XƏBƏRLƏR Arxiv 1516 Çap et
29.07.2021 / Mühüm hadisələr Lənkəran Regional Elmi Mərkəzinin alimləri iki yeni sitrus bitkisi üzərində tədqiqat aparırlar

AMEA Lənkəran Regional Elmi Mərkəzində çay və sitrus bitkiləri üzərində də elmi-tədqiqat işləri davam etdirilir. Son illər bu sahədə bir sıra uğurlara imza atan mərkəz ənənəvi sitrus sortları ilə yanaşı, region üçün yeni olan sitrus meyvələrinin də yerli mühitə uyğunlaşdırılması və daha məhsuldar sitrus sortlarının yaradılması ilə bağlı tədqiqat işləri aparır. Bu yaxınlarda daha 2 yeni sitrus bitkisi üzərində elmi-tədqiqat işlərinə başlanıb.

AMEA Lənkəran Regional Elmi Mərkəzinin çay və subtropik bitkilər şöbəsi Azərbaycanda mövcud olan sitrus bitkilərinin sort formalarının toplanması, öyrənilməsi, seçilməsi, yeni sortların yaradılması ilə məşğuldur. Əsas məqsəd həm də gələcəkdə bu sortların artırılaraq təsərrüfatlarda tətbiq edilməsidir. Elmi Mərkəzin “Sitrus kolleksiya bağı”nda Yaponiya, İran, Türkiyə və Rusiyanın Krasnodar vilayətindən gətirilən 12 növ limon, 7 naringi, 4 portağal, 4 qreypfrut və 3 quayava sort formaları olmaqla 30 növ sitrus bitkisi üzərində elmi-tədqiqat işləri aparılır. Elmi mərkəz bu məqsədlə daha 2 yeni sitrus bitkisi əldə edib.

“Sitrus kolleksiya bağı”ndakı yeni növ sortlar barədə məlumat verən AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru Fərman Quliyev deyib: “Müxtəlif sitrus bitkilərinin, xüsusən də limon, naringi, portağal, qreypfrut və digər bitkilərin sort formaları toplanıb, nömrələnib və bu bağ salınıb. Bağın hazırda elektron xəritəsini hazırlayırıq. Bu günlərdə yeni sitrus bitkilərindən bizim şəraitdə yetişdirilməyən 2 növünü əldə etmişik. Biri laymdır, digəri isə berqamot. Gələcəkdə bunu biz artıracağıq. Əgər yaxşı nəticə versə, məhsulun keyfiyyətini bizim şəraitdə becərmə imkanlarını öyrənəndən sonra biz bunu tətbiq edə bilərik”.

Berqamot ağacının xüsusiyyətlərinə gəlincə boyu, böyüklüyü, yarpaqlarının şəkli, çiçəklərinin rəngi ilə digər sitrus bitkilərinə, xüsusilə limona bənzəyir. Hündürlüyü 2 metrdən 10 metrədək çatır. Dadına, içindəki toxumların sayına və meyvənin qabığına görə fərqlənən berqamotun gülü, qabığı və yarpaqları efir yağı mənbəyidir”.

Elmi işçi Aqil Həsənov: “Gətirdiyimiz berqamot “kastanyaro” bitkisidir. Azərbaycanda bundan bu günədək becərilməyib. Ona görə də bizim məqsədimiz bu bitkini gətirib Lənkəran-Astara bölgəsində əkməkdir. Sitrus bitkiləri qəşəng inkişaf edir və bol məhsul verir”.

Laym bitkisi limon kimi ildə bir dəfə deyil, bütün ilboyu bar verir. Bundan başqa, limonun saxlanma müddəti bir neçə ay olsa da, laymın saxlama müddəti 2 həftədir. Dadına görə daha turş olan bu meyvədən istər qida kimi, istərsə də təbabətdə daha geniş istifadə olunur.

Laym bitkisinin müxtəlif növlərinin olduğunu söyləyən Aqil Həsənov deyib: “Gələcəkdə bunun digər növlərini də gətirmək fikrindəyik. Onların fenoloji müşahidələri, çiçəkləməsi, boy atması tədqiqat olunacaq. Soyuğa, xəstəliyə və ziyanvericilərə qarşı davamı öyrəniləcək”.

Ümumiyyətlə, AMEA-nın seleksiya bağında bu müddət ərzində aparılan elmi-tədqiqat işləri öz bəhrəsini verməkdədir. Yeni yaradılan 4 sitrus və subtropik bitki Lənkəran “meyeri” limonu, “karli” tezyetişən naringi və iki quayava sortu ötən il Aqrar Xidmətlər Agentliyinə sort sınağına təqdim edilib. Gələcəkdə ölkəmizdə olmayan digər sitrus bitkilərinin də sort formaları əldə olunub, yerli şəraitə uyğunluğu öyrəniləcək.

AzərTac