XƏBƏRLƏR Arxiv 1435 Çap et
01.07.2021 / Yeni nəşrlər Süni intellektin tətbiqi ilə ağciyər xərçəngini erkən aşkarlamağa imkan verən tədqiqatlar aparılır

AMEA-nın Biofizika İnstitutunun AR Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə insan ağ ciyər karsinoması üzrə tədqiqatları uğurla davam edir.

Bu günlərdə birgə tədqiqatların nəticəsi olaraq Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev, Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Biofizika İnstitutunun elmi işçisi Arzu Aydəmirova, Milli Onkologiya Mərkəzi və Biofizika İnstitutunun birgə laboratoriyasının rəhbəri Leylaxanım Məlikovanın həmmüəllifliyi ilə “Süni intellekti qan plazmasının FÇİQ spektrlərinə tətbiq etməklə insan ağciyər xərçənginin klassifikasiyası” adlı məqaləsi impakt faktoru 3.898 (Clarivate Analytics, 2020) olan “Applied and Computational Mathematics” jurnalında çap edilib (Appl. Comput. Math, 2021, v.20, 277-289).

Sözügedən tədqiqat işi AMEA Rəyasət Heyətinin, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin, o cümlədən Biologiya və Tibb Elmləri Bölməsinin iclaslarında geniş müzakirə edilib və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Məqalədə göstərilib ki, süni intellekti sağlam və ağciyər karsinoması xəstələrinin qan plazmalarının FÇİQ spektrlər toplusunun analizinə tətbiqi ilə yaradılan model sağlam və xəstə nümunələri 80-90% dəqiqliklə klassifikasiya etməyə imkan verir.

Hazırda bu iş Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzinin birgə səyi ilə daha da inkişaf etdirilir. Məqsəd maşın öyrənməsini genişləndirməklə xərçəngin klassifikasiyasını daha da yaxşılaşdırmaq və qeyri-invaziv skrininq metodu kimi ağciyər xəstələrinin erkən aşkar edilməsinə tətbiq etməkdir. 

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.