XƏBƏRLƏR Arxiv 1373 Çap et
02.07.2021 / Mühüm hadisələr Akademik İradə Hüseynova: Silahlı Qüvvələrimiz Azərbaycan xalqının əyilməz ruhunun və dövlət müstəqilliyinin qarantıdır

Düşmən tapdağı altında qalmış doğma Qarabağ torpaqlarının 44 günlük müharibə nəticəsində işğaldan azad edilməsi bu il keçirilən hər bir milli bayrama, o cümlədən Silahlı Qüvvələrimizin yaranma gününə xüsusi bir dəyər qazandırıb. Müstəqillik dövründə ilk dəfədir ki, xalqımız Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və müzəffər ordumuzun, şəhid və qazilərimizin sayəsində bu gözəl bayramı qalib ölkə kimi qürur hissi ilə, böyük sevinc içində keçirdi. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu son 18 il ərzində Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, yüksək sərkərdəlik məharəti, hərb elminə, döyüş strategiyası və taktikalarına kifayət qədər bələd olması, fitri istedadı və məqsədyönlü fəaliyyəti sayəsində dünyanın ən mütəşəkkil və ən güclü silahlı qüvvələrindən birinə çevrilib.

Bunu AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova söyləyib. Akademik bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra demək olar ki, ordu yaradıcılığına sıfırdan başlamaq məcburiyyətində qalmışdı. Sovetlər dönəmində xalqımızın övladları öz əsgərlik borclarını əsasən tikinti batalyonlarında yerinə yetirirdilər. Çox az sayda azərbaycanlı gənc hərbi təhsil ala bilirdi və yüksək rütbələrə qədər inkişaf etmək imkanı əldə edirdi. SSRİ-nin nüfuzlu ali hərbi məktəblərinə qəbul olunmaqda bir sıra çətinliklər mövcud idi. Hələ 1970-ci illərdə gələcəkdə milli hərbi kadrlara ehtiyac olacağını uzaqgörənliklə hiss edən ulu öndər Heydər Əliyev bütün mövcud imkanlardan maksimum istifadə etməklə vəziyyəti dəyişmək istiqamətində ciddi fəaliyyətlərə başlamışdı.

Ümummilli Liderin milli kadr potensialını gücləndirmək siyasətinin ən önəmli istiqamətlərindən biri məhz müxtəlif ixtisaslı yerli hərbi personalın, komanda heyətinin hazırlanması olmuşdu. Dahi rəhbər Heydər Əliyev qarşıya çıxan maneələri böyük səbir və müdrikliklə aşmağı bacardı və hər il yüzlərlə gənci keçmiş ittifaqın hərbi təhsil ocaqlarına göndərdi. Ulu Öndər bununla da kifayətlənməyib, respublikada hərbi orta və ali təhsil sisteminin yaradılmasını təşkil edə bildi. Təkcə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yüksəkixtisaslı zabit kadrların hazırlığında xidmətlərini xatırlamaq kifayətdir ki, görülən işlərin miqyası təsəvvür edilə bilsin.

Beynəlxalq standartlara uyğun müstəqil milli ordu quruculuğu məhz Ulu Öndərin xalqın çağırışı və dəstəyi ilə respublikaya ikinci dəfə rəhbərlik etdiyi dövrə təsadüf edir. Böyük strateq və sərkərdə o dövr üçün mümkün olan hər şeyi etdi, nəticədə silahlı qüvvələrin yaradılması, gücləndirilməsi, maddi-texniki təminatı, dost ölkələrlə birgə hərbi təlimlərin keçirilməsi kimi sahələrdə mühüm uğurlara imza atıldı. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə ordunun yenidən qurulması daha da inkişaf etdirilib, beynəlxalq standartlara uyğun genişmiqyaslı struktur və texnoloji islahatları aparılıb. Məhz Ulu Öndərin uzaqgörən siyasəti və ölkə rəhbəri İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bu gün müstəqil Azərbaycan dövləti regionda ən güclü orduya malikdir.

İradə Hüseynova qeyd edib ki, ötən 18 il ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir qərarının, atdığı hər addımın böyük ustalıqla tarixi Qələbənin təmin olunmasına hesablandığını görürük. Həmin qərarlardan bir çoxunun həqiqi mahiyyəti məhz şanlı Qələbəmizdən sonra aydın olub. Uzun illər ərzində Vətən müharibəsinə hazırlıq bütün istiqamətlərdə aparılıb. Diplomatiya və informasiya cəbhələrində qazanılan uğurlar, iqtisadiyyatın, o cümlədən müdafiə sənayesinin məqsədyönlü inkişafı, düşmənin təxribatlarına anında verilən layiqli cavablar, beynəlxalq təşkilatlar və böyük dövlətlərlə münasibətlərin yaxşılaşdırılması, haqq işimizin qlobal miqyasda təsdiqi istiqamətlənmiş addımlar bu fikrə əyani sübutdur.

