XƏBƏRLƏR Arxiv 1346 Çap et
22.06.2021 / Konfranslar, iclaslar Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının iclası keçirilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının onlayn formatda 4-cü iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, problem şurasının sədri akademik İradə Hüseynova açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb.

Sonra problem şurasının elmi katibi, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva dissertasiya mövzularının təsdiqi üçün tibb üzrə 14 işin müzakirəyə çıxarıldığını bildirib. Azərbaycan Tibb Universiteti II Cərrahi xəstəliklər kafedrasının dosenti, tibb elmləri doktoru, dosent Rasim Cəfərli tibb üzrə dissertasiya mövzularını təqdim edib.

Akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədr müavini, Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev, AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu Kliniki neyrofiziologiya laboratoriyasının müdiri, tibb elmləri doktoru, professor Əli Allahverdiyev, Azərbaycan Tibb Universitetinin Histologiya, embriologiya, sitologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Eldar Qasımov, Bakı Dövlət Universiteti Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən, fizika elmləri doktoru, professor Rövşən Xəlilov, Genetik Ehtiyatlar İnstitutunun Ekobotanika və sistematika şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hüceyrənin membran sistemləri laboratoriyasının müdiri, Fotobioenergetika laboratoriyasının müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev, AMEA-nın Botanika İnstitutu Etnobotanika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva və başqaları iştirak ediblər.

İclasda 14 mövzudan beşinin adında düzəliş edilməklə, bütün işlər müsbət qiymətləndirilərək qəbul olunub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.