtisadi inkişaf hədəflərini açıqlayıb və qarşıda ölkə iqtisadiyyatını yenidən qaldırmaq, inkişaf etdirmək, 30 il ərzində məhv edilmiş Qarabağ torpaqlarını yenidən dirçəltmək kimi şanlı missiya dayanır. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq Azərbaycanı yeni zirvələrə dogru aparmaqdadır. Xüsusilə Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi zəfərin misli-bərabəri yoxdur. Rəşadətli ordumuz vətən torpaqlarından işğalçı vətənsizləri qovaraq Azərbaycanın ərazi bütövlüyünü, toxunulmazlığını təmin etdi. Prezident İlham Əliyevin adı böyük Xilaskar, Qəhrəman kimi tariximizə əbədi həkk olundu.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru

“525-ci qəzet”