Son illərdə məhz dağlıq şəraitində döyüşlərdə istifadə edilməsi uğur gətirə biləcək ən müasir silahlar alınıb, şəxsi heyətin təlim səviyyəsi gücləndirilib, müvafiq döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik yeni hərbi hissələr, xüsusi təyinatlı bölmələr tam hazır vəziyyətə gətirilib. Bir sıra dövlətlərlə, xüsusilə qardaş Türkiyə Respublikası ilə müttəfiqlik münasibətləri ən yüksək səviyyəyə qaldırılıb. Zərgər dəqiqliyi ilə planlaşdırılan və həyata keçirilən fəaliyyətlər, görülən tədbirlər, məqsədyönlü bəyanatlar gec-tez öz bəhrəsini verməli idi və verdi də. Qeyd etmək yerinə düşər ki, tarixi ədalətin, haqqın və beynəlxalq hüququn Azərbaycanın tərəfində olması Müzəffər Ali Baş Komandana qüvvə verən, məqsədin dönməzliyini təmin edən əsas amillər sırasında ilk yerləri tutub.

Bu gün ordumuzun komandanlığının, əsgər və zabitlərimizin vətənpərvərliyi, peşəkarlığı, nəzəri və praktiki hazırlığı, silahlı qüvvələrin maddi-texniki təchizatı ən yüksək səviyyədədir və daim yaxşılaşdırılır. Azərbaycan Ordusu qarşısına qoyulan istənilən vəzifəni uğurla yerinə yetirmək, dövlətimizin ərazi bütövlüyünə və müstəqilliyinə göz dikənlərin cavabını layiqincə verə bilmək qüdrətinə malikdir. Biz elə bir qonşu ilə eyni regionu bölüşmək məcburiyyətindəyik ki, bu günə kimi heç zaman tarixdən dərs almayıb, doğru yola dönəcəyinə, qonşu dövlətlərlə və torpaqlarla bağlı haqsız iddialardan və terror siyasətindən əl çəkəcəyinə inam çox azdır.

Məlumdur ki, Kiçik Qafqazın böyük ərazisinin Ermənistan tərəfindən işğalı, burada aparılan hərbi əməliyyatlar və işğalçıların qadağan edilmiş silahlardan istifadəsi nəticəsində bölgənin unikal biomüxtəlifliyinə, təbii landşaftlarına, torpaq və meşə örtüyünə, su mənbələri və suvarma sistemlərinə ciddi ziyan vurub. İşğal nəticəsində ümumən kənd təsərrüfatı sisteminə və eləcə də regionda aparılan aqrar tədqiqatlara ciddi ziyan dəyib, mövcud imkan və resurslardan xalqımızın rifahı naminə istifadə etmək mümkün olmayıb. Bu gün də Ermənistanla bağlı milli təhlükəsizliyi təhdid edən müxtəlif amillər mövcuddur. Ermənilər tərəfindən dağıdılaraq viran qoyulmuş Qarabağın “cənnətə çevrilməsi”, eyni zamanda, regionda hərtərəfli elmi tədqiqatların aparılması, talan edilmiş biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının bərpası, mühafizəsi və səmərəli istifadəsi yalnız Ordumuzun gücünə, müdafiəsinə arxalanmaq şərti ilə mümkündür.

Sonda bir daha ölkə Prezidentinin hər birimizin qəlbini fərəh hissi ilə dolduran sözlərinə müraciət etmək istərdim: “Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, ədalətin təntənəsi idi. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Düşməni elə rəzil vəziyyətə qoyduq ki, onlar bizim qabağımızda diz çökdülər, ağ bayraq qaldırdılar və məcbur olub kapitulyasiya aktına imza atdılar. Biz güclü iradə göstərdik, cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq. Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq”.

“Millətini, dövlətini sevən hər bir şəxs bu çıxışı dəfələrlə, dönə-dönə dinləməkdən, oxumaqdan yorulmaz, əksinə, buradakı hər bir söz, hər bir ifadə bütün dünya azərbaycanlılarının ürəyindən, ruhundan gəlməklə sevinc üzərinə sevinc gətirir, hər birimizin qəlbində fəxarət hissi doğurur, xalqımızın, dövlətimizin xoşbəxt gələcəyinə, Ulu Öndərin dediyi kimi, Azərbaycanın müstəqilliyinin əbədi olacağına sonsuz inam yaradır. Bu xoşbəxt gələcək üçün Azərbaycan alimləri də elmimizin bütün resurslarını səfərbər etməklə üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlməyə, milli məfkurəni yaşatmağa və inkişaf etdirməyə, haqq işimizi bütün əlaqədar müstəvilərdə durmadan təbliğ etmək, elm cəbhəsində də xalqımıza və ordumuza layiq qələbələr qazanmaq istiqamətində yorulmadan çalışmağa hazırdırlar”, - deyə akademik İradə Hüseynova fikrini yekunlaşdırıb.

AzərTac