XƏBƏRLƏR Arxiv 1352 Çap et
15.07.2021 / Konfranslar, iclaslar Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycan mətbuatı” adlı növbəti məşğələsi keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycan mətbuatı” adlı növbəti məşğələsi keçirilib.

Tədbirdə millət vəkilləri, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA Rəyasət Heyətinin aparat rəhbəri, AMEA prezidenti katibliyinin rəisi, tanınmış media nümayəndələri və İkinci Qarabağ müharibəsində şəhid olmuş jurnalistlərin yaxınları iştirak ediblər.

Lektoriyanı giriş sözü ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev bildirib ki, dekabr ayından fəaliyyət göstərən lektoriyada ulu öndər Heydər Əliyevin bütün istiqamətlər üzrə həyata keçirdiyi tədbirlərə, gördüyü işlərə nəzər salınır.

O, ümummilli lider Heydər Əliyevin Azərbaycan jurnalistikasının inkişafında hər zaman xüsusi xidmətləri olan şəxsiyyətlərdən olduğunu vurğulayıb. Ulu Öndərin KİV-lərin cəmiyyətdə rolunu hər zaman yüksək qiymətləndirdiyini, ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirdiyini söyləyib.

M.Əliyev 1875-ci ildə Həsən bəy Zərdabinin redaktoru olduğu “Əkinçi” qəzetinin fəaliyyətə başlaması ilə əsası qoyulan Azərbaycan mətbuatının uzun bir yol keçərək müasir inkişaf səviyyəsinə nail olduğunu bildirib. Baş direktor 22 iyul - Milli Mətbuat və Jurnalistika Gününü bu il ilk dəfə olaraq qalib xalq kimi qeyd etdiyimizi deyib, bu əlamətdar gündə Birinci və İkinci Qarabağ müharibəsində öz xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olmuş jurnalistlərimizin anılmasının önəminə toxunub.

Sonra çıxış edən AMEA Rəyasət Heyətinin üzvü, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Azərbaycan mediasının dövlət siyasətinin geniş şəkildə işıqlandırılmasında xüsusi rola malik olduğunu qeyd edib. O, xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan həqiqətlərinin, eləcə də ölkə Prezidenti İlham Əliyevin çıxışlarının, müsahibələrinin dünyaya çatdırılmasında medianın əvəzsiz xidmətlər göstərdiyini diqqətə çatdırıb. Alim bu gün Azərbaycan cəmiyyətinin inkişafı, maarifləndirilməsi baxımından böyük imkanlara malik olan media nümayəndələrinə bundan sonrakı şərəfli fəaliyyətlərində uğurlar arzu edib.

G.Baxşəliyeva son ildə MEK-in fəaliyyətində nəzərəçarpacaq müsbət dəyişikliklərin müşahidə olunduğunu qeyd edib, tədbirin yüksək səviyyədə təşkilinə görə rəhbərliyə təşəkkürünü bildirib.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ümummilli lider Heydər Əliyevin ölkə mətbuatının inkişafına göstərdiyi dəstəkdən, qəbul etdiyi qanun, sərəncam və fərmanlardan bəhs edib. Qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Onun sözlərinə görə, Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb: “Mətbuat orqanlarının azad fəaliyyəti üçün yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə plüralizmin genişləndirilməsinə, müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi isə milli mətbuat ənənəsinin davam etdirilməsinə yol açdı”.

Sonra Ə.Amaşov müəllifi olduğu bir neçə kitabı MEK-ə hədiyyə edib.

Daha sonra “Ədalət” qəzetinin baş redaktoru, Azərbaycanın Əməkdar jurnalisti, millət vəkili Aqil Abbas çıxış edərək Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna qısa nəzər salıb. Maarifçilik ideyalarının, dövlət siyasətinin təbliğində jurnalistlərin əməyini yüksək dəyərləndirən A.Abbas qarşıdan gələn bayram munasibətilə media işçilərini təbrik edib, onlara xoş arzularını çatdırıb.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Babaoğlu bildirib ki, ulu öndər bütün fəaliyyəti dövründə milli mətbuatımıza bağlı olub, onun həyata keçirdiyi funksiyaya yüksək dəyər verib. Hər zaman mətbuatın ölkəmizin inkişafı, milli-mənəvi dəyərlərimizin formalaşması, mədəniyyət, elm və incəsənətimizin tərəqqisində əvəzsiz xidmətləri olduğunu vurğulayıb.

H.Babaoğlunun sözlərinə görə, Heydər Əliyev müsahibə və çıxışlarında, jurnalistlərlə görüşlərində azad mətbuatın rolunu yüksək qiymətləndirib, onu demokratiyaya aparan yolun mühüm vasitəsi hesab edib. “Azərbaycan mətbuatı milli dilimizi qoruyub, zənginləşdirib, jurnalistikanın açıq söz demək cəsarətini gücləndirib”, - deyə bildirən H.Babaoğlu bütün bunların ulu öndərin təşkilatçılığı və rəhbərliyi ilə baş verdiyini qeyd edib. Ümummilli lider jurnalistlərin mənzillərlə təminatı, maddi vəziyyətinin yaxşılaşdırılması məsələlərini daim diqqətdə saxlayıb, onlara hər zaman öz dəstəyini göstərib.

Əlavə edib ki, ulu öndər ölkədə, ilk növbədə sabitliyə, sabitlik fonunda demokratik dəyərlərin formalaşmasına nail olub, azad mətbuat, azad fikrə qayğını siyasi fəaliyyətinin əsas parametrlərindən sayıb: “Prezidentin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı əsasında senzura siyasəti dayandırılıb, fərmandan sonra Azərbaycanda söz azadlığı, azad mətbuat modeli mühüm inkişaf istiqamətinə qədəm qoyub.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, Əməkdar jurnalist, professor  Şəlalə Həsənova, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd, eləcə də “AZƏRTAC”ın şəhid müxbiri Məhərrəm İbrahimovun qardaşı, Report.az-ın redaktoru Əsgər İbrahimov H.Əliyevin Azərbaycan jurnalistikasının inkişafı üçün gördüyü işlərdən və mətbuatımızın inkişaf tarixindən danışıblar. Bildirilib ki, Həsən bəy Zərdabi dövründən miras qalan, ümummilli liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılan milli mətbuat ənənələri  bu gün də demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları olan kütləvi informasiya vasitələri tərəfindən uğurla davam etdirilir.

Sonda MEK tərəfindən H.Zərabi ideyalarını layiqincə davam etdirən və kitabxananın elmi fəaliyyətini işıqlandıran media nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.