XƏBƏRLƏR Arxiv 1211 Çap et
08.09.2021 / Mühüm hadisələr Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri Süleyman Allahverdiyev “Qlobal Enerji” mükafatına layiq görülüb

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının və Rusiya EA Bitki Fiziologiyası İnstitutunun İdarə olunan fotobiosintez laboratoriyasının müdiri, b.e.d. Süleyman Allahverdiyev “Qlobal Enerji” mükafatına layiq görülüb.

Qeyd edək ki, bu il dünyanın 36 ölkəsindən bu mükafata namizəd göstərilən 94 alimdən üçü qalib olub. Mükafata layiq görülən digər iki alim Rusiya EA Sibir Bölməsi Kömür və Kömür Kimyası üzrə Federal Araşdırma Mərkəzinin Kömür Kimyası və Kimya Materialşünaslığı İnstitutunun direktoru Zinfer İsmaqilov və Stanford Materialşünaslıq və Energetika İnstitutunun baş elmi işçisi İ.Suy olublar.

Süleyman Allahverdiyev alternativ enerji sahəsinin inkişafına verdiyi töhfələrə, süni fotosintez sistemlərinin layihələşdirilməsində əldə etdiyi elmi nailiyyətlərə, bio və hidrogen enerjisi üzrə apardığı elmi işlərə görə “Qeyri-ənənəvi energetika” nominasiyasında mükafata layiq görülüb.

Zinfer İsmaqilov Karbon materiallarının kimyası və iqlim dəyişkənliyi ilə mübarizə sahəsində,  amerikalı alim İ. Suy isə energetika üçün nanomaterialların hazırlanması sahəsində əldə etdikləri nailiyyətləri ilə fərqləniblər. Mükafat fondu 39 milyon rubldur. Mükafatın təqdim olunma mərasimi oktyabr ayında Rusiya energetika həftəsində keçiriləcək.

Qeyd edək ki, mükafat energetika sahəsində aparılan tədqiqatları dəstəkləmək məqsədilə 2002-ci ildə Rusiya alimlərinin təklifinə əsasən təsis olunmuş beynəlxalq “Qlobal Enerji” assosiasiyası tərəfindən verilir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.