22-23 iyun 2021-ci il tarixində Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyası (IAGG), Argentina Herontologiya və Heriatriya Cəmiyyəti və Argentinanın Herontoloji Assosiasiyası 2022-ci ildə keçiriləcək Dünya Konqresi ərəfəsində onlayn Beynəlxalq IAGG Konqresi təşkil edib. Konqres fundamental herontologiya, heriatrik praktika, qocalmanın demoqrafik aspektləri, ahıllara tibbi-sosial yardım, onların sosial vəziyyəti və cəmiyyətdəki roluna həsr olunub. Bundan başqa konqres zamanı COVİD-19 pandemiyasının yuxarı yaş qruplarına təsiri və onlarda yaranan problemlərin həlli yollarını tapmağa xüsusi diqqət ayrılıb.
İngilis dilində keçirilən konqresə dünyanın ən aparıcı herontoloji və heriatrik mərkəzlərindən iştirakçılar qatılıb.
Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyası Prezidentinin dəvəti ilə konqresin işində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova Azərbaycan Herontoloqlar Cəmiyyətinin sədri kimi iştirak edib.
Konqresin davamı olaraq 24 iyun 2021-ci tarixində Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyası Şurasının iclası keçirilib. İclas zamanı Beynəlxalq Assosiasiyanın rəhbərliyinin və İcraiyyə Komitəsinin hesabatları səslənib. Daha sonra Assosiasiyanın Nizamnaməsində bir neçə dəyişikliklər edilməsi və Assosiasiyaya yeni beş cəmmiyətin qəbulu ilə bağlı səsvermə keçirilib. Səsvermə prosesində 70-dən çox ölkənin Herontoloji Cəmiyyətlərinin sədrləri və nümayəndələri iştirak ediblər. Professor Ulduz Həşimova Azərbaycan Herontoloqlar Cəmiyyətinin sədri kimi səsvermədə iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.