AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun “Ekotoksikologiya” laboratoriyasının baş elmi işçisi, biologiya elmləri doktoru Xədicə İsmayılova, institutun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, institutun doktorantı Məhəmməd Rza Məcidi və “Ekotoksikologiya” laboratoriyasının elmi işçisi Fərhad Rüstəmovun həmmüəllifliyi ilə PubMed tərəfindən indeksləşdirilmiş “Journal of Clinical and Translational Research” jurnalında (Sinqapur) məqalə çap olunub.
“Audiogenik stresə qarşı yüksək həssaslığı olan siçovullarda alınan qıcolmalara fluoksetinin təsiri” adlı məqalədə məqsəd antidepresant olan fluoksetinin Vistar siçovullarında qıcolmalara təsirini araşdırmaq olub.
Təcrübədən əvvəl siçovulların yüksək səs altında qıcolmaya həssaslığı öyrənilib, heyvanlar 2 qrupa ayrılıb: qıcolmaya həssas və qıcolmaya davamlı. Daha sonra qıcolmaya həssas olan siçovullar üzərində tədqiqat aparılıb. Belə ki, həmin siçovullara fluoksetin verilmiş və nəticədə antidepresantın kəskin tətbiqi zamanı audiogenik stimula məruz qalan siçovullarda qıcolma tutmaları nəzərə çarpacaq dərəcədə zəifləməşdir.
Məqalədə monoaminlərin metabolizmasına təsir göstərən farmakoloji maddələrin monoaminergik mexanizmlərin öyrənilməsində böyük praktik əhəmiyyət kəsb etdiyi qeyd olunur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.