Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransın birinci paneli keçirilib.
Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə keçirilən tədbirin bu panelinə Bursa Uludağ Universitetinin (UU) professoru Mehmət Yücə sədrlik edib.
Paneldə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynov, Qafqaz Universitetlər Birliyinin sədri Ramazan Korkmaz, azərbaycanlı professorlar Şahin Fazil, Cəfər Qiyasi və dosent Yusif Əliyevin çıxışları dinlənilib.
Çıxışlarda alimlər Nizami Gəncəvi ədəbi məktəbi və poetik ənənələri XIII-XX əsrlərdə Şərq və Qərb mədəniyyətlərində, şairin qəzəllərinə yanaşmalar, Nizaminin memarlıq düşüncələri kontekstində Azərbaycanın Səlcuqlar dövründəki memarlıq mövzularında fikir və düşüncələrini bölüşüblər.
Diqqətə çatdırılıb ki, Nizami Gəncəvinin elmi əsaslara söykənən ədəbi yaradıcılığı daim tədqiqatçılar üçün cəlbedici olmuş, geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunub.
Azərbaycanda doğulan və doğma vətənində yazıb-yaradan dahi Azərbaycan şairi Nizami Gəncəvi gələcək nəsillərə “Xəmsə” adlanan poetik əsərlər toplusunu miras qoyub. Vurğulanıb ki, Nizami Gəncəvinin əsərlərinin beynəlxalq aləmdə sürətlə yayılmasının və sevilməsinin başlıca səbəbi onun mövzu və süjetlərinin dünyəvi olmasıdır.
Qeyd edək ki, konfrans çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Nizami Gəncəvinin əsərləri əsasında çəkilmiş rəsm əsərlərindən ibarət sərginin açılışı olub. Sərgi iyulun 30-dək ziyarətçiləri qəbul edəcək.
AzərTac